Jan 08

“İcra başçıları var ki, şəhid, qazi adı eşidən kimi... ” - “...Sanki başından aşağı qaynar su tökülür”

Son günlər sosial şəbəkələrdə yerli icra hakimiyyəti orqanlarının yarıtmaz fəaliyyəti ilə bağlı narazılıq dalğası artmaqdadır. İddialara görə, bəzi yerli icra hakimiyyəti orqanları qazi və şəhid ailələrinə lazımi diqqət və qayğı göstərmir. Onların ərzaq və qida təminatının ödənməsinə yardımçı olmur. Bu nə qədər düzgündür? Axı biz məhz qəhrəmanların sayəsində bu gün rahat nəfəs ala, öz işimizi görə bilirik. Hətta intizarında olduğumuz qələbə sevincini də onların sayəsində yaşadıq, yaşayırıq. Üstəgəl, ola bilsin, həmin məmurların öz ətraflarında, qohum-əqrəbalarında qazi və şəhidlər var. Elə isə niyə belə edirlər? Axı insaf da dinin yarısıdır...Görünür, bəzi icra hakimləri bu misalı bir dəfə belə olsun eşitməyiblər.

Qarabağ Qaziləri İctimai Birliyinin sədri Asəf Əliyev bu barədə “Sherg.az”a açıqlamasında yerli icra strukturlarının fəaliyyətini belə qiymətləndirib:

“Əvvəla, onu deyim ki, icra hakimiyyətləri bir çox məsələləri həll etmək iqtidarında deyil. Onun da səlahiyyətində olmayan məsələlər var.
Üstəlik, elə icra hakimiyyətləri var ki, qazi və şəhid ailələri üçün əllərindən gələni edirlər.
Buna misal olaraq Ağdam icra hakimiyyətini göstərə bilərəm. Amma şəhid, qazi adı eşidən kimi sanki başından aşağı qaynar su tökülən icra hakimiyyətləri də az deyil. Onlar özlərini ağa, şah kimi aparır, öz işləri ilə məşğul olmur, hətta kasıbların olan-qalanını da mənimsəyirlər”.

A.Əliyev, məsələnin həlli üçün təkliflə də çıxış etdi:

“Bildiyiniz kimi, icra hakimiyyətlərinin tabeliyində xüsusi şöbə yaradılır. Biz buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarıq. Amma illərdir dediyimiz bir məsələ var: şəhid və qazilərin müdafiəsi ilə məşğul olan xüsusi komitə yaradılmalıdır. Belə olsa, biz də problemlərimizlə bağlı bir ünvana müraciət edərik”.

Bənzər xəbərlər

Gündəm

0.026571035385132