Qərbin növbəti Don Kixotu: Geosiyasətin "yuyulmamış çömçələri"
Kanadanın Erməni Milli Komitəsinin yaydığı məlumata görə, bu ölkənin xarici işlər naziri Melani Joli növbəti dəfə Azərbaycanın ünvanına qərəzli bəyanatla çıxış edib. Mənbənin ciddiliyi təbii ki, şübhə doğurur. Ancaq hər halda, Ermənistan mediasının da cəld tirajladığı xəbərdə bildirilir ki, M.Joli ölkəsinin Azərbaycana "təzyiqləri davam etdirdiyini" bəyan edib: "Kanada münaqişənin danışıqlar yolu, Helsinki prinsiplərinə hörmət əsasında həlli naminə Ermənistanla vicdanlı əməkdaşlıq üçün Azərbaycana təzyiqləri davam etdirir". Bu azmış kimi, Joli onu da əlavə edib ki, Kanada rəsmi Bakıdan Ermənistanın ərazi bütövlüyünə hörmət etməsini və erməni əsirləri azadlığa buraxmasını tələb edir.
M.Joli müasir geosiyasətin tutduğu vəzifəsinə adekvat olmayan gülməli personajlarından növbətisidir. Almaniya XİN-in başçısı Angelina Berbok, yaxud Emmanuel Makronun sabiq birinci "diplomat"ı Katrin Kolonna kimi o da Ermənistanla Azərbaycan arasındakı qarşıdurmanın tarixi barədə heç bir məlumatı olmadan məsuliyyətsiz bəyanatlarla yadda qalıb. Əks halda xanım Joli ərazi bütövlüyü və Helsinki prinsiplərinə istinad etməzdi.
Joli kimi siyasətçilərin və Kanada kimi dövlətlərin Ermənistan sevdası Don Kixotun un dəyirmanları ilə mübarizəsinə bənzəyir. Münaqişə bölgəsindən minlərlə kilometr aralıda yerləşən, Kvebek kimi separatizmə meylli bölgəsi olan Kanadanın xarici işlər naziri ərazi bütövlüyündən danışırsa, yəqin məlumatı olmalıdır ki, bu prinsipə 30 il ərzində məhz Ermənistan riayət etməyib. Beynəlxalq hüququn əsas sütunlarından biri olan bu prinsipi qulaqardına vuran İrəvana bir dəfə olsun belə göz ağartmayan dövlətlərdən biri də elə Jolinin təmsil etdiyi Kanada olub. Sülh naminə "vicdanlı" əməkdaşlıqdan danışan Jolinin Ermənistanın əsas qanunundan xəbəri varmı? Əgər bir ölkənin konstitusiyasında digər dövlətin ərazi bütövlüyünə qarşı fetişləşdirilmiş iddia yer alırsa, hansı vicdan və ədalətdən söhbət gedə bilər?
"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Erməni diasporu və lobbisinin qurbanına və əsirinə çevrilmiş Joli kimi siyasətçilər, konqresmen və senatorlar təbii ki, belə bəyanatlar verərkən siyasi etika faktorunu unudurlar. Bu, onların şəxsi problemləridir. Ancaq Kanada boyda dövlətin, iqtisadi gücün xarici işlər nazirinin belə sadə məsələlər barədə məlumatlı olması ən azı vacibdir.
Geosiyasətin "yuyulmamış çömçələri"
Müasir dünyanın geosiyasi landşaftında elə ölkələr var ki, müstqil xarici siyasətə malik deyillər. Geosiyasətin "yuyulmamış çömçələri" olan bu dövlətlər qlobal güclərin nümayiş etdirdikləri tendensiyalara və təşəbbüslərə növbətçi yamaq funksiyasını yerinə yetirirlər. Özü də fərqi yoxdur bu ölkələr ərazilərinin sahəsinə, iqtisadi potensiallarına, əhalinin sayına görə dünyada hansı mövqeyə malikdirlər. Onlar böyüklüyündən, ya kiçikliyindən asılı olmayaraq diplomatik trekdə müstəqil sözə sahib deyillər. Belə ölkələrdən biri olan Kanadanın müasir tarixini vərəqləsək aydın şəkildə görünər ki, atdığı xarici siyasət addımlarının mütləq əksəriyyəti ABŞ-nin təşəbbüslərinin təqlidi olaraq qlobal konyunkturanın sədlərini aşmağa və müstəqillik imicini ən azı yalandan da olsa formalaşdırmağa qadir deyil. Vaşinqton və Parisin sifarişi ilə formalaşmış, Avropanın təqaüddə olan "keçmiş polis"lərindən ibarət "müşahidə missiyası"na ilk qoşulan qeyri-Avropa dövləti məhz Kanada olub. "Harada aş, orada baş" olan Kanada kimi dövlətlər aqressiv Qərbin qlobal ekspansionist siyasi xəttinin köməkçi ünsürlərindəndirlər.
Məhz buna görə də Ancelina Colinin adaşı Melaninin Azərbaycana münasibətdə qərəzli bəyanatlarını qeyri-adi və təsadüfi qəbul etmək lazım deyil. Kanada Ermənistan-Azərbaycan treki ilə bağlı başda ABŞ və Fransanın durduğu geosiyasi xəttin proksilərindən biri və növbətisidir. Üstəlik, Kanada kimi ölkələrin siyasi elitaları Cənubi Qafqaz bölgəsinin mürəkkəb etnik, siyasi və konfessional tarixini anlaya bilməzlər. Kanada bir dövlət olaraq hələ də müstəqillik kompleksini yaşayır. Faktiki olaraq Britaniya taxt-tacından müstəqil olmayan bir dövlətin siyasi rəhbərliyi necə anlaya bilər ki, bir ölkə konstitusional səviyyədə digərinə qarşı ərazi iddiası irəli sürürsə, hansı "vicdanlı" danışıqlar və "ədalətli" sülhdən söhbət gedə bilər?
Hiss olunmayan təzyiq
Kanadanın XİN rəhbərinin hansı "təzyiqlər"dən danışdığı həm də ona görə müəmmalıdır ki, Bakıda bu barədə heç kim bir kəlmə belə olsun danışmır. Danışmır, çünki Kanadanın erməni diasporunun xülyası olan belə bir "təzyiq" hiss olunmur. Hiss olunmur ona görə ki, Kanada Azərbaycana təzyiq edə bilməz. Rəngli corablar geyinən baş nazirin ölkəsi - Kanadanın Azərbaycanla bölüşə bilmədiyi nə var axı? Ermənilərə və Ermənistana simpatiyası olan hər bir dövlət yardım və dəstəyini bu ölkənin inkişafı, iqtisadi tənəzzüldən çıxması və tarixi-siyasi bataqlıqdan qurtulması naminə səylərə yönəldə bilər. Xanım Joli ermənilərə dəstək vermək istəyir? Buyurub ölkəsini Ermənistana kapital yatırmağa təşviq etsin. Hər il Ermənistanı onminlərlə vətəndaşı birdəfəlik tərk edir və üz tutduqları ölkələrdən biri də elə Kanadadır. M.Joli zəhmət çəkib kömək etsin ki, ermənilər "tarixi vətən"lərini belə asanlıqla qoyub qaçmasınlar. Tək bir il ərzində Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana köçmüş əhalinin az qala beşdəbiri üçüncü ölkələrə üz tutub. Onların Ermənistanı qoyub qaçmalarının da günahkarı bizik? Kanada kimi dövlətlər, M.Joli kimi siyasətçilər bizdən əlləri xalqımızın qanına batmış caniləri azad etməyi tələb etməkdənsə, özləri əsirlikdən qurtulsalar, daha yaxşı olar. Pul və siyasi dəstəyin könüllü əsirliyindən...