Apr 15

Dünyada intiharlar niyə “gəncləşir”?

İntihar hallarının artıb-azalması həmişə ictimaiyyətin diqqətində olub. Xüsusən, uşaqlar və yeniyetmələr arasında intiharlar hallarının artmasına münasibət öz həssaslığı ilə seçilir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, intiharlar 15-29 yaş qrupundan olanlar arasında ən geniş yayılmış ölüm səbəbidir. Hesablamalar hər 40 saniyədən 1 nəfərin həyatına qəsd etdiyini ortaya qoyur.

Yaş qrupundan asılı olaraq intiharların müxtəlif səbəbələri ola bilər. Bu baxımdan Azərbnaycanda 14 yaşlı şagird Elina Hacıyevanın məktəbdə özünə qəsd etməsi ciddi rezonans doğurdu, Azərbaycan cəmiyyətinin diqqətini yerniyetmələr arasında intiharlar və bunu doğuran səbəblərə yönəltdi.


Belə intihar halları ilə tez-tez üzləşən ABŞ, Yaponiya və Avropa ölkələrində uşaq və yeniyetmə intiharında tez-tez təkrar olunan hallar, ümumi tendensiyalar seçilib. Bu tendensiyaalr içində aşağıdakılar xüsusilə seçilir:

- Kənardan gələn güclü qıcığa cavab olaraq, düşünülməmiş, impulsiv addmın atılması

- Kiməsə qarşı inciklik və etiraz, yaxud özünə diqqət cəlb ermək cəhdi

- Ailədaxili münaqişələr, zorakılıq və ayrılığın doğurduğu  stress situasiya

- Dərinə qədər nüfuz etmiş köməksizlik, ümidsizlik hissi, depressiya

- Dərman qəbulu nəticəsində psixiki pozğunluğun yaranması, antisosial davranış, depressiya və psixi pozğunluq

- Odlu silah satışının rahatlığı.

 

Sonuncu bəndə Azərbaycan reallığında çox nadir hallarda rast gəlindiyini nəzərə alaraq, digər səbəblərin kifayət qədər geniş yayıldığını söyləmək olar. Yuxarıdakı səbəblərdən savayı dünyada, həmçinin Azərbaycan cəmiyyətində qəbul olunmuş uğur təzyiqinin də rolu böyükdür. Belə ki, buraxılış imtahanları, ali məktəbə qəbul imtahanları ərəfəsində və xüsusən, imtahan nəticələri elan olunduqdan sonra intihar hallarında müəyyən artım müşahidə olunur. Ailə üzvlərinin, ətrafdakıların gözləntisini doğrulda bilməyən yeniyetmələr uğur pressinqi qarşısında öz daxili narahatlıqlarına, depressiyalarına məğlub olurlar.

Yaponiya, Cənubi Koreya və Kanada kimi yüksək təhsil sistemi olan ölkələrdə də qəbul imtahanlarının nəticəsi elan olunduqdan sonra intiharların sayı kəskin artır.

İnkişaf etmiş cəmiyyətlərdə azyaşlılar və yeniyetmələr arasında intiharların profilaktikası, onların qarşısını almaq üçün çoxlu səylər göstərilir.

Bu ölkələrdə intiharın əsas səbəbi kimi tələbkar məktəb qaydaları, həmyaşıdlar tərəfindən zorakılıq və psixoloji basqı, ailədaxilində qeyri-sağlam mühit, alkoqol və narkotik vasitələrdən istifadə və s.-ni göstərmək olar.

ABŞ-da uşaq və yeniyetmələr arasında intihar halları yüksələn xətt üzrə artır. Belə ki, 1999-cui ildə ölkədə 1352 yeniyetmə intihar edirdisə, 2006-cı ildə bu rəqəm 1240-a, 2014-cü ildə 1668-ə, 2018-ci ildə 1900-ə çatıb.

Bu ölkədə intiharların artmasında kiberməkanın da rolu az deyil. 2010-cu ilin yanvarında 15 yaşlı Fibi Prinskin özünü asaraq intihar etməsi ölkədə geniş rezonans doğurmuşdu. ABŞ-a İrlandiyadan köçən yeniyetmə qız məktəb yoldaşları ilə dostluq qura bilməmişdi. O, Twitter, Facebook və s. sosial messencerlərdən təhdid və hədələrə məruz qalmış, elektron məktublar, bloqlar vasitəsilə təhqir olunmuşdu. Həmyaşıdı olan telefon xuliqanlarının hücumlarından bezən Fibi Prins intihara əl atmışdı. Ona qədər internet üzərindən təqiblərdən bezən 11-17 yaş arasında olan Aleksis Pilkinqton, Meqan Mayer, Rayan Holliqan, Con Karmaykl və Karl Uoker də qısa intervalla intihar etmişdilər.

Elektron yazılaşmalar üzə çıxdıqdan sonra ABŞ-da uşaqları və gəncləri internet xuliqanlardan qorumaq üçün qanunverici aktların qəbuluna çağırışlar olmuşdu.

 

Yaponiya hakimiyyəti ölkə səviyyəsində intiharların qarşısını almaq üçün xüsusi proqram qəbul etsə də, belə hadisələr  yalnız yuxarı yaş qruplarında azalıb.

Hokkaydo Universitetinin araşdırmasılna görə, “gündoğan” ölkədə ibtidai sinifdə oxuyan şagirdlərin hər 12-dən 1-i, orta məktəbdə isə hər  4-dən 1-i depressiyadadır. Depressiv vəziyyət onları intihara sürükləyən amillərdən sayılır.

Yaponiyada son 30 ildə məktəblilər arasında intiharlar kəskin şəkildə artıb. Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına əsasən, Yaponiyada intiharlar orta dünya göstəricisindən 60% çoxdur. Xüsusən azyaşlılar və yeniyetmələr arasında intihar halları ölkə rəhbərliyini ciddi narahat edən amillərdəndir.

Belə ki, 10-19 yaş qrupu arasında intihar əsas ölüm səbəbi hesab olunur.


Özbəkistanda
 2018-ci ildə yeniyetmələr arasında intihar dalğası ciddi təşviş yaratmışdı. 2018-ci ilin ilk 4 ayında 153 yetkinlik yaşına çatmayan yeniyetmənin özünə qəsd etməsi ölkə rəhbərliyinin diqqətini bu problemə yönəltmişdi. 1999-cı ildə 18 yaşa qədər yeniyetmələr arasında intihar göstəricisi 200 olduğu halda, 2018-ci ildə bu rəqəm 2 dəfədən çox artaraq 420-yə çatmışdı.

Rusiya yeniyetmə intiharları ilə bağlı statistikaya görə dünyada ilk pillələrdə qərarlaşır. Bu ölkədə hər il ortlama 650-700 yeniyetmə intihar edərək həyatına son qoyur. İntihara cəhd sayını da bu statistikaya əlavə etsək, Rusiyada hər il 1500 gənc problemlərdən çıxış yolunu bu radikal addımda görür.

 

Mütəxəssislər də kiberməkanın uşaq və yeniyetmələr arasında intihar hallarının artmasına təsir göstərdiyini vurğulayırlar. İstər internet üzərindən təhqir və təqiblər, istərsə də müəyyən sosial şəbəkələrdə yeniyetmələr arasında geniş yayılmış intiharçı oyunlar özünə sui-qəsdlərin  artmasında rol oynayır. Rusiyada yaranan və internet üzərindən Azərbaycan da daxil olmaqla dünyaya yayılan “Mavi balina” oyunu xüsusilə təhlükə mənbəyidir.


Dünyadakı ümumi tendensiya intihar hallarının yeniyetmələr arasında artdığını, bunun adətən 1 yox, bir neçə səbəbin toplusundan baş verdiyi görünür. İntihar hallarının qarşını almaq üçün ailə, məktəb, cəmiyyət və dövlət səviyyəsində məqsədyönlü kompleks tədbirlərin görülməsini tələb edir.

Bənzər xəbərlər

Gündəm

0.066067934036255