Apr 15

Dəbdəbəli ehsan süfrələri niyə bərpa olundu… - PROBLEM

Bir neçə il əvvəl hüzr mərasimlərində ehsan verilməsi qaydaları ilə bağlı nəzarətin həyata keçirilməsi qərarı verildi. O zaman qeyd olunurdu ki, məqsəd yas mərasimlərində israfçılıq hallarının qarşısının alınmasıdır. Hətta rəsmi qurumlar bununla bağlı konkret standartlar - menyu da müəyyənləşdirdi.

Bu qərardan sonra bir müddət regionlarda və paytaxtda yas mərassimlərinin dəbdəbəli keçirilməsinə son qoyuldu. İnsanlar artıq sadə, cəmi bir neçə təamla yola verilən mərasimlər təşkil etməyə öyrəşdilər.

Lakin son zamanlar yenidən yas məclislərində dəbdəbəli ehsan süfrələrinin açılmasının şahidi oluruq. Sözügedən məsələyə hansı qurumun nəzarət etməsi, bunun qayda-qanunlarının olub-olmaması isə sual altındadır.

Qafqaz Müsəlmanları İdarəsinin İctimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini Qəmər Cavadlı Modern.az-a açıqlamasında bildirib ki, yas məclisləri nəzarətdə olmur:

“Bir kənddə, bir rayonda, hətta şəhərdə yas düşəndə insanlar axundla məsləhətləşib, sözü bir yerə qoyurlar. Bu şəkildə yaslarda israfçılığın qarşısı alınır. Belə məqamlar bir qədər fərdidir, imkanı çatan ehsan verir, çatmayan da kiçik çay süfrəsi ilə yas məclisi qurur. Əvvəlki dəbdəbəli yas məclisləri ictimai qınaqla aradan qaldırılmışdı. Görünür, indi qınaq bir qədər zəifləyib və ona görə yenidən dəbdəbəli ehsan verilməsinə başlayıblar.

Amma din xadimlərimiz həmişə təbliğat aparır, israfçılığa qarşı əhalini maarifləndirir, yas mərasimlərinin dini qaydalarını başa salırlar. Elə yerlər var, orada din xadiminin sözü keçir, bəzi regionlarda isə bu məqam bir qədər zəifdir”.  


İlahiyyat elmləri namizədi Elşad Mahmudov isə hesab edir ki, əvvəldən qəbul edilən qərara hörmətlə yanaşmaq, qaydalara əməl etmək lazımdır:

“Ola bilər, dövlətin nəzarəti sadəcə tövsiyə xarakteri daşısın. Belədirsə, deməli, xüsusi məcburiyyətdən söhbət getmir. Amma təkcə qərarlarla deyil, xalq arasında maarifləndirmə aparmaqla da bunu yaymaq lazımdır. Nəzərə almalıyıq ki, uzun illər adət-ənənə formalaşıbsa, bunu birdən-birə aradan qaldırmaq çətin olur.

Ola bilər, israfçılığın aradan qaldırılması üçün əvvəl nəzarət bir qədər güclü olub. Bir müddət sonra isə nisbətən zəifləyib. İnsanlar nəzərə almalıdır ki, bunun üçün qadağa şərt deyil. Onsuz da İslamın mövqeyinə görə, yas mərasimləri sadə olmalıdır. İsrafçılığa yol vermək olmaz. Dəbdəbəyə, xərcə girmədən məclisləri idarə etmək lazımdır. İmkanı olmayanların borc alıb, dəbdəbəli mərasim qurmaları yolverilməzdir”.

Bənzər xəbərlər

Gündəm

0.020599842071533