Jul 06

İlqar Məmmədov divar deşir, Natiq Cəfərli malalayır - REAL-ın bir günü...

REAL Partiyasının qərargahında şənbə günü keçirilən iməclik sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Xüsusilə REAL-ın sədri İlqar Məmmədovun drellə fotosunu paylaşmasına diqqət yetirilir. Bəziləri hətta sarkazm olaraq yazır ki, bütün paytaxt drel səsindən bezib, ona nifrət edir, İ.Məmmədov da həmin alətlə foto paylaşır...

REAL-ın icra katibi Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında kampaniya aparmadıqlarını, sadəcə, təmir işi gördüklərini dedi: “Kim öz aləmində ələ salmaq niyyəti ilə nəsə paylaşırsa, özü bilər. Şənbə günü qərar verdik ki, bir iməclik təşkil edək. Ofisin divarları köhnəlmişdi. Onları özümüz rənglədik, bəzi təmizlik işləri gördük. Hansı ki, köhnədən qalmış materiallar var idi, işlənilmirdi. Onları rəflərdən yığışdırdıq. Normal şəkildə bildiyiniz bir iməclik həyata keçirdik. Sadəcə, işin ”duzu, istiotu olsun" deyə İlqar Məmmədov şəkil çəkib paylaşdı. Bu da nəticə etibarı ilə müəyyən müzakirələr yaratdı. Bu həm də bir daha onu göstərdi ki, sanki ölkədə siyasi proseslərə və siyasi addımlara bir aclıq var. Adi bir iməclik məsələsi müzakirələrə səbəb olursa, bu o deməkdir ki, ölkədə siyasi mövzular ətrafında bir diskussiya yoxdur. Buna da təəssüf etməmək mümkün deyil".

Partiya funksioneri əslində ciddi diskussiya tərəfdarı olduqlarını dedi: “Biz həmişə çalışmışıq ki, siyasətdə mövzuların ciddi diskussiyasını yaradaq. Amma belə halların müzakirələrə səbəb olması bir az da təəssüf doğurur. Lakin belə məsələlərin bu formada müzakirəsinə də normal yanaşıram. Sadəcə, siyasi arenada ciddi diskussiyalara tələbatın olduğu göz önündədir. Bu tipli məsələlərin müzakirə obyektinə çevrilməsinə, sadəcə, təəssüflənə bilərik. Amma bu iməcliyə normal baxmaq lazımdır. Başqa partiyalar da belə edəcəksə, lap yaxşı. Bunun bəzi insanlar tərəfindən aşağılayıcı tonda qələmə verilməsi, bu formada şərhlər verilməsi səviyyələrinin göstəricisidir. Həmin insanlara nə edirsənsə et, su üzərində gəzməyə başlasan belə, deyəcəklər ki, bunlar üzə də bilmirlər. Ona görə də, açığı, bu tipli insanların açıqlamalarını ciddiyə almağın tərəfdarı deyiləm”.

Bənzər xəbərlər

Gündəm

0.028788089752197