Apr 29

“Azərbaycanda “canı çıxsın ödəsin!” prinsipi hökm sürür”

Hüquqşünas: “Azərbaycandan başqa Avropanın heç bir dövlətində  borca görə heç kəsi azadlıqdan məhrum etmirlər”
Aprelin 23-də Milli Məclis birinci oxunuşda “Müflisləşmə və iflas haqqında” Qanununda dəyişiklik edilməsi barədə Qanun layihəsini qəbul edib. Qanuna dəyişiklikləri şərh edən hüquqşünas, bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov bildirir ki, layihə bütövlükdə müflisləşmə prosesini sadələşdirməklə yanaşı, fiziki şəxslərə münasibətdə mürtəce xarakter daşıyır.
Mütəxəssis qeyd edir ki, dəyişikliklər fiziki şəxslərin müflisləşmə hüququnu ləğv edir: “Başqa sözlə, Qanun 2015-ci ilin oktyabrınadək olan vəziyyətə qaytarılır. O zaman da yalnız fərdi sahibkarların və hüquqi şəxslərin müflisləşmə hüququ tanınırdı. Lakin 2015-ci ildə Qanunun 2-ci maddəsinin 2-ci hissəsinin dördüncü abzasına edilən düzəliş “borclu” anlayışını bütün fiziki və hüquqi şəxslərə aid etmişdi.
Düzdür, 2015-ci ilin oktyabrından sonra da məhkəmələrimiz fiziki şəxslərin müflislik barədə ərizələrini qanunsuz olaraq rədd edib. Bunu onunla əsaslandırıblar ki, guya Qanuna görə yalnız fərdi sahibkar və hüquqi şəxs müflis ola bilər. Halbuki, nəinki “Müflisləşmə və iflas haqqında” Qanun (2-ci maddəsinin 2-ci hissəsinin dördüncü abzası), həmçinin “Banklar haqqında” Qanunun 1.0.19 və 57-10.6-cı maddələri birmənalı olaraq hər hansı fiziki şəxsin müflisləşmə hüququnu tanıyır. İndi isə belə çıxır ki, məhkəmələr qərarlarını qanuna uyğun qəbul etməli olduqları halda Milli Məclis Qanunu məhkəmə praktikasına uyğunlaşdırmaq istəyir”.
Hüquqşünas hesab edir ki, parlament müflisləşmə prosesini sadələşdirmək kontekstində, əksinə, fiziki şəxslərin müflisləşmə prosedurunu dəqiqləşdirməlidir: “Əks halda əcaib vəziyyət yaranacaq: vətəndaş özünü müflis elan etmək üçün fərdi sahibkar olmalıdır. Yəni dövlət sanki fərdi sahibkar statusundan sui-istifadə üçün zəmin yaratmış olur”.
Ə.Həsənovun sözlərinə görə, fiziki şəxsin müflisləşmə hüququ təbii hüquqdur: “İslam dünyasında VII əsrədək, Qərbdə isə XIX əsrin ortalarınadək hər kəs borcuna görə canı, bədəni və ya azadlığı ilə cavabdeh idi. Təsadüfi deyil ki, XVIII əsrdə “sivilizasiya” sözü sırf hüquqi termin idi və cinayət prosesini mülki prosesə çevirən məhkəmə aktı demək idi. Yəni mülki dövriyyədəki fəaliyyətə görə şəxsin cinayət icraatı qaydasında məsuliyyətə cəlb edilməsi üzrə vəhşi ənənə tarixə qovuşdu. Müasir mülki hüquq da məhz həmin dövrdən başlayaraq inkişaf edib hazırkı səviyyəyə çatdı.
Təəssüf ki, Azərbaycan faktiki olaraq dünyanın bir sıra ölkəsindən, o cümlədən müsəlman ölkələrindən də geridə qalıb: bizdə müflis borclular həbs olunur. Halbuki Azərbaycanın da tərəfdar çıxdığı “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq Pakt”ın 11-ci maddəsində və “Avropa İnsan Hüquqları Konvensiyası”nın 4-cü Protokolunun 1-ci maddəsində deyilir: “Heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz”. Sonuncu sənəddəki hüquq bilavasitə Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən qorunur. Avropanın heç bir dövlətində (Azərbaycandan başqa) borca görə heç kəsi azadlıqdan məhrum etmirlər. Hazırda Avropa İnsan Hüquqları Məhkəməsi tarixində ilk dəfə olaraq borca görə həbs üzrə 3 şikayətə baxır. Hər 3 şikayət də Azərbaycana aiddir.
Yaranmış vəziyyət fiziki şəxsin müflisləşmə hüququnun faktiki inkarından irəli gəlir. “Canı çıxsın ödəsin!” prinsipi hökm sürür. Bunun da nəticəsini görürük: sosial gərginlik, intiharlar və s. Bu, ölkədə kriminogen vəziyyətə də mənfi təsir göstərə bilər. Təzyiq altında bəzi borclular başqalarına qarşı cinayət törədə bilər ki, təki borcdan çıxa bilsin. Oğurluq edə bilər, adam öldürə bilər və s.
Fiziki şəxsin müflisləşmə hüququnu tanımayan dövlət sadəcə bir suala cavab verməlidir: borcunu ödəyə bilməyən vətəndaşın aqibəti necə olmalıdır? Barbar cəmiyyətlərdə ona fiziki və psixoloji təzyiqlər olur, həbs edilir və s. Barbar cəmiyyətlərdən fərqli olaraq, sivil cəmiyyətlərdə belə şəxs müflis elan olunur, əmlakı hesabına borclarının bir qismi kreditorlar arasında mütənasib ödənilir (deməli, müflislik institutu yalnız borclunun deyil, həmçinin onun kreditorlarının da maraqlarına xidmət edir: əks halda, “qabağa düşən” kreditor üstünlük əldə etmiş olur), qalanı isə sadəcə silinir.
Bundan sonra həmin vətəndaş yenidən aktiv fəaliyyətə qayıda bilir. Lakin eyni zamanda müflis şəxslərin reyestri ictimaiyyətə açıq olur, onlara müəyyən dövr ərzində bəzi fəaliyyət növləri ilə məşğul olmaq və bəzi vəzifələri tutmaq qadağan olunur (müflislik institutu yalnız borclunun deyil, bütövlükdə cəmiyyətin və ölkə iqtisadiyyatının maraqlarına xidmət edir). Paralel olaraq saxta müflislik halları da sərt cəzalandırılır”.
Hüquqşünas bildirir ki, Azərbaycanda da eyni sivil yanaşma olmalıdır: “Bu yanaşmanın əleyhdarları adətən ölkədə kölgə iqtisadiyyatının həcminin yüksək olmasına istinad edirlər. Məntiq ondan ibarətdir ki, qeyri-rəsmi gəlirləri və əmlakı olanlar da müflislik institutundan sui-istifadə etməyə başlayacaq. Lakin əvvəla, vicdansızlara görə vicdanlılar cəzalandırılmamalıdır. Digər tərəfdən isə hazırda dövlətimiz (məsələn, ötən ilin sonunda Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə) kölgə iqtisadiyyatı ilə kəskin mübarizə aparır.
Qeyd edilənləri nəzərə alaraq, Milli Məclisin sədrinə, habelə bir neçə millət vəkilinə (Əli Hüseynli, Ziyad Səmədzadə, Hadı Rəcəbli, Fazil Mustafa, Vahid Əhmədov və Əli Məsimli) ayrılıqda müraciət edərək növbəti oxunuşlarda layihənin 1-ci maddəsinin çıxarılması, sözügedən Qanunun qabaqcıl xarici təcrübə əsasında bütövlükdə yenidən işlənməsi, o cümlədən fiziki şəxslərin müflisləşməsi prosedurunun ətraflı təsbit edilməsi üçün səy göstərmələrini xahiş etmişəm”.(musavat.com)

Bənzər xəbərlər

Gündəm

0.021969079971313