VideoFeb 11

Sumqayıtdakı qəzalı binanın sakinləri prezidentə müraciət etdi-VİDEO

 

Sumqayıt şəhəri, 2-ci mikrorayon 13 saylı Yataqxananın sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ,Vitse-prezident Mehriban Əliyevaya, Nazirlər Kabinetinə, Fövqaladə Hallar naziri Kəmaləddin Heydərova, Sumqayıt İcra Başçısı Zakir Fərəcova və KİV nümayəndələrinə müraciət yollayıblar.

Həmin müraciəti olduğu kimi dərc edirik:

 

"Azərbaycan Respublikası Konstitusiyasının 57-ci, "Vətəndaşların Müraciətləri Haqqında” qanunun 7 və 10-cu maddələrinə müvafiq

 

 

MÜRACİƏT

 

 

Hörmətli  Prezident!

 

Müraciətimizlə yazıb nəzərinizə  onu çatdırmaq istəyirik ki, yaşadığımız Sumqayıt şəhəri,2-ci mikrorayon 13 saylı Yataqxana 1962-ci ildə istismara verilmişdir. Bununla da həmin vaxtdan 59 il müddət keçməklə bina amortizasiya müddətini başa vurmuşdur. Hazırda yataqxana tam qəzalı vəziyyətdə olduğu üçün daima uçmaq təhlükəsi qarşısındadır.

Beləki, mütəmadi olaraq yaşadığımız otaqların divar və tavanlarında çat və dağılma halları baş verir. Bu hal da yataqxananın istənilən an uçmasına şərait yaratmaqla kütləvi insan tələfatına gətirib çıxara bilər.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizlik Agentliyinin rəisi Cəbrayıl Xanlarov və digər səhahiyyətli dövlət orqanlarının nümayəndələri yaşadığımız yataqxanaya baxış keçirərək binanın qəzalı vəziyyətdə olması barədə AKT və RƏY tərtib etmişlər. Həmçinin qəzalı vəziyyətdə olması ilə bağlı qeydiyyat aparan komissiya tərəfindən yataqxanamızın birinci növbədə sökülməli olan binalar siyahısına salındığı da bildirilmişdir. Lakin buna baxmayaraq bizim digər yaşayış sahəsi ilə təmin edilməyimiz barədə heç bir tədbir görülməmişdir.

Biz bununla bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinə və digər dövlət orqanlarına rəsmi müraciətlər ünvanlasaq da, heç bir nəticə əldə edə bilməmişik.

Vəziyyətin belə davam etməsi isə biz sakinlərin həyatını hər an təhlükədə qoyur.

Hazırda isə yataqxanamızın hamam-tualetində daş-kəsəyin döşəməyə düşməsi və bu vəziyyətin yaşadığımız otaqlarda və digər mənzillərdə də da baş verməsi davam edir. Bu isə artıq binanın tam uçmaq təhlükəsi qarşısında olduğundan xəbər verir.

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən "Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.

Həmin Məcəllənin 18-ci maddəsinə əsasən "Mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və normal saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilməlidir".

«Yerli icra hakimiyyətləri haqqında» əsasnamənin 3.1.16-cı maddəsinə əsasən «Yerli icra hakimiyyəti başçıları yerli icra hakimiyyəti başçısının aparatında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, yerli icra hakimiyyəti başçısının yanında olan qurumlarda və tabeliyində olan hüquqi şəxslərdə vətəndaşların qəbulunu, onların ərizə, təklif və şikayətlərinə«Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətlərdə baxılmasını və onlara cavab verilməsini təmin edir.»

Həmin əsasnamənin 5.1.8-ci maddəsinə əsasən «Ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə və səlahiyyətlərinə «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirmək, onların ərizə, şikayət və təkliflərinə baxmaq, lazımi tədbirlər görmək və nəticəsi barədə vətəndaşlara məlumat vermək daxildir.»

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli, 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin 8.25-ci maddəsində tikilən və ya istismarda olan bina və qurğularda qəzaların baş verməsi səbəblərini araşdırmaq, qəza-bərpa işlərini əlaqələndirmək vəzifəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə həvalə edilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə əsasən "Vətəndaşların dövlət orqanlarına müraciətlər göndərmək hüquqları vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş müddətdə rəsmi cavab verilməlidir. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır.”.

Azərbaycan Respublikasının "Vətəndaşların Müraciətləri Haqqında” qanunun 7 və10-cu maddələrinə əsasən "Vətəndaşların müraciətləri, şikayət vətəklifləri qeydiyyata alınmalı və baxılmalıdır.

Yuxarıda göstərdiklərimizə əsasən Sizdən

 

 

XAHİŞ EDİRİK:

 

Sumqayıt şəhəri, 2-ci mikrorayon 13 saylı Yataqxananın qəzalı vəziyyətdə olması nəzərə alınmaqla bizim başqa bir yerdə normal yaşayış sahəsi ilə təmin edilməyimizə mköməklik göstərəsiniz.

 

Əvvəlcədən Sizə öz minnətdarlığımızı bildiririk.”

 

 

 

 

Sumqayıtdakı qəzalı binanın sakinləri prezidentə müraciət etdi-VİDEO
Sumqayıtdakı qəzalı binanın sakinləri prezidentə müraciət etdi-VİDEO

 

 

 

 

Bənzər xəbərlər

Gündəm