Azərbaycan Güləş Federasiyası: Avropanın fəthindən Olimpiya zirvəsinə doğru
Azərbaycan güləşi bu gün özünün inkişaf dönəmini yaşayır. Təxminən bir il öncə Azərbaycan Güləş Federasiyası (AGF) müəyyən çətinliklərlə üzləşsə də, bu vəziyyətdən alnıaçıq çıxmağı bacarıb. Ötən bir il ərzində qazanılan uğurlar bunu deməyə əsas verir. Bu uğurlarda isə Azərbaycan güləşçilərinin bacarığı, usalığı ilə yanaşı heç şübhəsiz ki, AGF rəhbərliyinin də müstəsna xidmətləri var. Məlumat üçün bildirək ki, təxminən bir il əvvəl, 2018-ci ilin əvvəllərində Federasiyada köklü kaddr islahatları aparıldı. AGF baş katib vəzifəsinə Orxan Məmmədov təyin olundu, eyni zamanda, vitse-prezident vəzifəsinə Firdovsi Umudov gətirilib. Maydan etibarən isə Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev yenidən Federasiyaya qayıtdı və federasiya prezidentini vəzifəsinin icrasına başladı. Məhz onun federasiya rəhbərliyinə qayıdışından sonra dövlətin də ciddi dəstəyi ilə maliyyə və digər problemlər aradan qalxıb. Onu da bildirək ki, Namiq Əliyev tək ölkə daxilində deyil, beynəlxalq səviyyədə güləş aləmində böyük nüfuza malikdir. Bunun nəticəsidir ki, o 2010-cu ilin sentyabrında FİLA Konqresinin Moskvada keçirilən iclasında 56 səs çoxluğu ilə FİLA İcraiyyə Komitəsinin üzvü, 2016-cı ilin sentyabrında Dünya Güləş Birliyinin Fransanın Makon şəhərində keçirilən iclasında Konqres iştirakçılarının böyük əksəriyyətinin səsi ilə növbəti 6 illik müddətə İcraiyyə Komitəsinin üzvü seçilib. Təsadüfi deyil ki, Gənclər və İdman naziri zamanında bu kadr islahatlarını yüksək qiymətləndirərək demişdi: “Namiq Əliyev güləş aləmində kifayət qədər tanınan və güləşimizin inkişafına öz töhfələrini vermiş insandır. Onun yenidən federasiyaya dönüşünü hər kəs çox müsbət qiymətləndirib. Firdovsi Umudov komandamızın daim Vətənə qələbələrlə qayıtmasında xüsusi zəhməti və xidməti olan insandır. Əminəm ki, federasiyanın vitse prezidenti və milli komandanın baş məşqçisi olaraq bundan sonra da zəhmətini əsirgəməyəcək”.
Doğurdan da rəhbərliyin dəyişilməsindən sonra gözləntilər özünü doğrultdu. Məsələn ötən il, Azərbaycan güləşçiləri Avropa çempionatında uğurla çıxış etdilər. Komandamız 14 medal qazandı. Nəzərə alsaq ki, çempionat güləş ənənələrinin güclü olduğu, dünya güləş tarixinə adlı-sanlı pəhləvanlar bəxş edən Dağıstanda təşkil olunmuşdu, 14 medal qazanmaq əla göstəricidir. Bundan başqa ötən il, Azərbaycan güləş tarixinə başqa bir rekord gətirdi. Dünya Güləş Birliyi (UWW) ilin sonunda beynəlxalq kateqoriya alan və dərəcəsini yüksəldən hakimlərin adlarını açıqlayıb. İmtahanlardan uğurla keçən 6 hakimimiz sevindirici xəbər alıb. Belə ki, Sədi Quliyev ən yüksək kateqoriya hesab olunan I-S dərəcəsinə yüksəlib. Bununla da olimpiya kateqoriyalı hakimlərimizin sayı 4-ə çatıb. Bu da Azərbaycan güləş tarixində yeni rekorddur. Bundan başqa Güləşin bu il Bakıda keçiriləcək Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalının idman proqramına salınması çox mühüm bir hadissədir. On doqquzuncu dəfə təşkil olunacaq bu festivalın tarixində güləş heç vaxt proqrama salınmayıb. İlk dəfə olaraq, məhz AGF Dünya Güləş Birliyinə müraciət etdi və məsələ müsbət həllini tapdı. Artıq Avropa Olimpiya Komitəsi də razılığını bildirib. Bütün bu uğurların kökündə isə Azərbaycan Güləş Federasiyası rəhbərliyinin düzgün aparılan siyasəti və xüsusilə də Federasiya prezidenti Namiq Əliyevin nüfuz və xidmətləri durur.
Bu günlərdə isə Azərbaycan güləşçiləri idman ictimaiyyətinə daha bir sevinc verdilər. İtaliyanın Faenza şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında yunan-Roma güləş üzrə yarışa yekun vurulub. Qitə birinciliyində möhtəşəm çıxış edən yığmamız 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb və 135 xalla Avropa ikincisi olub. Komandamız yalnız 178 xalla Avropa çempionu olan Rusiyadan geri qalıb. Üçüncü yeri isə 117 xal toplayan Gürcüstan tutub. Xatırladaq ki, millimizin tərkibində Fərid Sadıqlı (45 kq), Məlik Əliyev (48 kq) və Nihat Məmmədli (55 kq) Avropa çempionu olaraq İtaliyada himnimizi səsləndirib. Laçın Vəliyev (92 kq) gümüş, Xasay Həsənli (65 kq) ilə Allahverdi Əliyev (71 kq) isə bürünc medala sahib olub.
Hazırda Azərbaycan Güləş Federasiyasının əsas hədəfi “Tokio 2020” Yay Olimpiya Oyunlarıdır. Milli komandamızın üzvlərinin beynəlxalq turnirlərdə çıxışı Olimpiadaya hazırlıq kimi dəyərləndirilir. Bəzi çətinliklər yaranıb. Belə ki, Beynəlxalq Olimpiya Komitəsi idmançıların sayını azaldıb. Əvvəllər hər çəki dərəcəsində 21 idmançı lisenziya ala bilirdi. İndi bu rəqəm 16-ya endirilib və nəticədə iştirakçıların sayı 30 faizədək azalıb. Tokio Olimpiadasında, həmçinin yenilik tətbiq olunacaq. Qalib komanda medalla mükafatlandırılacaq. İdman ictimaiyyəti inanır ki, bu tədbirdə də Azərbaycan adı yüksəklərə qaldırılacaq.
AnaXeber.info
Azər Talıbov