Aug 21

Rusiyada 350 milyon il əvvəl mövcud olmuş isti dənizin izləri aşkarlanıb

Rusiyanın Novosibirsk Neft və Qaz Geologiyası və Geofizikası İnstitutunun alimləri Zavyalovo kəndi yaxınlığında aparılan çöl işləri zamanı təxminən 350 milyon il əvvəl bu ərazidə isti dənizin mövcudluğunu sübut edən mərcan qalıqları aşkarlayıblar.

Mozalan.az xəbər verir ki, bu barədə İnstitutun əməkdaşı, geologiya-mineralogiya elmləri namizədi Yana Fomina TASS agentliyinə məlumat verib.

"Biz əvvəllər bu qədər mərcan aşkarlamamışdıq. Tapıntı kifayət qədər unikaldır. Bu, isti dənizlə əlaqəli həm koloniyalarla böyüyən, həm də tək böyüyən mərcanların yerləşdiyi kifayət qədər böyük bir karxanadır. Belə mercanlar yalnız isti dəniz hövzələrində bitirlər", - Fomina bildirib.

Alimlər güman edirlər ki, təxminən 350 milyon il əvvəl bu yerdə mövcud olan qədim dənizin yaxınlığında vulkanik proseslər baş verib. Beləliklə, dəniz hövzəsi məhz vulkan hesabına qızıb. Bu, su hövzəsində istisevər faunanın çoxalmasına şərait yaradıb. Fomina qeyd edib ki, yaxın vaxtlarda alimlər əldə edilmiş nümunələrin ətraflı tədqiqinə və daha dəqiq tarixinin müəyyən edilməsinə başlamağı planlaşdırırlar.

Tədqiqatçının sözlərinə görə, aşkarlanmış qalıqlar Paleozoy erasının dördüncü geoloji dövrü olan Devon dövrünə aiddir. Devon dövrü Yer üzərində həyatın inkişafı tarixində biomüxtəlifliyin pik nöqtələrindən birinə təsadüf edir. Devonda ilk quru bitkiləri, amfibiyalar, həşəratlar meydana gəlib. Dəniz onurğasızları arasında mərcanlar, ikitayqapaqlı və qarınayaqlı mollyuskalar böyük inkişafa nail olurlar.

Bənzər xəbərlər

Gündəm

0.039995908737183