“Onlara mitinq yox, siyasi şou, provokasiya lazımdır”
Milli Şura növbəti mitinqini noyabrın 2-də saat 15:00-a təyin edib. Bu barədə sosial şəbəkələrdə canlı yayıma çıxan qurumun əsas söz sahibi, AXCP sədri Əli Kərimli məlumat verib. O, icazə üçün Bakı Şəhər İcra Hakimiyyətindən “28 May” metrostansiyasının yaxınlığındakı meydanı və ya “Məhsul” stadionunu istəyəcəklərini söyləyib.
AXCP lideri bu yerlər verilməzsə, 19 oktyabrdakı kimi şəhərin mərkəzində aksiya keçirəcəklərini bildirib.
Artıq 2 noyabr mitinqi ətrafında ciddi müzakirələr getməyə başlayıb. Hökumətin bu aksiyaya icazə verib-verməyəcəyi ilə bağlı suallar var. Eyni zamanda, şəhərin mərkəzində bir daha 19 oktyabrdakı kimi gərginliyin yaşanmaması üçün hakimiyyətin Lökbatanda deyil, ən azından “Məhsul”da mitinqə icazə verə biləcəyi ehtimallar arasındadır.
YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə hesab edir ki, Mili Şuranın mitinqlərinin arxasında başqa niyyətlər dayanır: “Azərbaycanda kütləvi aksiyaların keçirilməsinə hər hansı məhdudiyyət yoxdur. Amma icazə verilib-verilməyəcəyi yerli icra hakimiyyətindən asılı olan bir məsələdir. Onlar bu məsələyə cavab verməlidirlər. Hesab edirəm ki, onlara mitinq yox, siyasi şou, provokasiya lazımdır. Onlar bu yolu seçiblər. Düşünürlərsə ki, bu yolla Azərbaycan dövlətçiliyini laxlatmaq olar, bununla xaricdən gələn tapşırıqları, siyasi sifarişləri yerinə yetirə biləcəklər, çox böyük səhv edirlər. Azərbaycan hüquqi dövlətdir. Məsələlərə də bu tərzdə yanaşılır. Onlara kütləvi aksiyalar keçirmək üçün cavabı yerli icra hakimiyyəti verəcək. Onların addımlarından asılı olaraq da, hakimiyyət öz münasibətini göstərəcək. Mitinqlərin keçirilməsi bizlər üçün qeyri-adi bir şey deyil. Azərbaycanda vaxtaşırı mitinqlər və piketlər keçirilir. Müxalif qüvvələr bununla öz mövcudluqlarını yada salmaq, sosial bazalarını göstərməyə çalışırlar. Buyursunlar. Bu məsələdə hər hansı məhdudiyyət yoxdur”.
AĞ Partiya başqanı Tural Abbaslı mitinqlərə istənilən yerlərin birində icazə verilməsinin vacibliyini vurğuladı: “Əslində iqtidarın mitinqlərə qeyri-rəsmi olaraq qadağa qoyması doğru deyil. Bu qərar cəmiyyətdə və siyasi arenada gərginliyin artmasına və qarşıdurma mühitinin yaranmasına xidmət edir. Hansı ki, bunun ən bariz nümunəsini 19 oktyabrda gördük. Belə razılaşdırılmamış aksiyalar müxalifətdən çox, iqtidarın əleyhinə işləyir. Bütün bunları dəyərləndirəndə iqtidarın mitinqlərə razılıq verməməkdə israrı anlaşılan deyil. Əslində bu ilin yanvarına qədər ”Məhsul" stadionunda mitinqlərin keçirilməsinə heç bir əngəl yaradılmırdı və düşünmürəm ki, bu mitinqlər iqtidarın mövqelərini də silkələyirdi. Ancaq, görünən odur ki, iqtidara kimlərsə bu istiqamətdə məsləhət verib və onlar da ziyanlı belə olsa, buna əməl edirlər. Düşünürəm ki, hakimiyyət bu dəfə Milli Şuranın mitinq müraciətinə müsbət cavab verməlidir. Əgər “Məhsul” stadionunda imkan yoxdursa, Bakının digər 12 rayonunda kifayət qədər uyğun və standartlara cavab verən məkanlar mövcuddur. Ümumiyyətlə, siyasətdə məsələlərə təhdid, şantaj və bu kimi tərzlərlə yanaşmaq yanlışdır. Əminəm ki, icra hakimiyyəti bu mitinq müraciətinə müsbət cavab versə, çox normal və sakit şəkildə mitinq baş tutacaq. Bu da cəmiyyətdə süni şəkildə alovlandırılmış gərginliyi azaldacaq. Yox, insanlara, partiyalara normal mitinqlər keçirməyə şərait yaradılmayacaqsa, onda vəziyyət daha da gərginləşəcək. Bu da öz növbəsində prosesləri arzuolunmaz və idarəolunmaz macəraya sürükləyə bilər. Ölkəmiz çox həssas və təhlükəli dönəmdən keçir. Düşünürəm ki, belə məqamda həm iqtidar, həm də müxalifət üzərlərinə düşən məsuliyyəti doğru, düzgün dərk etməli və adekvat addımlar atmalıdırlar. Hər kəsin ilk və tam məqsədi güclü, müstəqil və bütöv Azərbaycan olmalıdır. Qalan digər məsələlər isə həll olunandır". //musavat.com//