“Qarabağ ixtilafının nizamlanması heç də hamıya sərf eləmir...” - GƏLİŞMƏ
Bu gün Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyanın ABŞ-da görüşü planlaşdırılır. Budəfəki görüşün də ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə keçirilməsi nəzərdə tutulur. Bəzi məlumatlara görə, Vaşinqton görüşünün ardınca az sonra Azərbaycan və Ermənistan rəhbərlərinin təması da Amerikada reallaşa bilər.
Azərbaycan və Ermənistan XİN başçılarının budəfəki görüşü təmas xəttində vəziyyətin gərginləşməsi və İrəvan rəsmilərinin sülh danışıqlarını mənasız edən bəyanat və davranışları fonunda baş tutur. Söhbət xüsusən də işğalçı ölkənin müdafiə naziri David Tonoyanın təmas xəttində hərbçimizin öldürülməsinə şəxsən göstəriş verməsi barədə bəyanatından gedir. Odur ki, ortaya sual çıxır: Vaşinqton danışıqlarından nə gözləmək olar, sülh prosesini davam etdirməyin anlamı qalıbmı?
Hərçənd Azərbaycan XİN-in rəsmisi Leyla Abdullayeva mətbuata açıqlamasında bildirib ki, hər belə görüşdən gözlənti substantiv danışıqlarla prosesin irəli aparılması ilə bağlıdır. “Xarici işlər nazirlərinin Moskva görüşünün davamı olaraq, Vaşınqton görüşündə ümid edirik ki, tərəflər daha konkret nəticələr əldə edəcəklər. Həmçinin fikrimizcə, Ermənistan rəhbərliyinin mövqeyindəki qeyri-müəyyənliyə son qoyulmalıdır. Yalnız aydın mövqe, qətiyyət və siyasi iradə münaqişənin Ermənistan tərəfinin hər zaman dediyi kimi, ”eksklüziv olaraq sülh yolu ilə həllinə" töhfə verə bilər", - deyə o qeyd edib.
O da diqqətçəkicidir ki, ABŞ görüşü ərəfəsində Ermənistanın silahlı qüvvələri işğal altındakı Dağlıq Qarabağda hərbi təlimlərə başlayıb. Bu da sözsüz ki, ABŞ-dakı müzakirələri daha da əhəmiyyətsiz edən təxribatçı bir addımdır. Leyla Abdullayeva bu fakta da münasibət bildirib. XİN-in mətbuat katibi bildirib ki, Ermənistanda müharibə tərəfdarlarının qələbə çaldığına inanmaq istəməzdi, çünki bu dalana aparan bir yoldur: “Xüsusilə də ATƏT-in Minsk Qrupu həmsədrlərinin təklifi əsasında iki ölkənin xarici işlər nazirlərinin Vaşınqton görüşü ərəfəsində Ermənistan tərəfinin bu addımları anlaşılmazdır. Həqiqətən də Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir”.
*****
Bu arada ABŞ-dan Məmmədyarov-Mnatsakanyan görüşü ilə bağlı ilk rəsmi reaksiya gəlib. Belə ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Vaşinqtonun Ermənistan və Azərbaycan arasında Qarabağ konfliktinin həllinə dair dialoqu genişləndirmək niyyətində olduğunun bildirib. Bu barədə o, özünü twitter səhifəsində yazıb.
“Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin dialoqun davam etdirilməsini genişləndirmək üçün nəzərdə tutulan görüşünü səbirsizliklə gözləyirəm. ABŞ regionda sülhün əldə edilməsi üçün yardıma hazırdır”, - deyə o qeyd edib. Boltonun Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşü də gözlənilirdi.
“Yeni Müsavat” xatırladır ki, Tramp administrasiyasında İran və Rusiyaya münasibətdə sərt xətt tərəfdarı kimi tanınan və administrasiyanın xarici siyasətində əsas söz sahiblərindən sayılan Bolton hələ ötən ilin oktyabrında Azərbaycan və Ermənistanda səfərdə olarkən Qarabağ ixtilafının həllini sürətləndirməyin vacibliyini bəyan eləmişdi. Çünki Birləşmiş Ştatlar haqlı olaraq, konfliktdən ən çox Rusiyanın faydalandığı qənaətindədir və hesab edir ki, münaqişənin həllində real irəliləyiş həm Azərbaycan və Ermənistanın, həm də bütövlükdə bölgənin normal inkişafını təmin edər.
Con Bolton xüsusilə də rəsmi İrəvana, “qərbyönlü” baş nazir Nikol Paşinyana belə bir çağırış eləmişdi ki, əgər Ermənistan öz əsas qonşuları - Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmaq, blokadadan çıxmaq istəyirsə, o zaman Dağlıq Qarabağ probleminin həllində konstruktiv mövqe tutmalı və Rusiya orbitindən uzaqlaşmağa çalışmalıdır.
Gözlənildiyi kimi, bu açıqlamalar Kremldə güclü qıcıq doğurmuş, hətta Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Ermənistanı “yanlış addım atacağı” təqdirdə açıq şəkildə təhdid eləmişdi. Sonrakı proseslər bəlli. Paşinyan nəinki Qarabağ məsələsində konstruktiv mövqe tutmadı, əksinə, sülh prosesini bir az da dalana soxan mövqe sərgilədi, Rusiya ilə isə daha da yaxınlaşmaq kursu götürdü.
Bəs ABŞ-ın budəfəki Qarabağ həmləsi necə, nəticə verəcəkmi?
*****
Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov hesab edir ki, düşmənin cəbhə xəttindəki təxribatlarından sonra Azərbaycan və Ermənistan XİN başçılarının ABŞ görüşü faydalı ola bilər. Onun sözlərinə görə, Azərbaycan XİN rəhbəri həmin təxribatlarla bağlı rəsmi Bakının mövqeyini həmsədrlərə çatdıra bilər: “Əlbəttə ki, xarici işlər nazirlərinin görüşləri daha çox məsləhətverici xarakteri daşıyır. Lakin bu görüşdən sonra iki ölkənin rəhbəri - prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın görüşü də reallaşa bilər”.
Erməni rəsmilərinin Qarabağla bağlı ziddiyyətli, konfliktin həllinə yalnız ziyan vuran bəyanatlarına toxunan ekspert Ermənistan daxili situasiyanın olduqca gərgin olmasına diqqət yönəldib: “Orada hakimiyyətlə Qarabağ klanı arasında sərt mübarizə gedir. Bundan əlavə, Sərkisyan dönəmində müdafiə nazirinin müavini olan və aprel döyüşləri zamanı İrəvana qaçan müdafiə naziri David Tonoyan indi populist bəyanatlar verir, publikaya oynayır və bu yolla öz reytinqini erməni siyasi isteblişmenti arasında qaldırmağa çalışır. Bəllidir ki, aprel müharibəsindən sonra Tonoyan vəzifəsindən uzaqlaşdırılıb. Paşinyan isə ona görə onu müdafiə naziri təyin edib ki, Tonoyanın generalitet arasında güclü dayağı, güclü resursları yoxdur”.
Politoloqa görə, bu gün Cənubi Qafqaz Rusiya və ABŞ arasında geosiyasi mübarizə meydanına çevrilib və Dağıq Qarabağ ixtilafının nizamlanması heç də hamıya sərf eləmir, nədən ki, bu prosesin yekununda regiona təsir rıçaqları itirilə bilər. “Çoxları konfliktin qızışdırılmasında maraqlıdır. Ancaq hər halda, problemin nizamlanmamış qalmasında ilk növbədə erməni hakimiyyəti günahkardır - istər Köçəryan-Sərkisyan rejimi olsun, istərsə də indiki Paşinyan hakimiyyəti”, - deyə ekspert əlavə edib.
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ABŞ görüşü Qarabağ məsələsi ətrafında məhz qeyd edilən reallıqlar və gəlişmələr fonunda baş tutur...