Jul 23

İrəvanın Qarabağ və Naxçıvan xofu: düşmənin ikili təlaşı - TƏHLİL

Dağlıq Qarabağ məsələsində Ermənistanın yeni rəhbərliyi real və ciddi dönüşə gətirəcək addımlar atmağa hələ də hazır görünmür. Müşahidələr göstərir ki, baş nazir Nikol Paşinyan status-kvonu uzatmaqda və bundan istifadə edərək, əsas siyasi rəqiblərini zərərsizləşdirməkdə daha çox maraqlıdır. Bura sözsüz ki, işğal altındakı Dağlıq Qarabağda öz adamını “hakimiyyət”ə gətirmək hədəfi də daxildir.

Təbii ki, Paşinyanın ən böyük qayğısı işğalçı ölkədə sosial-iqtisadi durumu yaxşılaşdırmaqdır. Çünki zaman gedir və bu yöndə hələ ki, gözə gələsi uğur qeydə alınmayıb. “Məxməri inqilab”dan 1 ildən çox vaxt keçə də, Nikol Paşinyanın ermənilərə yaxşı güzəran, iş yerləri haqda verdiyi vədlər elə vəd olaraq qalır. Bu da yavaş-yavaş onun reytinqində özünü göstərməkdədir - əlbəttə ki, mənfi planda. Bu yazınlarda ABŞ-ın Respublikaçılar İnstitutunun keçirdiyi rəy sorğusu zamanı inqilabdan sonra ilk dəfə Paşinyanın nüfuzunun prezident Armen Sərkisyanın reytinqindən geri qaldığını üzə çıxarmışdı – müvafiq olaraq 56 və 61%.

Bu əslində baş nazirə ciddi siqnal olmalı idi ki, əgər o, və komandası əhalinin həyat şəraitinin yaxşılaşmasına yönəlik real işlər görməsə, tezliklə reytinqi daha da aşağı düşə, ona olan inam-etimad geri dönməz şəkildə sarsıla bilər. İcevanda - Paşinyanın doğma yurdunda ötən həftə baş verən etirazlar, polislə toqquşma ona bu xüsusda ilk xəbərdarlıq sayıla bilər.

*****

Şübhə yox ki, Paşinyan narazı cəmiyyətdə özünə qarşı getdikcə artmaqda olan belə neqativ meylləri izləməmiş deyil. Di gəl, ondan çörək və iş yerləri gözləyən xalqına o, hələ də populist vədlər verməkdədir. Məsələn, “Yeni Müsavat”ın məlumatına görə, bu günlərdə Gümrüdə biznes-foruma qatılan baş nazir yenə “köhnə hava”nı çalıb. Paşinyan deyib: “Ermənistan sənaye ölkəsi olmalı, özünün keçmiş şöhrətini qaytarmalıdır. Yaxın zamanlarda biz sənayenin bütün sahələrinə diqqət yönəldəcəyik”.

Məsələ də elə bundadır ki, Paşinyan buna necə nail olacaq? Əgər o, ötən 1 il 2 ayda Ermənistanı iqtisadi bataqlıqdan çıxarmaq yönündə heç bir uğura nail ola bilməyibsə, ölkəyə böyük xarici sərmayə cəlb edə bilməyibsə, Ermənistan ağır blokada rejimində qalmaqda davam edirsə, ölkədən kütləvi köç səngiməyibsə, hansı sənaye ölkəsi olmaqdan söhbət gedir?

Bunlar əlbəttə ki, illüziyadır və çox tezliklə sərt reallıqla Paşinyanın özü də barışmalı olacaq. Başa düşəcək ki, işğalçı ölkənin problemlərinin açarı məhz Qarabağ probleminin həllidir. Yaxud bu problemin həllində elə bir dönüşə nail olmaqdır ki, həmin dönüş Azərbaycan və Türkiyə ilə sərhədlərin və kommunikasiyaların geri dönməz şəkildə açılmasına gətirsin, iki qonşu ölkə ilə əlaqələrin bərpasını təmin eləsin, bununla da Rusiyadan vassal asılılığını aradan qaldırsın.

Ermənistan və onun əhalisinin tək nicat yolu budur. Özü də bu yolu Paşinyana iki ildir Avropa və ABŞ yetkilələri də tövsiyə edir. Əfsus ki, Paşinyan və komandası, iqtidara yaxın media erməni xalqını tədricən buna hazırlamaq əvəzinə, Azərbaycan və Türkiyədən düşmən obrazı yaratmaqda davam edirlər. Qəribədir, bir yandan, Paşinyan və komandası guya Rusiya asılılığından qurtulmaq istəyir, digər yandan isə Kremlin işğalçı ölkədə, regionda daha da möhkəmlənməsinə xidmət edən siyasəti tərcih edirlər. Başqa sözlə, Köçəryan nəhayət, “atı arabanın qabağına qoşub” ölkəsini normal inkişaf yoluna çıxarmaq əvəzinə, özü-özünü inkar edən siyasi kursa davam edir. 

*****

Keçən həftə erməni KİV-də “Naxçıvan təhlükəsi” ilə bağlı yaradılan hay-küy buna bariz sübut sayıla bilər. Sözsüz ki, Azərbaycan qardaş Türkiyə ilə Naxçıvanın təhlükəsizliyinə daim mühüm önəm verir və verəcək. Ən azı ona görə ki, Qarabağ müharibəsi hələ bitməyib və əməliyyatların bərpası zamanı anklav Naxçıvan sarıdan əmin-arxayınlıq Bakı üçün məxsusi önəm daşıyacaq. Bölgədəki hərbi quruculuq isə Türkiyə ilə birgə artıq elə bir səviyyəyə çatdırılıb ki, Ermənistan çətin ki, Naxçıvan istiqamətində hansısa ciddi təxribata cürət eləsin.

Bununla belə, təxribat cəhdləri davam edir. Bir məqsəd də heç sübhisiz, Rusiyanın diqqətini bölgəyə cəlb eləmək (Ermənistan-Türkiyə sərhədlərini rus hərbçiləri qoruyur) və Ankara ilə Moskva arasında son illər güclənməkdə olan əməkdaşlığa zərbə vurmaqdır. Çünki İrəvanda təlaş keçirirlər ki, Rusiya-Türkiyə strateji tərəfdaşlığı nə vaxtsa Dağlıq Qarabağ konfliktinin həlli üçün hansısa ortaq “Yol xəritəsi”nin işlənib hazırlanmasına gətirə bilər.

Məsələn, ötən həftə - iyulun 16-da Ermənistan ölkəmizə qarşı növbəti uydurma ittihamlarla çıxış elədi: guya Naxçıvan istiqamətindən Ermənistan ərazisini atəşə tutulub və nəticədə yanğın baş verib. Bir gün sonra isə yeni ittihamlar səsləndi. İddialara görə, iyulun 17-ə keçın gecə Azərbaycan Silahlı Qüvvələri Naxçıvan ərazisindən Ermənistanın Vayodtszor vilayətinin Ellin kəndini atəşə tutub. Bu fonda Ermənistan Xristian-Demokrat Partiyasının rəhbəri Levon Şirinyan daha da uzağa gedərək, “situasiyaya adekvat olub bütöv bir Azərbaycan kəndi məhv eləməyə” çağırış elədi.

Bir sıra təhlilçilər bu təxribatçı çağırışı Şirinyanın şəxsi mövqeyi hesab eləməklə yanaşı, açıqlamanın Paşinyan komandasının “ruporu” sayılan KİV-lərdən birində peyda olmasına diqqət yönəltdilər. Təhlilçilərə görə, ola bilsin, bununla hakimiyyət həm də uğursuz daxili siyasətdən diqqəti yayındırmaq məramı güdür. Yəni Paşinyan ermənilərin “əbədi ağrısı” olan Naxçıvan mövzusunu gündəmə gətirməklə əlavə vaxt udmaq niyyətinə düşə bilər.

Ancaq nə vaxtadək? Enində sonunda Paşinyan olmasa da, bir başqa erməni rəhbəri qurtuluş yolunun Azərbaycan və Türkiyə ilı konfrontasiyada, Rusiya ilə “əbədi ittifaq”da deyil, əksinə, qapı qonşularla dil tapmaqda olduğunu anlayacaq. Ümid edək ki, ona kimi problem dinc yolla həlini tapacaq və Azərbaycan öz qanuni ərazilərini işğaldan azad eləmək üçün hərbi yola əl atmaq zorunda qalmayacaq. Paşinyan və komandası üçün gerisayım artıq başlayıb.. 
\\musavat.com\\ 

Bənzər xəbərlər

Gündəm

0.04570484161377