ABŞ və Rusiyanın sensasion Ermənistan layihələri - Azərbaycan üçün fürsət?
Ermənistanın yeni inqilabçı rəhbəri, baş nazir Nikol Paşinyanın Qərb (ABŞ) və Rusiya arasında qızıl balansı tapmaq cəhdləri iflas sayıla bilər. Bunu “iki stul”da oturmaq siyasətinin boşa çıxması da saymaq olar. Gerçək belədir ki, Paşinyan “məxməri inqilab”dan bir ildən artıq keçməsinə baxmayaraq, nə Rusiyanın, nə də Qərbin, özəlliklə də ABŞ-ın inam-rəğbətini qazana bilib. Müvafiq surətdə nə birmənalı Qərbin (ABŞ-ın), nə də Moskvanın himayəsinə sığına bilib.
ABŞ-ın Paşinyan iqtidarından incikliyinin səbəbi aydındır. Erməni baş nazir ötən zaman kəsiyində quru, şablon bəyanatlardan savayı, Amerikanı razı salan, Qərbin ondan umduğu heç bir addım atmayıb - o cümlədən Qarabağ konfliktinin həllinə real töhfə verməklə o, ölkəsini Rusiyanın təsir zonasından uzaqlaşdırmağa cəhd eləməyib. Ermənistan Rusiyanın orbitində qalmaqda davam edir.
Hərçənd rəsmi İrəvanın Moskva ilə münasibətlərini də isti adlandırmaq çətindir. Ötən həftə Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkinin Ermənistana XİN-ə çağırılaraq, ona eks-prezident Robert Köçəryanla görüşdüyü üçün rəsmi etiraz bildirilməsi, “Rusiyanın Ermənistanın daxilə işlərinə qarışmasını yolverilməzliyi”nin başa salınması özlüyündə az şey demir. Şübhə yox ki, Moskva bu de-marşı cavabsız qoymayacaq. Gələn məlumatlar bu ehtimalı gücləndirir.
*****
Məsələn, Robert Köçəryana (“Qarabağ klanı”na) yaxın media qurumları Sergey Kopırkinin XİN-ə çağırılmasını Nikol Paşinyanın Rusiya-Ermənistan münasibətlərinə zərbəsi kimi qiymətləndirib (teleqraf.com). “Köçəryana qarşı fobiyası olan Paşinyan hökuməti bu düşmənçiliyi Rusiya-Ermənistan münasibətlərinə yönəldir, strateji tandem olan İrəvan-Moskva müttəfiqliyinin gələcəyini təhdid edir. Paşinyan hökuməti isə səfir və Köçəryan arasında baş tutmuş görüşdə üçüncü tərəf axtarır və bu ”sifarişli görüş"ün Ermənistanın təhlükəsizliyini təhdid etdiyini iddia edir. Paşinyan və komandasının şübhələri Putinə qədər gedib çıxır", - deyə qeyd olunur.
Məqalədə daha sonra deyilir: “Paşinyan tərəfdarları iddia edirlər ki, Köçəryanla görüş Rusiya prezidenti Vladimir Putinin sifarişi ilə keçirilib və Ermənistanın mövcud iqtidarına qarşı qiyama hazırlıq məqsədi daşıyır. Halbuki Soros Fondunun dəstəyi ilə hakimiyyətə gəlmiş Paşinyan hökuməti bir dəfə də olsun Ermənistanın daxili işlərinə qarışan ABŞ səfirliyinə etiraz etmədi. İndi Paşinyanın komandasında heç kəs amerikalı səfirə barmaq silkələmək istəmir”.
Bütün bunlar İrəvan-Moskva münasibətlərində hələ də tam aydınlığın olmaması fonunda baş verir. O da faktdır ki, Rusiya prezidenti Paşinyanın hakimiyyətdə olduğu 1 ildə hələ də İrəvana səfər eləməyib. Amma əvəzində səfir Kopırkin bağlı qapılar arasında Köçəryanla görüşüb. Yekunda isə səfiri XİN-ə çağıraraq xəbərdarlıq ediblər.
Erməni mənbələr bu xüsusda onu da qeyd edib ki, səfir Sergey Kopırkinin XİN-ə çağırılaraq xəbərdarlıq edilməsi, Rusiya-Ermənistan gərginliyinin pik həddə olmasının göstəricisi və Ermənistanın gələcəyi üçün pis mesajdır. “Serj Sərkisyan və Robert Köçəryanın bütün addımlarını Rusiyaya bağlayan Paşinyan hökuməti daxildəki atmosferi gərginləşdirməklə yanaşı, özünə içindən çıxa bilməyəcəyi dərin quyu qazır”, - deyə Köçəryan tərəfdarları Paşinyan hökumətini, faktiki, Rusiyanın dili ilə hədələyiblər.
Bu hədə kifayət qədər realdır və böyük ehtimalla Paşinyanın başı üzərində “qara buludlar” getdikcə sıxlaşacaq. Özü də təhlükə yalnızca şimaldan gözlənilmir. Belə görünür ki, ABŞ da artıq hərəkətə keçib və bir azdan Ermənistanın indiki rəhbərinə daha layiqli əvəz axtaracaq. Yəni N.Paşinyan belə demək mümkünsə, sürətlə “Yusif Sərrac” rolunda, yəni aralıq fiqur və ya “günah keçisi” (bütün bəlaların səbəbkarı) qismində qəbul edilməkdədir.
*****
Beynəlxalq Məsələlər üzrə Rusiya Şurasının eksperti Aleksey Fonenko hesab edir ki, Nikol Paşinyan iqtidara gələrkən əslində Rusiya ilə münasibətləri gücləndirməyi düşünməyib, o, hakimiyyətə Rusiya ilə münasibətləri və Rusiyanın ölkəsi üzərindəki təsir dairəsini zəiflətmək üçün gəlib. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, “Moskva-Baku” portalına açıqlamasında deyib.
Ekspertə görə, Ermənistanı Rusiyadan uzaqlaşdırmaq Paşinyanın yürütdüyü xarici siyasətin əsas prinsiplərini təşkil edir: “Qərb ona keçid fiquru qismində baxır, Ermənistanın başında Rusiyaya qarşı daha radikal münasibəti olan bir şəxsin durmasını istəyir”, - deyə o bildirib.
“Əvvəlcə Serj Sərkisyan dönəmində Qərb və Rusiya arasında tarazlıq yarada bilən Ermənistan vardı. Sonra isə üzünü tamamilə Qərbə çevirən Paşinyanı hakimiyyətə gətirdilər. Hesab edirəm ki, Ermənistanın Paşinyandan sonrakı lideri Rusiyaya qarşı münasibətdə daha kəskin olacaq”, - deyə Fonenko ehtimal edib.
“Paşinyanda belə təsəvvür var ki, Qərb onu qəbul edir və onunla danışmağa hazırdır, düşünür ki, onun rəqibi Qarabağ klanının belə üstünlüyü yoxdur. Ancaq Qərb yalnız Rusiyadan uzaqlaşan Ermənistan liderinə dözüm göstərə bilər. Paşinyanın siyasəti də yalnız bir istiqamətdə reallaşa bilər - onu elə buna görə də hakimiyyətə gətiriblər. Bu, Rusiyadan və Avrasiya layihələrindən (KTMT, Avrasiya İqtisadi Birliyi - ”YM") uzaqlaşmaq kursudur. Paşinyan ümid edir ki, anti-Rusiya ritorikası vasitəsilə Qərbin rəğbətini qazana biləcək. Ancaq o, anlamır ki, Qərb artıq başqa nəsil liderlərə, daha radikal anti-Rusiya ovqatlı liderlərə stavka edir. Bundan əlavə, heç bir faydalı təbii ehtiyatı və dünya okeanına çıxışı olmayan, qeyri-dost ölkələrlə əhatələnmiş və sərhədləri qapalı olan ölkənin lideri kimi Paşinyan çətin ki, iqtisadi inqilaba nail ola bilsin. Hansı iqtisadi inqilabdan söhbət gedə bilər ki? Bu utopiyadır", - deyə politoloq “demokratik Ermənistan”ı gözləyən aqibəti dilə gətirib...
*****
ABŞ və Rusiyanın işğalçı Ermənistanla bağlı yeni ilginc planlarını, bütövlükdə işğalçı ölkə ətrafında yaşanan siyasi gəlişmələri təbii ki, ən əvvəl Azərbaycan diqqətlə izləmək zorundadır. Çünki bu planların gedişində öz halal torpaqlarımızı ildırım sürətilə azad eləmək fürsəti yarana bilər...