"O kampaniya dayandırılmalıdır"!...
Bu fikri tanınmış jurnalist-yazar, Vüsal Rzazadə saytımıza müsahibəsində qeyd edib.
Xəbər verdiyimiz kimi jurnalist Vüsal Rzazadə son zamanlar səhhətində yaranan problemlə əlaqədar gündəmə gəlmişdi. 06.06.2019 tarixində Vüsalla görüşüb səhhətiylə bağlı ondan müsahibə aldım
- Salam Vüsal bəy! Son zamanlar səhhətinizdə yaranan problemlə bağlı sizi sevənlər və dostlarınız nigarandır. Vəziyyətiniz necədir ?
- Şükür bu günə! Hələ ki,yaşayıram. Yataq rejimində deyiləm. Bir gündən bir dializ aparatına qoşuluram.
- Səhhəttiniz necədir ? Özünüzdə nə hiss edirsiniz ?
- "Məlumdur ki, iki böyrəyim də fəaliyyətini dayandırıb. Böyrəyi əvəz edən aparat olmasa yaşamağım mümkün deyil. Aparatsız qanda zəhərin miqdarı artır, təzyiqim yüksəlir və bədənim şişir, nəfəs almağım mümkün olmur. Aparata qoşulan gün halsız oluram, başım gicəllənir. Növbəti gün halsızlıq davam etsə də, uzun yol gedə, pilləkən qalxa bilməsəm də, təngənəfəs olsam da, həyat axarıyla davam edir"
- Səhhətinizin yaxşılaşması üçün hansı müalicələr lazımdır və hansı müalicələri etdirirsiniz ?
- Deyirlər ki, bu xəstəliyin müalicəsi yoxdur. Çarə orqan köçürülməsidir. Ancaq, böyrəklərimin fəaliyyəti dayansa da, özləri qurumadığı üçün, həm də, Allaha bağlı insan olduğumdan ümidimi tam da itirməmişəm. Mənə elə gəlir ki, hansısa ölkədə, kimsə bunun müalicəsini bacarar. Araşdırmaq lazımdır. Bunun üçün isə, xeyli maddi vəsait tələb olnur. Bunu dostlara da demişəm. Yoxsul, acından ölən deyiləm. Gündəlik həyat üçün xərcliyim var. Ancaq müalicə və orqan köçürülməsi üçün tələb olunan maddi vəsaitə imkanım çatmır"
- Vüsal bəy,vəsait demişkən, bu yaxınlarda yüzə yaxın ziyalı sizin üçün birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etmişdi. Hətta bu müraciət sosial şəbəkələr və media üzərindən də edilmişdir. Bu müraciətin nəticəsi nə oldu ?
- Doğrudur, belə bir müraciət olmuşdu. Sizlər, jurnalist dostlarım sağ olsunlar, bu məsələni xeyli gündəmdə saxladılar. Hələ ki,cavab yoxdur. Düşünürəm ki, Cənab Prezidentimizin, yaxud da Mehriban xanım Əliyevanın xəbər tutması üçün gündəm yetərli olmadı. O ki, qaldı göndərilən müraciətə, yəqin ki, məktub hardasa yubanır. Yoxsa ki, indiyə kimi cavab gəlmiş olardı.
- Deyəsən, dostlarınız sosial şəbəkələr vasitəsi ilə yardım kampaniyası da başladıb. Bu barədə nə deyə bilərsiniz ?
- Sağ olsunlar dostlar və media cameəsi! Daim maraqlanır, diqqətdə saxlayırlar. Nələrsə etməyə çalışırlar. Ancaq, məncə bu kampaniya dayandırılmalıdır! Çünki, istəmirəm ki, onsuz da sosial durumları yaxşı olmayan, kasıb insanlar öz büdcələrindən kəsib mənə yardım etsinlər. Bu köməklik ancaq yaxın dostların və imkanlı şəxslərin işidir.
- Indi nə işlə məşğulsunuz? Hansısa işlə məşğul olmağa fiziki imkanınız varmı?
- Olmalıdır. (Gülümsəyir) Əksinə, işim artıb. Dializ ölümə aparır, deyirlər. Həm hər ötən gün bədən bir az daha haldan düşür, həm də bir gündən bir vaxtını aldığı üçün, gerisayımın da yarısını almış olur. Yeni layihələrimlə yanaşı xəstələrlə də məşgul olmağı düşünürəm. Məsələn, dializ xəstələrinin cəm olduğu bir ictimai təşkilat- Dializ xəstələri komitəsi. Bütün hallarda çalışmalıyıq ki, cəmiyyətə xeyrimiz dəysin. Qalan ömûr boşa getməsin. Vaxt azdır, gözləmir...
- Son olaraq xüsusi bir deyəcək sözünüz varmı??
- "Yox! Nə olacaq ? Hər şey İlahinin təqdiridir. Başa gələn çəkilər. Hər kəsə, bütün dostıara və media işçilərinə öz təşşəkkürümü bildirirəm.
PS. Dəyərli jurnalist həmkarımız,
dostumuz, öz səmimiliyi,
insansevərliyi ilə seçilən Vüsal Rzazadənin tezliklə sağalmasını Uca Yaradandan arzu edirik. Amin!.
Seyid Hüseyn Qədrioğlu