GündəmMay 29

“AXC SƏRHƏDLƏRİNİN BƏRPASINA CƏHD ETMƏLİYİK” – “Azərbaycan KTMT-yə daxil ola bilməz”

İrəvan rəsmi Bakının Azərbaycan-Ermənistan dövlət sərhədini müəyyənləşdirmək üçün atdığı addımlara müqavimət göstərir, gərginlik yaradır, müxtəlif təxribatlara əl atır. Buna paralel olaraq, Rusiya Xarici İşlər nazirinin müavini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qapılarının bütün MDB ölkələrinə açıq olmasını deməklə, bir növ Bakıya isti mesajlar göndərir.

Rusiya ilə yanaşı İran da bölgədəki proseslərdə iştirak etmək üçün cəhdlər göstərir, generallarını İrəvana ezam edir, Xarici İşlər nazirini Bakıya və İrəvana səfərə göndərir və s.

“AzPolitika.info” bölgədə yaşanan proseləri Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ilə müzakirə edib.

- Fəzail bəy, sərhədlərin delimitasiya və demarkasiya prosesilə bağlı Ermənistan tərəfinin təxribatları açıq-aydın müşahidə olunmaqdadır. Bu prosesi necə dəyərləndirirsiniz, sərhəddə baş verənlərin adı nədir?

- 44 günlük Zəfər Müharibəsindən sonra Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biri və birincisi Ermənistanla sərhədlərin dəqiqləşdirilməsi və sərhədlərimizdə silahlı qüvvələrimizin yerləşdirilməsi idi. Çünki Sovet hakimiyyəti dövründə müttəfiq respublikalar arasında dövlət sərhədi anlayışı olmayıb. İnzibati sərhədlər mövcud olub və bu da müvafiq xəritələrdə öz əksini tapıb. Azərbaycanın BMT-də tanınmasında bu inzibati sərhədlər əsas olaraq götürülüb və Azərbaycan bu sərhədlər daxilində tanınıb. Başqa sözlə, bir zamanlar mövcud olan inzibati sərhədlər dövlət sərhədləri statusunu alıb. 1980-cı illərin sonu, 1990-cı illərin əvvəllərində Ermənistanın öz himayədarlarının fəal köməyi ilə Azərbaycana etdiyi təcavüz nəticəsində Azərbaycan-Ermənistan sərhədləri qeyri-müəyyən qalıb və situasiyadan istifadə edən ermənilər SSRİ vaxtı mövcud olan inzibati sərhədləri pozaraq, Azərbaycanın daxilinə doğru irəliləyib. Yəni zamanında mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayəti və ətrafında olan 7 rayonu işğal etməklə kifayətlənməyiblər, imkan daxilində digər yerlərdə də Azərbaycanın içinə doğru irəliləyiblər. Bildiyiniz kimi, Qazaxın 7 kəndi, eləcə də Sədərək rayonunun Kərki kəndi Ermənistanın nəzarətinə keçib. Həmçinin, hazırda Zəngilan, Qubadlı, Laçın istiqamətində də həyasızcasına Azərbaycan torpaqlarına giriblər. Son müharibədən sonra Azərbaycan dövləti həmin xəritələr əsasında öz sərhədlərini bərpa edir. Ermənilərsə öz spesifik xüsusiyyətlərinə uyğun olaraq, haray-həşir salırlar. Ancaq reallıqda səs-küy deyil, Sovet zamanı mövcud olan xəritələr əsas götürülür. Bu da ermənilərə sərf etmir.

Təəssüf doğuran odur ki, Ermənistanın bu davranışlarına bir sıra dövlətlər - Fransa, Kanada, Hollandiya, Lüksemburq və artıq İran da qeyri-adekvat reaksiya göstərir, Ermənistanı müdafiə edirlər. Bu, Azərbaycanın haqq və ədalətə söykənən addımlarına qarşı çıxmaqdır. Hətta Fransa daha irəli gedərək, Avropa Parlamenti səviyyəsində Azərbaycan əleyhinə haqsız qətnamə qəbul edilməsinə nail olub. Görün, beynəlxalq hüquq normaları hansı səviyyədə ayaq altına atılır ki, təkcə sərhədlər məsələsi qoyulmur, əsirlər məsələsi köhnə hava kimi çalınır, hətta Qənimətlər Parkının bağlanması kimi həyasız fikirlər ifadə olunur. Bu, Azərbaycanın suveren hüquqlarına təhdiddən başqa bir şey deyil. Buna baxmayaraq, Azərbaycan dövləti öz gücünə və beynəlxalq hüquqa söykənərək sərhədlərini dəqiqləşdirir. Bunun da qarşısını almaq mümkün deyil. Ermənistanda indi seçki ərəfəsidir. Sərhəd amilindən müxtəlif maraqlı qüvvələr istifadə etməyə çalışır. Həm Nikol Paşinyan, həm də ona rəqib olan erməni siyasətçiləri bundan yararlanmaq, erməni cəmiyyətində xal yığmaq üçün cəhdlər edirlər. Amma bütün hallarda şübhəsiz ki, Azərbaycan dövlət sərhədlərini dəqiqləşdirəcək və bu məsələdə Azərbaycana kimsə mane ola bilməyəcək.

Bu məsələdə ən təəccüblüsü budur ki, İran yenidən öz ampluasına qayıdır...

- İranı xüsusi vurğulayırsınız. Sizcə, İranın bu məsələ ilə bağlı yürütdüyü siyasət nəyə hesablanıb?

- Azərbaycan torpaqları işğal ediləndə İran Ermənistana qarşı bu cür fəallıq nümayiş etdirmirdi. Ermənistanın haqsız və ədalətsiz işğalçılıq siyasətinə qarşı çıxmır, sadəcə, quru fikirlər ifadə etməklə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyirdi. Amma faktiki olaraq, Ermənistana hər cür yardım göstərirdi. İndi biz yenə də sosial şəbəkələrdə İrana aid yük avtomobillərinin, hansı ki, içində nə olduğu bilinmir, Xankəndinə doğru hərəkət etdiyini görürük. Bunlar “Kral”, “Maral” adlı şirkətlərin avtomobilləridir, dövlət nişanları da açıq görünür. Eyni zamanda, İran parlamentinin təhlükəsizlik məsələlərilə əlaqədar komitəsinin sədrinin “İran sərhədlərin pozulmasına imkan verməyəcək” tipli bəyanatları ortaya çıxır. Bu, anlaşılmaz bir şeydir. Yəni, sərhədlər pozulurmu? Axı, mən sadəcə dövlət sərhədlərimi bərpa edirəm! Sənin buna nə qarışacağın var, get işinlə məşğul ol. Yaxşı olar ki, diqqətini daxili işlərinə yönəldəsən.

- Bütün bunlar ondan xəbər verir ki, bu gün İran Ermənistanla bir yerdədir?...

- İran Ermənistanla bir yerdədir və Zəngəzur dəhlizinin açılmasına ən ciddi maneçilik yaradan dövlətlərdən biridir. Məsələ ondadır ki, Zəngəzur dəhlizinin açılması İranın Ermənistana yönəlik bütün imkanlarını məhdudlaşdırır. Çünki İranın Ermənistanla sərhədi indiki dövrdə yalnız Mehridən keçir. Mehridən keçən Zəngəzir dəhlizi açıldığı təqdirdə avtomatik olaraq beynəlxalq status alacaq. Bu halda İranın imkanları xeyli dərəcədə məhdudlaşır. Beləliklə, İran özünün planlarını həyata keçirməkdə aciz qalır. Ona görə də İran ən müxtəlif yollarla həm Zəngəzur dəhlizinə qarşı çıxmağa, həm də Ermənistana əlavə güc verməyə çalışır. Digər tərəfdən də separatçıları bizə bəlli olmayan yüklərlə təmin etməkdə davam edir. Və bütün bunlar qonşuluq siyasətinə, Azərbaycanın İrana olan münasibətinə adekvat deyil.

- Biz sərhədləri bərpa etməyə çalışırıq, erməni tərəfi isə buna qarşı çıxır, maneələr yaradır, hətta açıq təxribatlara əl atır. Bu şəraitdə yeni qarşıdurma perspektivi görünürmü?

- Ermənistan tərəfindən yenidən konflikt yaradılması, məncə, Ermənistanın intiharı olardı. 44 günlük müharibədə Azərbaycan Silahlı Qüvvələri düşmən ordusuna ölümcül zərbə vurub. Bundan sonra 10 illər lazımdır ki, Ermənistan arzu etdiyi şəkildə ordusunu bərpa edə bilsin. Bu amilə görə Ermənistan cəsarət edib Azərbaycana qarşı təcavüzkar siyasətini bərpa edə bilməz. Hesab edirəm ki, bu amil kifayət qədər ciddidir.

İkincisi, sərhəd məsələsində yaranmış vəziyyətlə əlaqədar Ermənistanın Baş naziri ən müxtəlif ölkələrə və liderlərə müraciət etdi. Vladimir Putinlə, Emmanuel Makronla danışıqlar apardı. O cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrlik edən Tacikistanla əlaqə yaratdı. Ancaq Makron istisna olmaqla, heç kimdən dəstək ala bilmədi. Əgər, onların dediyi kimi Ermənistanın təhlükəsizliyində əsas rol oynayan KTMT və Rusiya bu məsələdə kifayət qədər təmkinli, ədalətli və haqqa söykənən davranış nümayiş etdirdisə, deməli, Ermənistan cəsarət edib Azərbaycanla sərhəd istiqamətində aktiv döyüş əməliyyatına girə bilməz.

Son günlər Kəlbəcər istiqamətindən ərazimizə daxil olub diversiya yaratmaq istəyən faşist ölkənin hərbçiləri layiqli cavablarını aldılar və almaqda davam edəcəklər. İgid və qəhrəman silahlı qüvvələrimiz sərhədlərimizi və ərazi bütövlüyümüzü göz bəbəyi kimi qorumaqdadırlar.

- Erməni tarixçiləri və şərhçiləri Zəngəzur dəhlizinin açılmasının və Azərbaycanın sistemli davranışının nəticə olaraq Zəngəzurun itiriləcəyini anons edirlər. Tarixçi professor olaraq bu haqda nə düşünürsünüz?

- Fakt budur ki, müasir Azərbaycan dövlətini 1918-1920-ci illərdəki Azərbayan Xalq Cümhuriyyətinin (AXC) varisi elan etmişik. Varisin də bütün elementləri dövlətçiliyimizdə təsbit olunub. Bayraq, himn və gerb. Eyni zamanda o dövrdə yaranan dövlət qurumlarının hər birinin yubileyi yüksək səviyyədə keçirilir, qəbul edilən qərar və qətnamələr bu gün Azərbaycan dövlətçiliyində əsas kimi nəzərə alınır. Belədirsə, onda biz Azərbaycanın 1918-1920-ci illərdəki ərazilərinin varisliyini də təmin etməliyik. 1918-1920-cillərdə Azərbaycan Xalq Cümhuriyyətinin sərhədləri 114 min kv. kilometr idi. Biz hüquqi baxımdan həmin miqyasda əraziyə iddiaçı ola bilərik və olmalıyıq da. Bunun üçün bizim hüquqşünaslar beynəlxalq səviyyədə məsələni müzakirəyə çıxarmalıdır, ən müxtəif platformalarda bunu aktuallaşdırmalıyıq, eyni zamanda Azərbaycan mediası və siyasətlə məşğul olan qüvvələr bu məsələdə fəal olmalı və bunu həyata keçirmək üçün addımlar atmalıdır. Lazım gələrsə, bunun üçün silahlı qüvvələrimizin imkanlarından istifadə etməliyik.

- Rusiya Xarici İşlər nazirinin müavini Rudenko bəyan etdi ki, KTMT-nin qapıları bütün MDB ölkələrinin üzünə açıq olmalıdır. Sizcə, Azərbaycan bu qurumun üzvü olar bilərmi?

- Rusiya çox maraqlıdır ki, Azərbaycan KTMT-də təmsil olunsun. Çünki Azərbaycan nəinki Cənubi Qafqaz, eyni zamanda Yaxın Şərq üçün açar ölkədir. Bəli, bu məsələ Rusiyanın strateji maraqları çərçivəsindədir. Ancaq Azərbaycan dövlətinin öz maraqları, söykənmiş olduğu prinsiplər var və buna uyğun olaraq, öz xarici siyasətini qurur, ölçülü-biçili addımlarını atır. Azərbaycan Qoşulmama Hərəkatının ən fəal üzvü və həm də sədridir. Ona görə də Azərbaycan bu hərəkatın üzvü kimi nə NATO-ya, nə də KTMT-yə daxil ola bilməz. Çünki onun bugünkü mövqeyi bunu tamamilə istisna edir.

- Bəzən belə fikirlər səsləndirilir ki, əgər ruslar daha ədalətli davranaraq, Xankəndi və digər ərzilərimizin məsələsini həll etməyimizə şərait yaratsalar, Avrasiya Birliyi, Gömrük İttifaqı və KTMT-də təmsil olunmaq məsələsinə baxmaq olar. Bu yanaşmanı nə dərəcədə ciddi qəbul etmək olar?

- Məsələ ondadır ki, Azərbaycanın Avrasiya Birliyində müşahidəçi qismində təmsil olunması və ya bu quruma üzv olması bəlkə də perspektivdə mümkün görünür. Lakin KTMT-da təmsil olunmağımıza yuxarıda qeyd etdiyim amil imkan vermir.

Əslində, bu gün başqa bir reallıq ortadadır və mən diqqəti bu istiqamətə çəkmək istərdim. Zəngəzur dəhlizinin açılması ilə Türkiyənin və Türk Dövlətlərinin əlaqələri kifayət qədər fəal fazaya daxil olmaq imkanı qazanacaq. Nəzərə alsaq ki, Zəngəzur dəhlizinin açılmasında Azərbaycan və Türkiyə ilə yanaşı Rusiyanın da maraqları böyükdür, o halda üç dövlətin birgə səyi ilə bu dəhlizin açılacağına şübhə yeri qalmır. Mənim buna qətiyyən şübhəm yoxdur. Bu yeni reallığı nəzərə alan Sergey Lavrov artıq Türk Şurasına Rusiyanın da daxil olması təklifi ilə çıxış edir. Bizim Turan dediyimiz türk dövlətlərinin birliyi məsələsinə ruslar praqmatik yanaşır və bunu mümkün hesab edirlər. Ona görə də Rusiyanın gələcəkdə bu ittifaqa daxil olması istəyi ifadə olunur. Həm də bunu belə əsaslandırırlar ki, Rusiya daxilində tatarlar, başqırdlar, çuvaşlar və digər türksoylu xalqlar var, ona görə biz də bura daxil ola bilərik. Mən deyərdim ki, bu, kifayət qədər ciddi arqumentdir. Bu mənada mümkündür ki, gələcəkdə bu ittifaqa Rusiya da daxil olsun.

Bənzər xəbərlər

Gündəm