May 01

ABŞ Azərbaycan müxalifətini xilas edə biləcəkmi - səfirlə görüş

ABŞ-ın Azərbaycandakı yeni səfiri Örl Litzenberqer martın 7-dən Bakıda fəaliyyətə başladıqdan sonra iqtidar nümayəndələri, universitet rektorları, vətəndaş cəmiyyəti institutları təmsilçiləri ilə görüşlər keçirib. Müxalifətlə bu cür görüşlərin olmaması ortaya suallar çıxarmışdı.

İki gün öncə isə bəlli oldu ki, səfir Örl Litzenberqer müxalifət cinahı ilə görüşlərə start verib. Azadlıq.info-nun yaydığı xəbərdə deyilir ki, yeni səfirin aprelin 26-da AXCP sədri Əli Kərimli ilə görüşü olub. Məlumata görə, səfirin müxalifət təmsilçiləri ilə görüşləri davam edəcək.

Bəs ABŞ səfirinin görüşləri dağılmış, başı daxili didişmələrə qarışan müxalifət düşərgəsinin dirçəlməsinə səbəb ola bilərmi? Bu görüşlər Amerikanın zəifləmiş müxalifətin get-gedə güclənməsində maraqlı olmasının əlaməti sayılmalıdırmı?

REAL Partiyasının İdarə Heyətinin üzvü Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, onların partiyasının təmsilçilərinin hələlik yeni səfirlə görüşü olmayıb. Lakin yeni səfir fəaliyyətə başladıqdan sonra ABŞ səfirliyində bir neçə yeni təyinatlar olub və həmin yeni təyin olunan səfirlik rəsmiləri ilə görüşlər keçirilib: “Şəxsən mən keçən həftə səfirliyin iqtisadiyyat bölməsinin yeni rəhbəri ilə görüşdüm. Səfirlə hələ ki görüşümüz olmayıb, amma görüş nəzərdə tutulub. Lakin hələ dəqiq vaxtı məlum deyil. Çox güman ki, yaxın zamanda görüşün dəqiq vaxtını bizə bildirəcəklər. Amma yeni təyin olunmuş səfirlik işçilərinin bir çoxu ilə artıq görüşlərimiz olub”.

Natiq Cəfərli qeyd etdi ki, Amerikanın əsas marağı Azərbaycanda dayanıqlı bir sistemin formalaşmasıdır. Məqsəd odur ki, dayanıqlı sistem olsun və problemlər yaşanmasın, ölkədə təlatümlər olmasın, önü görülməyən hadisələr baş verməsin. Çünki təlatümlər və önü görülməyən hadisələrin yaşanması ABŞ-ın özü üçün də ciddi problemlər yarada bilər: “Azərbaycanın da yerləşdiyi coğrafi məkanı nəzərə alsaq, həm Rusiya, həm İranla bağlı Amerikanın problemlərini də nəzərə alsaq, Azərbaycanda önü görülməyən hər hansı hadisələrin olması ehtimalını Amerika sıfıra endirmək istəyir. Yəni məsələyə belə yanaşmaq daha doğru olar. Söhbət müxalifətin dirçəldilib-dirçəldilməməsindən getmir. Müxalifət özü xalq arasında nüfuzunu artırmalı və seçkilər yolu ilə hökumət qurmağa çalışmalıdır. Burada ABŞ-ın edə biləcəyi az şey var. Ona görə də düşünürəm ki, Amerika səfirinin də müxalifətlə görüşlərinin, onları dinləməsinin əsas hədəfi ölkədə önü görülməyən proseslərin baş verib-verməyəcəyinin ehtimallarının hesablanmasına yönəlib. Mən düşünmürəm ki, ABŞ və Avropa İttifaqı ölkələri Azərbaycanda hər hansı təlatümlərin, önü görülməyən proseslərin olmasında maraqlı olsunlar. Müxalifətin ayaqda olması, güclü olması, var olması dövlətçilik ənənələrinin sabit qalmasına, yumşaq siyasi proseslərin olmasına gətirib çıxarır. Müxalifəti olmayan və ya çox zəif olan ölkələrdə xaotik proseslərin olması ehtimalı çox yüksəkdir. ABŞda bunu nəzərə alır və təbii ki, Azərbaycanda müxalifətin var olmasını, təsir gücündə olmasını istəyir”.

N.Cəfərli dedi ki, xaotik proseslər baş verən və bu günə qədər də özünə gələ bilməyən ərəb ölkələrinin hamısında müxalifət yox idi. Orada xaotik dağıdıcı proseslərin olmasının əsas səbəbi bu idi: “Yəni müxalifət institutunun, vətəndaş cəmiyyətinin olması xaotik proseslərin qarşısını ala biləcək əsas elementlərdən biridir. Məncə, Qərb dövlətlərinin də Azərbaycan demokratik qüvvələri ilə təmasları məhz bu yöndədir. Müxalifətin var olmasını istəyirlər”.
 

Bənzər xəbərlər

Gündəm

0.019973039627075