May 17

“Cəmil Həsənli bu rəqəmi haradan götürüb?”

Milli Şuranın sədri Cəmil Həsənli “Amerikanın Səsi”nə geniş müsahibə verib. Tarixçi professor həmin müsahibədə iki ciddi iddia ilə çıxış edib. MŞ rəhbəri Azərbaycanın Avropa İttifaqı ilə strateji tərəfdaşlıq sazişini imzalamağa hazır olmadığını bildirib. O, fikirlərinə arqument kimi, ölkəmizdə insan haqları və bu tipli məsələlərdə olan problemləri göstərib.

C.Həsənlinin ikinci iddiası müdhişdir. MŞ rəhbəri son 2-3 ildə Azərbaycanda 30-a yaxın vətəndaşın məhkəməsiz, istintaqsız terrorist kimi güllələndiyini deyib. Bu da olduqca ciddi bir iddiadır.

MŞ rəhbərinin dediklərinə Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”da aydınlıq gətirdi: “Kifayət qədər ciddi qurum olan Avropa İttifaqının, eyni zamanda, yetərincə dövlətçilikdə əhəmiyyətli təcrübəsi və dəyişilməz prinsipal mövqeyi olan İlham Əliyevin stolun üstündə olan və razılaşdırma prosesi gedən müqavilənin ayrı-ayrı bəndləri haqqında Cəmil Həsənli haradan məlumat götürə bilər? Təbii ki, heç yerdən. Deməli, onun dedikləri əsası olmayan fikirlərdir. Sadəcə olaraq, Azərbaycanın mövqeyini zəiflətmək və bu mövqeyi zəiflətməklə Avropa İttifaqının maraqları çərçivəsində sərf edən sazişi imzalatmağa çalışan qüvvələr var. Cəmil Həsənli kimi şəxslər də məhz onların diktəsi ilə hərəkət edərək, Azərbaycanın daxilində ictimai rəyi bu şəkildə formalaşdırmağa cəhd göstərir. Dəfələrlə söyləmişəm, indi bir daha deyirəm: Cəmil Həsənli tarixçi kimi özünü təsdiq etmiş alimdir. Ancaq bu adam yaşının ixtiyar çağında da dərk etmir ki, siyasət onluq deyil. Yalanlarla, böhtanlarla, Azərbaycana şər atmaqla siyasətdə qalmaq mümkün deyil. Ən azından həm də Azərbaycanın tarixində şərəfli bir yer tutmaq mümkün deyil. Ona görə də, ümidvaram ki, yaxın vaxtlarda imzalanacaq sazişdə Azərbaycanın təkid etdiyi, xüsusilə üstündə dayandığı məsələ olan bu sazişdə ölkəmizin birmənalı olaraq ərazi bütövlüyünün tanınması, işğal olunmuş ərazilərimizin azad edilməsi prinsipi öz əksini tapacaq. Bu da Azərbaycanın milli maraqlarına söykənən mövqedir. Ölkə prezidenti heç bir halda bu prinsipdən imtina etməyəcək. Necə ki, bir neçə gün bundan öncə Brüsseldəki sammitdə qəbul ediləcək bəyannamədə dövlətimizin kəskin mövqeyi ortada oldu. Bütün bunlar Azərbaycanın dəyişməz mövqeyinin ifadəsi idi. Avropa İttifaqı çalışır ki, bu sazişdə üstün mövqelərə çıxsın, bu mövqeləri əldə etsin. Amma Azərbaycan buna imkan verməyəcək. Cəmil Həsənlinin bu tipli açıqlamaları ölkəmizin milli maraqlarına tamamilə ziddir”.

Deputat tarixçi professorun 30-a yaxın vətəndaşın güllələndiyi barədə dediklərinə də münasibət bildirdi: “Bu da olduqca yanlış yanaşmadır. Cəmil Həsənli bu rəqəmi haradan götürüb? Əgər terrorçu silahlanaraq, hüquq-mühafizə orqanlarının təslim ol çağırışlarına, əmrinə cavab vermirsə, həmin silahla hüquq-mühafizə orqanlarını hədəfə alırsa, dünyanın hər yerində olduğu kimi, Azərbaycan xalqının təhlükəsizliyini təmin etmək kimi ciddi bir funksiyasını yerinə yetirən orqan onu yerindəcə güllələməlidir. Amerika dünyanın aparıcı, demokratik ölkəsidir. Orada dəfələrlə belə hadisələrin şahidi olmuşuq. Polis terrorçuya, əli silahlıya əmr edir ki, silahı yerə qoy, əllərini göyə qaldır, tərpənmə, əgər o buna əməl etmirsə, silahını hətta döndərməyə macal tapmamış, polis onu güllələyir. Düşünürəm ki, bunu da çox düz edir. Azərbaycanda da bu cür hallar olubdur. Terrorçular, ekstremistlər təslim olmayanda, silahlı müqavimət göstərəndə qəbul olunmuş prinsipə uyğun şəkildə yerindəcə zərərsizləşdirilməlidir. Azərbaycan polisi də bunu edir. Əgər Cəmil Həsənli bunu demokratiyanın pozulması kimi izah edirsə, artıq onun dünyagörüşünə də xeyli dərəcədə şübhəm yaranır. Çünki ən azı dünya təcrübəsini, bu gün əlində bayraq etdiyi ölkələrin davranışlarını gözü önünə gətirməlidir”.
 

Bənzər xəbərlər

Gündəm

0.051289796829224