Aug 15

HAMIMIZ BİR BEZİN QIRAĞIYIQ…

Seymur VERDİZADƏ

Əgər öz ölkəmizdə perspektiv görmürüksə, övladlarımızın Avropada, Amerikada yaşamağını arzulayırıqsa, deməli, mövcud idarəçilik sistemində problem var.

Mən özümü tənqidçi jurnalistikanın ən fəal nümayəndələrindən biri hesab edirəm. Tənqiddən qorxmaq lazım deyil.

Sovet ideoloqlarının təbirincə desək, sağlam tənqid müvəffəqiyyətin rəhnidir.

Bizi idarə edənləri başa düşdük; onlar əllərinə keçən fürsətdən istifadə edib, xalqı talamaqla məşğuldurlar.

Bəs, bizlər necə, öz əməllərimizdə ədalətliyikmi? Doğrudanmı, hamımız süddən çıxmış qaşıq kimi təmizik?

Adam tanıyıram ki, ziyalıdır, amma həmişə ziyanlı sözlər danışır. Elmlə məşğul olan, özünə alim deyən adamların çoxu intellektual əməyini satmaqla məşğuldur.

Bu alimlərin sayəsində Milli Məclis üzvlərinin 70-80 faizi, icra başçılarının, polis rəislərinin, prokurorların yarısından çoxu fəlsəfə doktorudur.

Arxada gün-güzərandan, dolanışıqdan şikayətçi olsalar da, mikrofon görəndə 40 ilin yaltağının qarnına iki təpik vururlar. Bu “xəstəliyin” müalicəsi yoxdur. Yaltaqlıq onların qanına işləyib…

Jurnalist var ki, ayda 600-700 AZN məvacib alır, amma barda bir gecədə 700 manat xərcləyən prokuror oğluna vəkillik edir.

Jurnalist tanıyıram ki, icra başçısının qorxusundan doğma ata-anasının problemini işıqlandıra bilmir, amma hər gün qəzet səhifələrində Putinə, Trampa barmaq silkələyir…

Elə bilirsiniz, sadə peşə adamları öz əməllərində çox dürüstdürlər?

Bəlkə düşünürsünüz ki, onlar hər dəfə su içəndə başlarını göyə qaldırıb, Uca Allahın varlığına şükür edirlər?

Yox, əşşi! Biz hamımız bir bezin qırağıyıq…

Qəni adlı bir tanışım var, taksi sürücüsü işləyir. Qəni ona görə rüşvət almır ki, ona rüşvət verən yoxdur. Amma əlinə xam adam keçəndə, 5 manatlıq yol üçün 10 manat alır.

May ayında bir dostumun dəvətiylə onların rayonuna qonaq getmişdim. Qayıdanda uşaqlara bir az meyvə almaq istədim.

Elə həmin dostumun həmkəndlisinə 5 kiloqram göycə alçası sifariş verib, bazar qiymətiylə pulunu ödədim.

Səliqə ilə bağlanmış qutunu evdə açanda məlum oldu ki, 5 kiloqram alçanın içində bircə dənə də göycə yoxdur…

Axşam süfrə arxasında haqq-ədalətdən dəm vuran bu adam əlinə düşən ilk fürsətdə guya çıxışlarını maraqla dinlədiyi, yazılarını həvəslə oxuduğu jurnalisti aldatdı.

Əmin olun ki, onu bələdiyyə sədri seçsələr, ilk işi öz həmkəndlilərinə qan uddurmaq olacaq.

Belə adamlar dədələrinin uyuduğu qəbiristanlığı puldan ötrü hansısa fermerə satıb, örüş yerinə çevirməyə hazırdırlar.

Əvvəllər bizim məhəlləyə qatıq satan bir arvad gəlirdi.

Südə su qatmağı bir yana, qatığın üstünə “salfetka” qoyub, qaymaq əvəzinə camaata sırıyırdı. Hamı onu Allahsız adam kimi tanısa da, Allahın adı dilindən düşmürdü…

Qəssab tanıyıram ki, 7 bala doğmuş inəyin ətini müştərilərə dana əti adıyla sırıyır…

Usta var ki, təmir etdiyi avtomobilin üstündəki saz hissələri çıxarıb, yerinə ordan-burdan ucuz qiymətə aldığı yararsız hissələri bağlayır…

Demək istədiyim odur ki, heç birimiz süddən çıxmış qaşıq deyilik. Amma bu, məmurlara bizimlə istədikləri kimi davranmağa, yəni, südümüzə su qatmağa əsas vermir…

Bənzər xəbərlər

Gündəm

0.053618907928467