Aug 06

“Əvvəl icra başçılarına söz demək olmurdu, indi qolunu qandallayıb basırlar qoduqluğa”

Son illər Azərbaycanda vəzifəyə təyin olunan şəxslərin özbaşınalıqlarının şahidi oluruq. Kimin gəliri artırsa, özbaşnalığa yol verir, insanları alçaldır, qanunlara məhəl qoymur və s. Biz həbs olunan icra başçılarının, polisi döyən sabiq deputatın timsalında dəfələrlə bunun şahidi olmuşuq. Azərbaycanda niyə pulun, vəzifənin qarşısında bir çox insan duruş gətirə bilmir?

Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu mövzu ilə əlaqədar Yenisabah.az-a danışıb. O Azərbaycanın hələ də kapitalizmin ilk mərhələsində olduğunu, kimin əlinə pul düşsə özünü sahibi-zaman hiss etdiyini bildirib:

“Azərbaycan müstəqilliyinin cəmi 30 il tarixi var. Başqa bir quruluşu ya biz dağıtmışıq ya özü dağılıb. Bu tamamilə ayrı məsələdir. Həmin quruluş dağıldıqdan sonra tamamilə başqa bir ictimai-iqtisadi formasiya qurulub. Biz istəyirik ki, birdən-birə keçək Amerika demokratiyasına, Almaniya qayda-qanunlarına, lakin bu mümkün deyil. Biz boş bir yerdə, vakkum üzərində dövlət qururuq. Yeni yaranan dövlətdə formasiya kapitalizm adlanır. Biz bu kapitalizmin ilk mərhələsindəyik yəni, vəhşi kapitalizm. Vəhşi kapitalizmdə kim güclüdür, kimin əlinə haradansa oğurluq pul düşürsə, özünü sahibi-zaman hiss edir”.

Baba Vəziroğlu son zamanlar çox sayda islahatların aparıldığını qeyd edib:

“Əvvəlki zamanlara nəzər salsaq görə bilərik ki, icra başçılarına bir kəlmə söz demək olmurdu, indi isə gedib kabinetində qolunu qandallayıb gətirib basırlar qoduqluğa. Deməli strukturlarla bağlı islahat proses başlayıb. Hələki cəmiyyətdə bu islahatlar dərk olunmur. İnsanlar hələ tam olaraq kamillik dərəcəsinə çatmayıb ki, hökumətlə paralel cəmiyyətdə də bu islahatlar öz əksini tapsın. Bir məsəl var, deyir gərək gözü çıxmış qardaşdan dərs götürəsən. Bizdə kamillik o qədər çatmır ki, heç nədən dərs almırıq. Baxırıq ki, kimisə aparıb salıblar türməyə, amma iki gün sonra yenə həmin icra başçısı həmin kabinetdə eyni cinayəti təkrarlayır. Lakin hər bir problemli məsələ yavaş-yavaş düzələcək”.

Şair deputat Eldəniz Səlimovun polisi döyməsinə də toxunub:

“Bu problemləri sahəyə ayırmaq olmaz. Meşə çaqqalsız olmur. Hər sahədə çaqqallar olduğu kimi Milli Məclisdə də var. Onlar da azərbaycanlıdır və bir çoxları sovet dönəmində yaşayıb. Müstəqilliyə qədəm qoysalar belə şüur hələ də o illərdə qalıb. Köhnə sistem yavaş-yavaş təzələnir. Bundan öncəki Milli Məclis korpusu özünü doğrultmadı, prezidentin qərarı ilə seçkilərə gedildi. Əgər bu korpus da özünü doğrultmasa, yenidən seçkilər keçiriləcək. Burada heç bir problem yoxdur. Hazırki korpus digərinə nisbətən daha təmiz korpusdur. Növbəti seçkilər olsa daha da təmizlənəcək. Çünki yeni kadr axını gəlir. Xaricdə təhsil almış, xarici dil bilən insanlar vəzifəyə gətirilir. Azərbaycan üçün həmin şəxslər daha faydalı işlər görəcəklər”.

Bənzər xəbərlər

Gündəm

0.054855823516846