Tahir Bəndəliyev: "İnanmıram ki, biz keçmiş məcburi köçkünlər üçün bundan gözəl gün olsun"
"Uzun illər müəllim işləmiş, Birinci Qarabağ müharibəsində zabit kimi iştirak etmiş biri kimi, bu gün Laçına qayıtmaq mənim üçün olduqca qürurlu və şərəflidir".
Bunu Mozalan.az-a açıqlamasında bu gün Laçın şəhərinə köç edən keçmiş məcburi köçkün Tahir Əyyub oğlu Bəndəliyev deyib.
O qeyd edib ki, Laçın şəhərinə ailəsi ilə birlikdə qayıdır:
"Mən əmin idim ki, 30 illik köçkün həyatımız sona çatacaq, mən əmin idim ki, nizami və güclü ordumuz torpaqlarımızı işğaldan azad edəcək, mən əmin idim ki, Ali Baş Komandanımız bizim əyilmiş qürurumuzu bərpa edəcək, qisasımızı düşməndən alacaq. Elə də oldu. Keçmiş zabit kimi deyə bilərəm ki, İkinci Qarabağ müharibəsində əvvəlkində olduğu kimi səhvlərə yol verilmədi, hər şey ideal şəkildə təşkil olundu.
Mən şəhid ailələri qarşısında, şəhid balaları qarşısında, qazilərimiz qarşısında baş əyirəm.
Ən böyük arzumuz, xəyalımız gerçək olur bu gün, bundan gözəl gün, inanmıram ki, biz keçmiş məcburi köçkünlər üçün olsun.
Laçında ilk işim anamı, anamın timsalında vətənimin hər qarışını ziyarət etmək olacaq.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Qeyd edək ki, bu gün növbəti köç karvanı Laçın şəhərinə yola salınır. Bu mərhələdə daha 18 ailə (60 nəfər) öz doğma yurduna köçürülür.
Xatırladaq ki, indiyədək Laçın şəhərində 552 ailənin (2031 nəfərin) daimi məskunlaşması təmin edilib.
Aytac Qasımova