DÜNYA RUSİYANIN DAĞILMASINA HAZIR OLMALIDIR!
Son 10 ildə Rusiya təhlükəsi ABŞ-ın xarici siyasət sahəsi üzrə ekspertlərinin və dövlət məmurlarının düşüncələrində əsas yeri tutur. Bu qorxu Rusiya hökumətinin ABŞ-dakı 2016-cı il seçkilərinə müdaxiləsi ilə xüsusilə böyüyüb.
Xüsusi məsələlər üzrə keçmiş prokuror Rober Müller deyib: “Bu, yeganə cəhd olmayıb. Onlar bununla indi də məşğul olurlar. Və ruslar bunu növbəti seçki kampaniyasında da etmək niyyətindədirlər…”
Bəs Rusiya üçün böyük təhlükə ABŞ-dır?
Rusiya üçün ən böyük təhlükə isə, əslində nə ABŞ, nə də hər hansı digər xarici hökumət yox, məhz elə Rusiyanın özüdür?
Vladimir Putinin keçmiş sovet ərazilərini ilhaq etmək istiqamətində fəaliyyətlər göstərməsi, xarici dövlətlərin infrastrukturlarına koordinasiyalı şəkildə kiber hücumlar təşkil etməsi, həmçinin də ölkə daxilindəki demokratik haqların müdafiə səviyyəsini aşağı salması Rusiyanı güclü göstərə bilər.
Lakin əsl həqiqətdə bugünkü Rusiya həm 1613-1917-ci illərdə mövcud olmuş Romanovlar imperiyasından, həm də Sovet İttifaqından əhəmiyyətli şəkildə zəifdir.
Rusiyanın ən böyük problemi – onun daxilidir! Bu geniş Avrasiya ölkəsi bütün əhalini əhatə edəcək milli özünəməxsusluq yarada bilməyib. Milyonlarla Rusiya vətəndaşı öz dövlətinə qarşı etibalı münasibət göstərmir. Çünki Moskvanın yerli seçkilər üzərindəki sərt nəzarəti zəifləyən kimi bu qruplar müstəqillik tələb edəcək. Moskvanın sərt siyasəti isə Putinin prezident olmadığı zaman mümkün ola bilər.
Antropoloji, tarixi və politoloji yanaşma ilə demək olar ki, Putini qorxuya salan saatlı separatizm bombası 10, 20 ildən, maksimum 30 ildən sonra partlayacaq.
Nəyə görə?
Üç ciddi səbəb var:
Birincisi - Rusiya daxilində separatizm impulsları güclüdür. Biz hələ cəmi iki nümunə göstərək: Rusiyanın mərkəzindəki iki etnik muxtar respublika olan Tatarıstan və Başqırtıstan.
Onların güclü milli təşkilatları var - “Azatlık” (Tatarıstan gənclər ittifaqı) və “Başkir Kuk Bure” (Səma qurdu). Həmin təşkilatlar bu regionun digər türkdilli və fin-uqor millətçilərini ittifaqa dəvət edirlər. Onlar hələ də Kazanın 1552-ci ildə İvan Qroznı tərəfindən zəbt olunmasını qəzəblə qeyd edirlər. Digər tərəfdən isə 1990-cı və 2000- ci illərin əvvəlindəki Rusiya-Çeçenistan müharibəsini görmüşük. Bu müharibənin gedişində minlərlə insan öldürüldü.
Rusiyadakı sepratçı hərəkatlar qanlı və uzunmüddətli ola bilər. Söhbət təkcə etnik azlıqlardan getmir. Zəngin təbii resurslara malik Sibirdəki, həmçinin də Ural və Uzaq Şərqdəki etnik ruslar bir neçə dəfə öz müstəqilliklərinə nail olmağa cəhd ediblər.
Putinin varisi dövründə ölkədəki sərt vahidliyin öz yerini separatçılıq gündəliyinə güzəştə gedəcəyi istisna deyil. Rusiyanın növbəti rəhbərinin kim olacağını yalnız ehtimal etmək olar. Həmin adamı öz prezidentlik müddətinin sonunda şəxsən Putin seçəcək. Putinin müxtəlif qruplar və regionlar üzərində həyata keçirdiyi sərt nəzarəti onun varisinin də saxlaya biləcəyi hələlik məlum deyil. Güclü ictimai institutların olmadığı Rusiyada bu cür nəzarət səviyyəsi, ölkənin bütöv halda mövcudluğunu təmin etmək üçün çox vacibdir.
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin yəqin ki, öz məşhur sözünün reallaşacağını görəcək: “Hələ ki, Putin varsa, Rusiya da var; Putin yoxdursa, Rusiya da yoxdur!”.
İkincisi – Rusiyanı birləşdirən ideologiya öncəki gücünə malik deyil. Putinin köməkçisi Vladislav Surkov iddia edir ki, Rusiya yeni tarixi fazaya daxil olub: burada söhbət “Putinin uzun dövləti”ndən, qlobal ideologiyadan gedir.
Əslində Putinizm özündə Avrasiya mədəniyyətini bütöv yox, qeyri-sabit və dayanıqsız şəkildə təcəssüm etdirir. Rusiyanın ultramühafizəkar filosofu Aleksandr Duqin Avrasiyaçılığı “dördüncü siyasi nəzəriyyə” adlandırır.
Avrasiyaçılıq düşüncə məktəbidir və 1920-ci ildə anti-kommunist əhval-ruhiyyəli rus emiqranları arasında meydana gəlib. Bu düşüncəyə görə Rusiya sivilizasiya kimi xüsusi bir məsih rolunda çıxış edir. Dördüncü siyasi nəzəriyyə liberalizmə qarşı yeni səlib yürüşü kimi faşizmdən və kommunizmdən “yaxşı” olanları götürür. Duqin kommunizmdən ateizmi, faşizmdən isə rasizmin çıxarılmasını təklif edir və bildirir ki, onları ümumi bir missiyada birləşdirmək lazımdır.
Bu cür ideologiya nə qədər qorxulu görünsə də, onu əvvəllər Rusiyada iki hakim ideologiya olmuş çarizmlə və marksizm-leninizmlə bir cərgəyə qoymaq olmaz.
Rus xalqı bir neçə əsr ərzində çarın müqəddəsiliyini real həyat bağlarıyla təmin edib. Müstəmləkəçilikdən sonrakı dövrdə marksizm və leninizmin maddi nemətlər bolluğunun bərabər bölüşüdürülməsi ideyası bir çox ölkədə real populyarlıq qazanmışdı. Bizim müasir zamanımızda isə populizmlə yoğrulmuş dini millətçilik liberalizm üçün daha ciddi təhlükə sayılır, nəinki rus avtoritarizmi və ya putinizm.
Üçüncüsü - Rusiyadakı indiki intellektual və iqtisadi vəziyyət çar imperiyası və ya Sovet İttifaqı ilə müqayisədə xeyli dərəcədə solğundur. Çar rejimi dövründə avropalılar Rusiyaya gedib universitetlərdə dərs keçir, elmi araşdırmalar aparır və öz müəssisələrini açırdılar.
Sovet hökumətinin repressiya və vəhşiliklər törətməsinə baxmayaq, mövcud rejimə qarşı çıxmayan aparıcı alimlər üçün komfortlu həyat yaradırdılar. İndiki Rusiyada ali təhsil və elm fəlakətli yoxsul vəziyyətdədir. Ölkə iqtisadiyyatı təbii resursalara söykənib. Modernləşdirmə aparılacağının heç bir əlaməti görünümür. Bir qədər normal fakt odur ki, Rusiya elitası nümayəndələrinin övladları Qərbdə oxumağa üstünlük verirlər.
Dünya Rusiyanın dağılmasına hazır olmalıdır. ABŞ və onun yaxın müttəfiqlərinin həyata keçirəcəyi ən yaxşı siyasət strateji dözümlülük və önləyici tədbirlərdən ibarət kombinasiyaya riayət etməkdir. Putinlə praqmatik formada siyasət aparmaq ABŞ maraqlarının təminatına istiqamətlənməlidir.
İlk növbədə ABŞ prezidenti də daxil olmaqla, yüksək vəzifəli Amerika rəsmi şəxsləri daimi olaraq Putin və onun ətrafıyla görüşməlidir. Bir-biriylə danışmaqda pis heç nə yoxdur. Qarşılıqlı güzəşt siyasəti yürüdülməlidir. Rusiya özünün bəzi fəaliyyətlərindən uzaq durmalı və ya onu dəyişdirməlidir.
Yaxşı olardı ki, Birləşmiş Ştatlar özünün indiki sanksiya strategiyasına yenidən baxsın. Vaşinqton bir sanksiyadan imtina edib, digərini sərtləşdirə bilər. Soyuq müharibədəki qələbə sanksiyalarla olmayıb. Bu qələbə yüksək vəzifə eşalonundakı ayr-ayrı məmurlar da daxil olmaqla, sovet adamlarının öz ideologiyalarına olan inamlarını itirməsi və gələcəklərini axtarmaq üçün nəzərlərini Qərbə çevirməsi nəticəsində olub. Elə həmin şeylər bu gün də baş verə bilər, çünki heç bir xarici təsir olmadan da Rusiya yavaş-yavaş daxildən dağılır. (“Politico”-ABŞ)
“AzPolitika”nın əlavəsi: İndi Ümumi Daxil Məhsulun (ÜDM) göstəricisinə görə, Rusiya dünyada 11-ci yerdə gedir, Sovet İttifaqı isə ikinciydi. Təkcə bu fakt Rusiyanın necə gerilədiyini göstərir, amma bu o demək deyil ki, ölkə tezliklə dağılacaq.
1991-cı ildən indiyədək siyasi ekspertlərin əksəriyyəti Rusiyanın yaxın gələcəkdə dağılacağını deyirlər. Bu yaxın gələcək neçə ildir? Üç il, on il, yoxsa əlli il?
Rusiya dünya iqtisadi sisteminin bir parçasıdır. Bu sistemin isə nüvəsi Amerika Birləşmiş Ştatlarıdır. Dünyadakı bütün böyük dövlətlərin iqtisadiyyatında zəif tərəflər var. Əgər dünya iqtisadiyyatında güclü sarsıntı olarasa, bu Rusiyanı əməllicə laxlada və bəlkə də parçalanmya sürükləyə bilər. Onu da deyək ki, Rusiya iqtisadi baxımdan zəif olmaqla yanaşı, əslində həm də dayanıqsız siyasi sistemə malikdir. Çünki onların müasir dövlət mexanizmi yoxdur – köhnə çar üsulu davam edir. Təbii zənginliklərlə dolu olan Ural, Sibir və Uzaq Şərq regionlarının əhalisi Moskvadan narazıdır. Onlar deyirlər ki, ölkə resurslarından gələn gəlir mərkəz tərəfindən ədalətsiz bölünür və böyük pay Moskva və Sankt–Peterburqa verilir. Əlbəttə ki, Putin mərkəz rayonlarına ona görə nisbətən daha çox pul ayırır ki, oradan səs çıxmasın. Rusiyanın 17 milyon kvadrat kilometr ərazisi olmasına baxmayaraq, əhalisinin 70%-i Avropa qitəsində məskunlaşıb və qalan digər ərazidə yaşayış seyrəkdir.
Rusiya əhalisi çətin ki, hansısa ideologiyaya mübtəla olsun. Ancaq iqtisadi vəziyyət pisləşərsə, millətçiliyi körükləyənlər mütləq peyda olacaq. Sözsüz ki, millətçilik Rusiyaya ziyandır və bu ölkəni parçalaya bilər. Marksizm, liberalizm, faşizm və sairə digər ideoloji platformaların Rusiya ilə köklü əlaqəsi yoxdur. Sadəcə olaraq marksizm idelogiyasını ona sırımışdılar və bunun isə axırı yaxşı olmadı.
Rusiyanın dağılmasında xarici faktorun da mühüm rolu ola bilər, bu inkar edilməməlidir. Məsələn Rusiyanın dağılmasını ən çox istəyən dövlət Çindir, lakin çinlilər niyyətlərini hələlik gizli saxlayırlar, fürsət düşən kimi isə hərəkətə keçəcəklər.
Vaqif NƏSİBOV
AzPolitika.info