Mar 18

“Məmurlar düşünməsinlər ki, Qarabağı hasarlayıb orada villa tikəcəklər...“ - Rasim Balayev

İşğaldan azad edilən ərazilərimizdə Azərbaycan dövlətinin əsas prioritetlərindən biri quruculuq və yenidənqurma işlərinə start vermək oldu. Qısa zamanda Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə, Şuşaya tez-tez səfər etməsi özü-özlüyündə deyilənlərin sübutudur.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Rasim Balayev ölkə başçısının bu səfərlərinin daha daha çox siyasi məna kəsb etdiyini, dünyaya mesaj verdiyini deyib:

“Prezidentin tez-tez Şuşaya, ümumiyyətlə işğaldan azad olunmuş yerlərə yollanması çox müsbət haldır. Mən özüm də getmək istəyirəm, amma qoymurlar, deyirlər hələ ki, minalar var. Tez-tez insanlar minaya düşür, xəbərlər yayılır və s. Prezidentimizin o yerlərə yollanması çox gözəldir, bu səfərlər bütün dünyaya bir mesajdır. Hamıya bildirilir ki, baxın, Qarabağ Azərbaycanındır. Prezidentin Hadruta bayraq sancması, orada inşaat başlayanda özülünə şəxsən özünün bünövrə tökməsi buna misaldır. Prezident bildirir ki, “Artsax” cəhənnəmə getdi və biz həmin yerləri ən gözəl guşələrə çevirəcəyik".

Aktyor bəzi məmurların Şuşaya “hücum” cəhdləri barədə danışaraq, səfərin onlar üçün də bir mesaj olduğunu vurğulayıb. O, bəzi məmurların bu niyətinin arxasında nələrin dayandığını hər kəs başa düşdüyünü qeyd edib:

“Prezident bir müddət əvvəl bizim məmurlara səsləndi. Dedi ki, “məmurlar öz yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar, mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm”. Məmurlar elə bilməsinlər ki, gedib orada hərəsi bir yeri hasara alıb villalar tikəcəklər. Prezidentin bu səfərləri bir növ də həmin məmurlara da mesajdır ki, boş xəyallara düşməsinlər. Biz Qarabağı ona görə almamışıq ki, onlar gedib torpaqları alıb, hasarlasınlar.

Orada hər şey Prezidentin tapşırığı ilə olacaq, planlı şəkildə Qarabağ abadlaşdırılacaq. Şuşa gözəl məkana çevriləcək”.

Bənzər xəbərlər

Gündəm

0.060949087142944