Narinin qətli ilə bağlı yeni etiraf: "Əmisi Salim Güran mənə təzyiq etdi"
Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gün sonra kənd yaxınlığındakı dərə yatağında çuvalın içində meyiti tapılan səkkiz yaşlı Narin Güranın istintaqı davam edir.
İstintaq çərçivəsində nəzarətə alınan və aralarında Narin Güranın anası, atası, iki böyük qardaşı, dörd əmisi və həbs olunan əmisi Salim Güranın arvadının da olduğu 23 şübhəlidən biri sərbəst buraxılıb. Digər 22 şübhəlinin dindirilməsinə başlanılıb.
Bu barədə Mozalan.az "Sondakika.com"a istinadən xəbər verir.
Məlumata görə, proses zamanı qətlə bağlı istintaqın gedişatını dəyişəcək yeni etiraf gəlib. Daha əvvəl axşam saat 18:40-da Narini gördüyünü iddia edən 17 yaşlı qız yalan danışdığını etiraf edib.
"Narini görməmişəm. Salim Güran "Bu saatda Narini gördüyünü deyəcəksən" deyə təzyiq etdi. Qorxdum, ona görə belə dedim", - deyə gənc qız bildirib.
Daha əvvəl Narinin qohumları tərəfindən ölümlə hədələnən adlı müxbir uşağı axşam saatlarında kiminsə görməsi ilə bağlı açıqlamaların qəsdən verildiyini və bunun ssenari olduğunu iddia edib.
Həmçinin dindirilən 22 nəfərin kim olduqları da açıqlanıb.
Bunlar Salim Güranın işçisi M.S. (40 yaş), işçinin oğlu R.S. (15 yaş), Salim Güranın işçisi Ö.Y., Narinin əmisi oğlu U.G. (24 yaş), əmisi oğlu O.G. (23 yaş), əmisi qızı M.G. (15 yaş), əmisi qızı B.G. (19 yaş), əmisi oğlu M.K. (23 yaş), əmisinin nəvəsi D.G. (22 yaş), atası A.G. (44 yaş), anası Y.G. (44 yaş), qardaşı E.G. (18 yaş), əmisinin arvadı M.G. (46 yaş), əmisinin arvadı M.G. (39 yaş), bibisi A.K. (40 yaş), xalasının əri M.Ş. (44 yaş), əmiləri Ö.F.G. (29 yaş), B.G. (37 yaş), F.G. (42 yaş), K.Q. (31 yaş), M.G. (40 yaş) və H.İ.G.-dir.
Eyni zamanda, Narin Güranın cəsədinin tapılmasından sonra canlı yayımda göz yaşlarına boğulan TV100 müxbiri Canan Altıntaş da "Bir şey gördüm, amma deyə bilmirəm" sözlərinə açıqlama verib.
"Narinin həyatda olmadığını hiss etmişdim. Bir şey gördüm, amma təfərrüat verə bilmirəm, çünki bu, istintaqa zərər verə bilər. O kənddəki hamı ilə tanış oldum və dediklərim istintaqa təsir edə bilər", - deyə müxbir bildirmişdi.
Canan Altıntaş günlər sonra gördüyü hadisəni izah edib. O, Narin tapıldıqdan bir gün əvvəl kənddə bəzi qadınların qapının qarşısında "Yasin" oxuduğunu gördüyünü bildirib.
"Yasin" adətən ölülər üçün oxunur", - deyə o, vurğulayıb.