COP-un BMT başda olmaqla digər qlobal təşkilatlarla əlaqələri yüksələn xətlə inkişaf edir
Milli maraqlar əsasında multiregional xarici siyasət yürüdən Azərbaycan qlobal miqyasda əməkdaşlığın və həmrəyliyin möhkəmlənməsinə önəmli töhfələr verir. Təsadüfi deyil ki, son vaxtlarda Prezident İlham Əliyev həm islam coğrafiyasında, həm də Avropa İttifaqı (Aİ) məkanında dövlət və hökumət başçıları səviyyəsində keçirilən bir sıra sammitlərə fəxri qonaq qismində dəvətlər alıb. Azərbaycan artıq nüfuzlu beynəlxalq tədbirlərin, qlobal forumların ənənəvi olaraq keçirildiyi məkana çevrilib. Bu tədbirlərdə və görüşlərdə bir qayda olaraq qlobal gündəliyə aid aktual məsələlər müzakirələrə çıxarılır və mühüm qərarlar qəbul edilir. Təbii ki, bu qərarların qəbul olunmasında Azərbaycanın təşəbbüsü və moderator rolu mütləq nəzərə alınır.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası çərçivəsində qlobal iqlim dəyişikliyi ilə mübarizə sahəsində bir sıra mühüm nəticələr əldə edilib. Bu nəticələr iqlim siyasətinin formalaşmasında və iqlim dəyişikliyinə qarşı qlobal səylərin gücləndirilməsində vacib rol oynayır.
Paris Sazişi (2015) qlobal temperatur artımını 2°C-dən aşağı saxlamağı və mümkün qədər 1.5°C ilə məhdudlaşdırmağı məqsəd qoyur. Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDCs) ölkələr, iqlim dəyişikliyi ilə mübarizə üçün öz milli töhfələrini bəyan edir və həyata keçirir. Bu töhfələr karbon emissiyalarının azalması, yenilənə bilən enerji mənbələrinə keçid və iqlim dəyişikliklərinə adaptasiya tədbirlərini əhatə edir.
Mövzu barədə "Report"a açıqlama verən siyasətçi Sadiq Qurbanov COP29-da ölkələrin milli səviyyədə iqlim dəyişikliyinə verdiyi töhfələrin qlobal səviyyədə karbon emissiyalarının daha da azalmasına və iqlim dəyişikliyinə qarşı daha güclü tədbirlərin görülməsinə imkan verəcəyini bildirib:
"İnkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizə və adaptasiya tədbirləri üçün daha çox maliyyə dəstəyi təmin etmək məqsədi ilə yeni maliyyə mexanizmlərinin və öhdəliklərin qəbul edilməsi gözlənilir. Eyni zamanda, iqlim texnologiyalarının inkişafı və yayılması sahəsində beynəlxalq əməkdaşlığın artırılması gözlənilir. Bu, iqlim dəyişikliyi ilə mübarizədə innovativ həllərin və texnologiyaların tətbiqini təşviq edəcək. Bu gözləntilər, COP29-un qlobal iqlim dəyişikliyi ilə mübarizə səylərini gücləndirmək və davamlı inkişaf məqsədlərinə çatmaq üçün vacib bir platforma olduğunu göstərir".
COP29-un fəaliyyəti və məqsədləri BMT başda olmaqla müxtəlif qlobal təşkilatlar ilə sıx əməkdaşlıq nəticəsində həyata keçirilir. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) Paris Sazişi və Kyota Protokolu kimi mühüm beynəlxalq iqlim sazişlərinin qəbulunda və həyata keçirilməsində əsas rol oynayır. COP vasitəsilə UNFCCC ölkələrin milli səviyyədə iqlim dəyişikliyinə qarşı tədbirlər görmələrini və bunları beynəlxalq miqyasda koordinasiya etmələrini təmin edir.
S.Qurbanov qeyd edib ki, COP-un BMT başda olmaqla digər qlobal təşkilatlar ilə əlaqələri çox yaxşıdır və inkişaf xətti boyunca irəliləyir:
"BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), kənd təsərrüfatı və qida təhlükəsizliyi sahələrində iqlim dəyişikliyi ilə mübarizə üçün Konvensiya ilə sıx əməkdaşlıq edir. FAO iqlim dəyişikliyinin kənd təsərrüfatına və qida istehsalına təsirlərini azaltmaq üçün texniki dəstək və resurslar təmin edir. Bu əməkdaşlıq, qlobal ərzaq təhlükəsizliyinin təmin olunmasına və kənd təsərrüfatının iqlim dəyişikliyinə adaptasiya edilməsinə yönəlmiş tədbirləri əhatə edir.
BMT-nin Dünya Ərzaq Proqramı (WFP) iqlim dəyişikliyinin qida təhlükəsizliyinə təsirlərini araşdırır və bu sahədə Konvensiya ilə əməkdaşlıq edir. WFP iqlim dəyişikliyinə qarşı həssas olan bölgələrdə qida yardımı və adaptasiya tədbirləri həyata keçirir. COP çərçivəsində WFP qida təhlükəsizliyinin iqlim dəyişikliyinə uyğunlaşdırılması və dayanıqlılığının artırılması üçün müxtəlif proqramlar həyata keçirir.
Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (IFAD) kənd təsərrüfatının davamlı inkişafını dəstəkləmək üçün iqlim dəyişikliyi tədbirlərinə maliyyə və texniki dəstək təmin edir. IFAD inkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatının iqlim dəyişikliyinə adaptasiyasına yönəlmiş layihələri dəstəkləyir. Bu əməkdaşlıq kənd təsərrüfatı sektorunun iqlim dəyişikliyinə qarşı dayanıqlılığının artırılmasına yönəlmiş tədbirlər görür.
COP tədbirləri, həmçinin BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və digər qlobal təşkilatları bir araya gətirərək sıx əməkdaşlığı təşviq edir. Bu qlobal təşkilatlar ilə əməkdaşlıq iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərin gücləndirilməsinə və dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına kömək edir".
COP29-un keçirilməsi ilə əlaqədar Təşkilat komitəsinin üzvü Fatma Yıldırım bildirib ki, Azərbaycanın COP29-a sədrliyi həm də ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə verməkdir:
"Bu gün dünyada təbiətə vurulan zərərin, ekoloji problemlərin qarşısının alınması qlobal bir çağırışdır. Getdikcə daha təhlükəli hal alan bu təhdidlər təxirəsalınmaz tədbirlər görülməsini, ölkələrin və beynəlxalq təşkilatların koordinasiyalı fəaliyyət göstərməsini zərurətə çevirib. Azərbaycan da bu çağırışa qoşulan ölkələr sırasındadır. İlham Əliyev tərəfindən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgəsinin "yaşıl enerji" zonası elan olunması da bu baxımdan yüksək dəyərləndirilməlidir. Ümumiyyətlə, COP29 bütün dünya üçün önəmlidir. Biz gözləyirik ki, bu mötəbər tədbirdə dünya ölkələri iqlim dəyişiklikləri ilə mübarizəni gücləndirmək üçün maliyyələşmə məsələsində razılığa gələcək. Bu, bütövlükdə bəşəriyyətin gələcəyi üçün çox önəmlidir" .
"Report" İnformasiya Agentliyi