Jun 14

İnternet “Artsax Respublikası”nı “Azərbaycan Respublikası” kimi tərcümə edir - Trampı isə “avara” kimi...

Çağdaş dövrdə müasir texnologiyalardan istifadə etmədən işləmək, yaşamaq çətindir. Biz də qələm əhli, jurnalist olaraq bəzən bilmədiyimiz dillərdə olan materialları tərcümə etmək üçün internet vasitələrindən, o cümlədən “Translate.google”dan yararlanmağa məcbur oluruq. Ancaq təbii ki, bu tərcümələr çox zaman yalnız hərfi tərcümə olur və bir çox yanlışlıqlara yol verilir. Əlavə məlumatlar bilmədən, toplamadan həmin yanlışlıqları düzəltmək çətindir. Məsələn, erməni dilindəki saytlarda işğal altındakı torpaqllarımız və Ermənistana aid materialları erməni dilindən rus dilinə çevirərkən(həmin saytlarda yalnız ingilis və rus dillərinə tərcümə sistemi olur) çox qəribə və gülməli nəticələr alınır. Misal üçün, qondarma “Artsax respublikası” söz birləşməsi rus dilinə “Azərbaycan Respublikası” kimi, ABŞ prezidenti Trampın adı isə “bradyaqa”, yəni “avara”, “vecsiz” kimi tərcümə olunur. Maraqlıdır ki, brodyaqa sözünü “Google –tərcüməçi” rus dilindən Azərbaycan türkcəsinə çevirəndə yenə “Tramp” alınır. Əslində Trampın adının avara kimi tərcümə olunmasında da bir gerçək var. Hakimiyyətə gələndən dünyanı avara gününə qoyub və abır-həyası da olmadığından heç kəsi də vecinə almır, ağlına nə verir, edir...

“Google translate” isə “Artsax respublikası”nı “Arktika respublikası” kimi çevirir. Hətta bir dəfə ermənicə xəbərlərdən birində “Biz Qarabağ müharibəsini udmuşuq” cümləsinin “Biz Qaradağ müharibəsini udmuşuq” kimi tərcümə edilməsinin də şahidi oldum.

“Artsax respublikası”nın “Azərbaycan Respublikası” kimi çevrilməsi bir tərəfdən yaxşıdır ki, bir növ dolayısıyla sübut edir ki, əslində həmin ərazi Azərbaycan Respublikasına aiddir. Amma pis tərəfi ondadır ki, separatçı lider Bako Saakyan bu cür tərcümələrdə “Azərbaycan Respublikasının prezidenti” kimi təqdim olunur. Digər bütün separatçı “nazirlik”lərin rəsmi adları da rus və Azərbaycan dillərinə “Azərbaycan Respublikası ... Nazirliyi” kimi tərcümə edilir.

Hələ “Google”ni xəritələrində Azərbaycan torpaqlarındakı toponimlərin, şəhər, kənd adlarının ermənicə təqdim olunmasından, işğal altındakı ərazilərimizin ingiliscə "Dağlıq Qarabağ Respublikası" kimi adlandırılmasından danışmırıq... 

P.S. Axı Azərbaycan torpağının erməninin əlində nə işi var ki, biz də bu gün həmin ərazinin adının, oradakı separatçı vəzifə sahiblərinin vəzifələrinin tərcüməsi ilə maraqlanmağa məcbur olaq. Axı torpaqlarımızın 30 ilə yaxın işğal altında qalmasının səbəbkarı da internet, “Google” deyil...
 \\moderator.az\\ 

Bənzər xəbərlər

Gündəm

0.017668008804321