Tarmar edilən yurda ağı...
Yurd itkisi köz kimidir, adamı yandırıb yaxır, nəfəs almağa, dincəlməyə qoymur, gülməyə qoymur, sevinməyə qoymur, ürəyimizi pörşələyir,illər uzunu yurd deməkdən dilimiz qabar bağlayıb. Kədər köynəkli,dərd yüklü bu həsrəti yaşamaq zülümdü. Yurdsuzluq adamı için-için oyur, bir tərəfdən də bir nadanın kinayəsi , tənəsi xəncər kimi ürəyimin başına saplanır. Mən yurdsuz deyildim ki, köçkünə tənə eləyən nakəs, mənim də yurdum-yuvam var idi, indi tərki-vətən olub dərviş kökünə düşmüşəm. Axı,bu mənim yüküm deyildi, hər nadan bir daş atıb, neyləyim, məcburam daşıyam. Daş yükünü daşımaq asandır, Söz yükünü daşımaq olmur, vallah, çiyinim əyilir. Hələ bu azmış kimi, düyün-düyün fikir kötüklərini də üstümə atırlar, onu doğramağa, onu yarmağa, onu açmağa heyim hərəkətim qalmayıb axı?! Qıraqdan baxan elə bilir ki,əkib biçirəm, axı, doğma torpaq yoxdursa, onda becərdiyim dəqiq bil ki, qamışdı, eşidən, görən, biləndə qımışır, özü də elə qımışır ki, adım yadımdan çıxır. Heç olmasa quru adım qalmışdı, hərdən çağırardılar, neynəyim, elə bir gün gəlib ki, adamı öz adıyla çağırmırlar... Sınaqdan keçdik, qoca tarix bizi çox ülgüdən keçirsə də, başımız çox ağrılar, çox müsibətlər çəkib, kirpiyimizi kösöv eləyib enişli-yoxuşlu, duman-çən basmış yolumuza çıraq kimi tutmuşuq. Mərdi qova-qova namərd elədilər, bizi çörəklə, suyla, qeyrətlə, namusla sınağa çəkdilər, yurdumuzu hərraca qoydular, düşməndən də beşqat artıq qisas aldılar. Bürkülü dolaylarda tülkü süləngi, hər çalaya,çuxura tərs-tərs baxır. Süləngi tülkünün qəzəbi yaman qəddar olurmuş, çox keçmədi ki, kotan da bildi ki, zəncir nə çəkir, səsimizə, sözümüzə, gözümüzə, dilimizə, arzularımıza paslı bir zəncir vurdular. Erməni faşızmi mənim körpəliyim,yeniyetməliyim, gəncliyim keçən yerləri işğal edəndən sonra evləri də, ağacları da, torpağı da yandırdı, tüstüsü göylərə bülənd oldu, yurdumu tarmar etdilər, ağ damlı şəhərimi yer üzündən sildilər. O yerlərdəki ayaq izlərim yandı, könlüm, qəlbim yandırıldı, bu nə ömür oldu ki, kərpic-kərpic sökdülər, od vurdular, indiki ömrüm də elə qaralmış ocaq yeridir. Orda nə bitər ki?! Qondarma budaqda axı, nə bitər ki, toxumu yalan, tumu yalandı. Dünya da kı, tamam qırdıqaçdı...Qapın hayandadır,ay qoca dünya, ay qarı dünya, qapını aç, çıxım gedim. Əgər gedə bilsəm?! Hara gedəsiyəm ki?! Yurd yox, yer yox, ev-eşik yox, səmtindən, izindən də neçə illərdir soraq yoxdur... Özü də şəhid oldu,qoynundakı şəhid məzarları da dübarə şəhid oldu,qalxdı,qabardı torpaq, əlindən tutanı olmadı, səsinə, ününə yetəni olmadı, çat- çat olub dodağı, cadar-cadardı torpaq. Üstündə iməklədiyimi, üstündə gəzdiyimi halal eləmə, səni yağılar əlində qoyduğum üçün, hayına çata bilmədiyim üçün haqqını halal eyləmə... Birdən elə bil Ağdamın xarabalıqlarından,”ruhlar şəhəri”ndən bir qərib səs ucalır, pıçıltı ilə bizə deyir ki, iki şəhidlər qəbirstanlığında ruhların harayı göylərə bülənd olub. Niyə qayıtmırsınız?! Bu suala cavab vermək mümkün deyil. Bizi dədə-baba torpağımızdan, yurd yerimizdən, uşaqlığımızdan, gəncliyimizdən, ilk sevgimizdən, mənəviyyatımızdan, adət-ənənələrimizdən, xeyir-şərimizdən, bir sözlə özümüzü-özümüzdən zülümlə, sitəmlə,xəyanətlə ayırdılar. Qisas aldılar. Ağdam sarsıldı, bu cənnət diyar şəhid oldu. Neyləmək olar, bu da bir tale oldu, dözdük, kösöv kimi içimiz qaraldı. Ayrıldıq, beşiyimizdən, qibləmizdən ayrıldıq. İyimi altı ildir bu ayrılığın yaşı. Bu qəddar ayrılıq bizi yadlaşdırdı, bizi qocaltdı, bizi ruhu uçmuş bir məxluqa çevirdi.Məğrurluğumuza, ağayanalığımıza, adımıza gölgə saldı. Fəqət bizi əysələrdə, sındıra bimədilər?! Öldürülmüş, qarsalanmış, üzərinə neçə-neçə çirkab atılmış avaz ilə Ağdama ağı demək istəyirəm... Xaraba qalmış bir yurdun hıçqırıqları, ağrı-acısı dilə gəlir: -Hardasınız, haralara üz tutdunuz, ocağınız yansa da, işığınız gəlsə də, danışıb-gülsəniz də, özünüz-özünüzdə deyilsiniz. Qərib-qərib gəzib dolaşsanızda ürəyiniz, qəlbiniz, nəfəsiniz, sözünüz-söhbətiniz, gülüşünüz, hayınız-harayınız, göz yaşlarınız məndədir, Ağdamdadır. Qayıdın, oturmaqdan ayağınız, uzanmaqdan beliniz, baxmaqdan gözünüz yorulmadı?! Qayıdın, qayıdın, üzü Ağdama sarı, üzü yurda sarı, üzü beşiyə, ana qucağına sarı, üzü qibləyə sarı. Gəlin.Dişiniznən, dırnağınıznan, qanınıznan yol açın, nə olar. Darıxmışam, çox darıxmışam, səsiniz üçün, özünüz üçün, gələcək nəsillər üçün darıxmışam. Qayıdın, gəlin, insafınız olsun, gözü yolda qalmışam. Qayıdın... Axı, bu tarmar edilmiş, xaraba qalmış yurda deyə bilmirik ki, bizi ora doğma qucağına qayıtmağa qoymurlar, hərə bir tərəfdən yurdu, ev-eşiyi dağıdılanlara, məcburi köçkünlərə, məsləhət verir, ağıl verir, öyüd nəsihəd verir. Sakit olun, səsinizi çıxarmayın, haqqınızı tələb etməyin, yurd sözünü “lazım” gələrsə sözünə qurban verin, yaralarınızı möhkəm bağlayın, qanı görükməsin, birdən əcnəbilərin xoşuna gəlməz. Ayrı nə deyim, ay Allah, yurdun bir tərəfində çal-çağırdır, çəpik səsləri ölkəni titrədir, qananı, qanmayanı tərif yağdırır, yurdun o biri tərəfində torpaqlar od tutub yanır, qız - gəlinlər əsirlikdə, iki - üç gündən bir gənc əsgərimiz öldürülür, dinc sakinlər qarı düşmən tərəfindən atəşə tutulur, ermənilər Şuşada, Kəlbəcərdə yallı gedib mahnı oxuyurlar, bulaq başında kabab çəkirlər, var dövlətimizi talan - qarət edirlər, məskunlaşma aparırlar... Eləcə durub baxırıq... Nə vaxta kimi baxacağıq?!
Salman Alıoğlu