Jul 09

İranın Azərbaycanla bağlı daha nə kimi təxribat planları var...

Ötən il 1 iyun tarixində Azərbaycan Respublikasının Gəncə şəhərində İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə qarşı Yunis Səfərovun terror aksiyasını törətməsinin ardından ölkədə siyasi-ictimai müstəvidə bir çox mövzular dartışılmağa başladı. Əslində olayın arxa baxçasında duran hədəflər haqqında özlərini “politoloq” və “siyasi lider” adlandıranlar susmağa üstünlük verdilər. Sanki bu dövlətin çökdürülməsi və ya siyasi hədəfləri nəzərə alaraq, kataklizmlərin daha da dərinləşməsi fürsətini gözləyirdilər. Yunus Səfərovun bu aksiyanı törətməsinin gizli səbəbi ölkədə “İslam İnqilabı” ideyasının arxasında duran əsas hədəfləri “sınaq”dan keçirmək idi. Tehran rejiminə Fələstin, Livan, Suriya və İraqdakı “Hezbollah”a məxsus hərbi düşərgələrdə təcrübə keçmiş radikal dindarlar “inqilab”ın əsl cəngavərləri sayılacaqdı. Ancaq bütün təşəbbüslər iflasa uğradı.

“Azərbaycanda dönüş nöqtəsi” planı

İran İslam Respublikasının Qum şəhərində dini təhsil alan və Azərbaycan Respublikası vətəndaşları olan gənclərdən ibarət “Hüseynuyyun” (hüseynçilər) təşkilatı yaradılmışdı. Sonra bu gənclər kiçik qruplar şəklində Fələstin, İraq, Livan və Suriyadakı “Hezbollah” terror təşkilatlarına məxsus hərbi düşərgələrdə döyüş təlimlərinə göndərildilər. Onların dini və ideoloji baxımdan Qumdakı mollaxanalarda qafaları elə yuyulmuşdu ki, “inqilab düşmənləri”ndən intiqam almaq və özlərini bu yolda “şəhid” etmək, hətta “cihad”ı üstün qələbə saymaq kimi ideyaların xaricində heç nə düşünmürdülər.

Həmin tələbələrdən biri də Yunus Səfərov idi. Suriyanın Palmir şəhərinə göndərilən Yunus Səfərov burada “kafir təfkirçilər”ə qarşı döyüşlərdə iştirak üçün hərbi düşərgədə təlimlərə qatıldı. Halbuki, “təkfirçilər”, yəni radikal vəhabi terrorçular da islam dini adından istifadə edərək “qafaları yuyulmuş” gəncləri bu terrorizm bataqlığına sürükləmişdilər. Palmirdə əslində eyni din, peyğəmbər və amal uğrunda üz-üzə gələrək döyüşənlər zamanın məsum qurbanları olduqlarının fərqində deyildilər (mənbə: https://www.youtube.com/watch?v=NBuzLGDe-RU&feature=share). Suriyadakı hərbi düşərgələrdə Azərbaycan Respublikası vətəndaşlarını ona görə kiçik qruplar şəklində hazırlayırdılar ki, onların çoxu bir-birlərini tanımasınlar. Belə yanaşım tərzi XI-XII yüzilliklərdə Həsən Sabbahın dönəmindəki “Ələmut şeyxləri hərəkatı” tarixi ilə bağlı idi. Türk dövlət sistemini çökdürmək üçün, “paniranizm” və “panfarsizm” ideyası bu şərtlərlə bağlı idi. İndi həmin taktikadan Tehran rejimi faydalanmağa çalışır. Bunun üçün də “İslam İnqilabının ixracı” ideyası adı altında 40 ildir dünyanın hər yerində terror siyasətini yürüdür. “Azərbaycanda dönüş nöqtəsi” planı adı altında Suriyada hərbi təlimlərdə iştirak etmiş gənclər 2018-ci ilin ortalarına doğru Azərbaycan Respublikasına göndərildilər. Onlar öncədən hazırlanmış plan əsasında Gəncədə inanclı əhalini öz tərəflərinə çəkmək üçün İcra Hakimiyyətinin başçısını terror edərək öldürmək və bunun ardınca “kütləvi narazılıq” adı altında əhalini ayağa qaldırmalı idilər. Hakimiyyətin başı Gəncəyə qarışdığı zaman,

Yevlax, Sumqayıt, Lənkəran, Abşeron, Bərdə, Salyan, Beyləqan, Saatlı, İmişli, Quba, Sabirabad, Göyçay və Bakıda bir-birinin ardınca terror aksiyaları törədilməli idi. Özəlliklə əhalinin narazı qaldığı iriçəkili məmurlardan “intiqam” almaq bu planın tərkib hissəsi idi. Belə bir planının həyata keçirilməsində Ermənistanın xüsusi xidmət orqanları xüsusi hazırlıq durumuna gətirilmişdilər. Onların uzun müddət himayə etdikləri bəzi informasiya mərkəzlərini antidövlət proyektinin tərkib hisəssi kimi bu təxribatla həyata keçirəcəkdilər.

“Müqavimət hərəkatı” və separatizmin üçbucağı

“Şiə imamları”nın adından saxtakarlıq edərək Azərbaycan Respublikasına qarşı etnik və dini zəmində bölücülük siyasəti yürüdən, özəlliklə də talış xalqını bu siyasətə qurban verməklə xaricdəki havadarlarının mənafeyini müdafiə edən Zabil Məjo (Məhərrəmov) yaxın günlərdə Yunus Səfərov kimi terrorçuları “milli qəhrəman”a çevirmək üçün sosial şəbəkələrdə videolar hazırlayaraq təbliğatlar aparırlar. Bu məqsədlə onun təsis etdiyi və baş redaktoru olduğu “OTV” kanalının fəaliyyəti buna örnəkdir. Həmin tv kanalda “talış etnik separatizmi” ideyalarından bol-bol danışan Zabil Məjo 1 iyul 2019-cu il tarixində Ermənistanın işğalında olan Şuşadan “AM-1395” dalğası vasitəsilə yayınlanan “Ozodə Tolişstoni Sədo” (Azad Talışstanın Səsi) radiosu və “İrəvan İctimai Radiosu”nun xətti ilə xüsusi proqrmlar həyata keçirməyə başlayıb. Onun “OTV”də hazırladığı və yayınladığı son proqramı Yunus Səfərovla bağlı verilişdir (mənbə: https://www.youtube.com/watch?v=hfkMgK7xPT8&fbclid=IwAR2ABTI_HT2cFjqqmk_saGSEysC1ssp3VRxu2TDeM4nwhNvwyl-R2FH0qtU). Həmin proqramda islam terrorizmi ideyasına “haqq” qazandırmaq üçün İsrail, ABŞ, digər Qərb dövlətlərini günahkar elan edərək, bir sıra avantüraları gündəmə gətiribdir. Beləliklə Tehran rejiminin hədəfləri və Azərbaycanda “müqavimət hərəkatı” adı altında ölkə Konstitusiyasının dəyişdirilməsi, “şəriət dövləti”nin elan edilməsi hədəflərinə hesablanmış təxribatlara “hüquqi don” geyindirilməsi ideyasını təbliğ olunubdur. Bu proqramın üslub dili və ideoloji baxımdan yanaşma tərzi bir daha sübut edir ki, Yunus Səfərovun terrorizmlə bağlı atdığı addımlar qonşu dövlətlərin mətbəxində hazırlanıb. Beləliklə də aydın olur ki, Azərbaycanda terror siyasətinin “üçbucağı” Tehran rejimi, Ermənistan və yerli dindarların ələ alınaraq birgə addımlardan ibarətdir. Bütün bunlar azmış kimi “Ozodə Tolişstoni Sədo” radiosunun gündəlik icmal proqramlarının rəhbəri Zahirəddin İbrahimi radioda Yunus Səfərovun terror əməllərini təbliğ edən silsilə verilişlər yayıb. Tehran rejimi üzərindən Azərbaycana qarşı ideoloji virus kimi təxribatlar siyasətini yürüdən “parstoday.com” anatilik informasiya agentliyinin bu yöndə apardığı təbliğatların miqyası yoxdur (mənbə: http://parstoday.com/tly/news/azerbaijan-i14410, http://parstoday.com/tly/news/azerbaijan-i14372).

Yaxın Şərq planı və Azərbaycan hədəfləri

“İran İslam İnqilabı Keşikçilər Korpusu”, yəni “SEPAH” tərəfindən idarə olunan radikal dini qruplaşmalar 40 ildir Yəmən, Oman, İraq, Misir, Səudiyyə Ərəbistanı, Pakistan, Əfqanıstan, Suriya, Livan, Fələstin, Liviya, Əicəzair və digər Yaxın Şərq ölkələrində “İslam İnqilabının ixracı” strategiyasını tətbiq edirlər. “İslami silahlı qrupu” (Əlcəzair), “İslami Cihad Hərəkatı”, “Fələstin Milli Azadlıq Hərəkatı-FƏTH”, “İzz əd Din əl Kəssəmə” (Fələstin), “Amal”, “Hezbollah”, “Əl Mukavama əl İslamiyyə fi Lübnan” (Livan), “Hərəkəti Hezbollah əl Nücabə” (İraq, Suriya), “Əfqanıstan İslam Hərəkatı”, “Nəsr”, “İslami İnqilab Hərəkatı”, “İslam İnqilabı Cəbhəsi Birliyi”, “İslami Cihad” (Əfqanıstan), “Qüds Hərəkatı” (Yəmən, Somali, Bəhreyn, İordaniya, Qətər), “Husilər Hərəkatı” (Səudiyyə Ərəbistanı), “Qüvvət əl Rüdhə”, “Cünud əl Məhni”, “Hezbollah” (Suriya), “Mehdi Ordusu”, “Bədr Ordusu”, “Kürd Peşmərgə Briqadası”, “Kataib Hezbollah”, “Əl İrakiyyə”, “İmam Əli Briqadası” (İraq), “Fəthi” (Misir), “Təhrik Nifazi Fikxi Cəfəriyyə”, “Sepahe Mühəmməd”, “İmamiyyə Tələbələri”, “Ləşkəre Cənqvi” (Pakistan) və digər Yaxın Şərq dövlətlərində Tehran rejimi tərəfindən idarə olunan siyasi islam siyasəti yürüdülür. Bu həm də dolayı yolla “ixrac” olunan “islam inqilabı” doktrinasının tərkib hissəsi sayılır. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra, bu dəfə Tehran rejimi ölkəmizi hədəfə almağa başladı. Ötən 29 il ərzində respublikamızın ərazisində çoxsaylı dini təhsil mərkəzlərinin yaradılması, cəmiyyətlər və təşkilatların müxtəlif strukturlarının formalaşdırılması, təbliğat vasitələrinin qurulması sayəsində bir sıra sosial zümrələr formalaşdırılıb. Bütün bunlardan bəhrələnməklə Azərbaycanda “İslam İnqilabı”nı həyata keçirmək üçün dəfələrlə təşəbbüslər nümayiş etdirilib. Hər dəfə də “sudan quru çıxmaq” üçün yetişdirdiyi şəxsləri və sosial zümrələri sonda yalnız buraxmağı unutmayıb. “Müsəlman Birliyi Hərəkatı”, “Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı”, “AİP” (Azərbaycan İslam Partiyası) və digər qurumlar bu məqsədlərə xidmət edibdir. Tehran rejimi 40 ildir Yaxın Şərqdə tətbiq etdiyi hədəflər Azərbaycan Respublikasında hər dəfə olduğu kimi iglasa uğrayıb. Bunun başlıca səbəbləri isə, mövcud hakimiyyətin apardığı doğru siyasət, digər yandan Azərbaycan xalqının milli mentalitetindən doğan intellektual və mədəni səviyyəsidir.

Baş tutmayan “təşəbbüs”dən sonrakı dönəm

1 iyun 2018-ci ildə Gəncədə öncədən planlaşdırılan terror aksiyasının uğursuzluğa düçar olmasının ardından Yunus Səfərovun fəaliyyəti, onun xüsusi hazırlıq keçdiyi terror mərkəzləri haqqında (dini və hərbi) ölkə KİV-lərində çoxsaylı təhlillər və analitik yazılar dərc olundu. Beləliklə vətəndaşlar vaxtında bilgiləndirildilər. Bu sahədə xüsusilə sosial şəbəkələrin müstəsna rolu oldu. Dini mövhumatçılığı ifşa edən mövzulara olan maraqlar daha da artmış oldu. Müxalifət adına kiçik qruplaşmalar çərçivəsində “həbsdə olan dindarların hüquqlarının müdafiəsi” aksiyaları effektiv təsir göstərə bilmədi. Yunus Səfərrovun müdafiəsi istiqamətində savadsız və heç bir informasiyası olmayan kütlə arasında aparılan təbliğatların bir faydası olmadı. Tehran rejimi tərəfindən xüsusi olaraq qidalanan bəzi üzdəniraq KİV-lərin apardıqları təbliğatlar onların tribunalarında “dəfn” olundu. İndi Ermənistana məxsus KİV-lərdə və etnik separatizm siyasəti yürüdən sosial şəbəkələrdə Yunus Səfərov kimi terrorçuların hüquqları müdafiə olunur. Bütün bunlar günümüzün reallıqlarından biridir. Cəmiyyətdə insanların hansısa məmurdan xoşu gəlməyə bilər. Ancaq, bu o demək deyil ki, problemlərin həlli yolu terror siyasəti yürütməklə başa gəlsin. Azərbaycan Qarabağ boyda dəhşətsaçan terrorun böhranını neçə illərdir yaşamaq zorunda qalıb. Hakimiyyəti terrorla təhdid etmək isə, Azərbaycan dövlətçiliyinə və demokratiyasına xəyanət deməkdir. Bu gün Yaxın Şərqdə yaşanılan daxili müharibələrə artıq nöqtə qoyulur. Terrorizm yuvalarının bir-birinin ardınca iflasa uğraması göz önündədir. Dünya Birliyi bəşəriyyətin bəlasına çevrilmiş terror siyasətinin qarşısını bütün imkanları ilə alır. Azərbaycanın bir dövlət olaraq antiterror kolasiyasına qoşulması strategiyasının səbəbləri bu amillə bağlıdır.
Hurriyyet.org
 

Bənzər xəbərlər

Gündəm

0.080782175064087