Jun 08

Deputat Eldəniz Səlimovun atasına məxsus ərazidə meşə zolağı məhv edilir – VİDEO

Deputatın qanunsuz yolla əldə etdiyi iddia edilən və atasının adına rəsmiləşdirdiyi meşə fondunun ərazisində yerləşən ağaclar kəsilərək məhv edilir.
 
Mozalan.az correct.az-a istinadən xəbər verir ki, bu barədə saytımıza jurnalist Cəmil Məmmədli məlumat verib. O, bildirib ki, Xaçmaz rayonu, Köhnə Xudat bələdiyyəsi, Fərzəlioba kəndində yerləşən meşə fonduna məxsus ərazi saxta sənədlərlə bələdiyyəyə verildikdən sonra qanunsuz yolla deputat Eldəniz Səlimov tərəfindən alınıb və deputatın atası Adil Səlimovun adına sənədləşdirilib:
 
“Həmin ərazi meşə fondunun ərazisidir. Onlar belə bir oyun quraraq o torpaqları məhkəmə qərarı ilə meşə fondundan alaraq bələdiyyə fonduna keçiriblər. Sonradan o torpaqları bələdiyyədən qanunsuz yolla alıb əldə ediblər. İndi də deputat o ərazidəki ağacları kəsdirib yerində özünə meyvə bağı salır”.
 
Ekologiya və Təbii Sərvətlər  Nazirliyindən saytımıza verilən məlumata görə isə həmin ərazidə ağacları kəsən “Qərb Ekol” MMC nazirlik əməkdaşları tərəfindən cərimə edilib və cinayət işi açılması üçün iş Xaçmaz rayon prokurorluğuna göndərilib:
 
“Xaçmaz rayonunun Fərzəlioba kəndində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.
 
Xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, araşdırma zamanı bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsində “Qərb Ekol” MMC tərəfindən palıd və qarağac ağaclarının kəsildiyi və təbiətə 7000 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Xaçmaz rayon Prokurorluğuna göndərilib”.
 
Həmçinin adıçəkilən “Qərb Ekol” MMC bir neçə gün öncə Xaçmaz rayonunun Seyidlər kəndində də ağacların kəsilməsi aktına görə 23800 manat məbləğində cərimə edilib və iş Xaçmaz rayon prokurorluğuna göndərilib.
 
Araşdırmalarımız zamanı məlum oldu ki, “Qərb Ekol” MMC 20 manat nizamnamə kapitalı ilə 2021-ci ildə dövlət qeydiyyatına alınıb və şirkətin qanuni təmsilçisi Şəmsiyeva Nahidə Vaqif qızıdır. Şəmsiyeva Nahidə Vaqif qızı eyni zamanda 25 oktyabr 2017-ci ildə Bank BTB tərəfindən “kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun tutulması” tələbi ilə məhkəməyə verilib və cavabdeh şəxs, Şəmsiyeva Nahidə Vaqif qızı məhkəməni uduzub.
 
Məsələ ilə bağlı saytımıza danışan deputat Eldəniz Səlimovun köməkçisi Kamal Laçınov öncə həmin ərazisnin deputata məxsus olduğunu təkzib etsə də sonradan ərazinin deputatın atası Adil Səlimova məxsus olduğunu təsdiqləyib:
 
“Həmin ərazidə baş verən hadisə ilə bağlı məsuliyyəti “Qərb Ekol” MMC daşıyır. Nə sualınız varsa o şirkətlə əlaqə saxlaya bilərsiniz. Ola bilər həmin ərazi deputatın atasına məxsus olsun, amma “Qərb Ekol” MMC şirkəti ilə müqavilə bağlanılıb, bütün məsuliyyəti həmin şirkət daşıyır”.
 

 

Bənzər xəbərlər

Gündəm

0.067980051040649