Sep 01

Prezidentin köməkçisi: "Minsk qrupunun ləğv edilməsinin vaxtı çoxdan yetişib"

"Azərbaycan işğalçı dövlət olmayıb. Azərbaycan həmişə beynəlxalq hüququn norma və prinsiplərindən çıxış edərək qonşu dövlətlərlə münasibətdə bu meyarı əsas tutub. Amma Ermənistan işğalçı dövlət olub. Biz İkinci Dünya müharibəsindən sonra beynəlxalq münasibətlər sisteminə baxdıqda görə bilərik ki, işğalçı, təcavüzkar olan çox azsaylı dövlətlər var, onlardan biri də Ermənistandır".

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev səsləndirib.

İraq-Küveyt müharibəsindən sonra İraq silahlı qüvvələrinin inkişafı ilə bağlı müəyyən məhdudiyyətlər olduğunu xatırladan Prezidentin köməkçisi deyib: "Hesab edirik ki, bu kimi proporsional məhdudiyyətlər Ermənistan silahlı qüvvələrinə də tətbiq olunmalıdır".

Ermənistan baş nazirinin Minsk qrupunun ləğvi məsələsi ilə bağlı şərhində yenə də yalana və təhriflərə yol verdiyini vurğulayan H.Hacıyev bildirib: "Minsk qrupunun ləğv edilməsinin vaxtı çoxdan yetişib, belə bir təsisata heç bir lüzum yoxdur. Ermənistanın bu təsisatı gündəmdə saxlaması və bu istiqamətlə səylərini davam etdirməsi ona dəlalət edir ki, İrəvan münaqişənin bitməməsi təəssüratını yaradaraq Qərbdə onu dəstəkləyən tərəfdarları ilə müəyyən təsir vasitəsini əlində saxlamağa cəhd göstərir". Paşinyanın Ermənistan ilə Azərbaycan konstitusiyalarının müqayisəsi ilə bağlı fikirlərinə də toxunan Prezidentin köməkçisi deyib: "Ermənistan konstitusiyasında müstəqillik haqqında akta uyğun olaraq Azərbaycana qarşı ərazi iddiaları, yəni, Qarabağın Ermənistana birləşdirilməsini ehtiva edən məqam hələ də qalmaqdadır. O müddəa dəyişdirilməyincə iki dövlət arasında sülh müqaviləsinin əldə olunmasında ciddi problemlər görürük. Ermənistan cəmiyyəti özü də konstitusiyanı dəyişdirərək məhz o müddəanı, o istinadı oradan götürərək sülh şəraitində yaşamaq istəyini bir daha təsbit etməlidir. Amma Azərbaycan Konstitusiyasında heç bir dövlətə qarşı ərazi iddiaları olmayıb və bu, Azərbaycan xalqının haqlı iradəsini əks etdirən bir sənəddir. Bu müqayisəni də biz yalnız söz oyunu kimi dəyərləndiririk. Ona görə də Ermənistan baş nazirinə və siyasi rəhbərliyinə tövsiyə ondan ibarətdir ki, bu kimi söz oyunlarındansa, real sülh gündəliyinin irəli aparılması, məhz region dövlətlərinin iştirakı ilə sülh gündəliyinin dəstəklənməsi istiqamətində addımlar atsınlar".

Bənzər xəbərlər

Gündəm

0.041769027709961