GündəmJan 07

TƏBİB-in KORONAVİRUS DƏLƏDUZLUĞU... - “10 nəfərdən çox adamı aldadıblar”

Noyabrın əvvəli Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) modul xəstəxanalarında işə düzələn həkimlərin şikayəti var. Deyirlər ki, vakansiya elan olunan iş üçün müraciət edib, işə qəbul olublar, ancaq sonra aldadılıblar. DİA.AZ xəbər verir ki, həkimlər hazırda çalışdıqları üçün və vəd yığılıb qalan əmək haqqlarını verməyəcəklərini düşündükləri üçün adlarının gizli qalmasını istəyirlər.

Onlar bildirirlər ki, əvvəlcə hər birinə normal maaşın 5 qatını vəd ediblər. Ancaq sonradan aylıq 250 manat əmək haqqı ödəyiblər.

Bundan əlavə, onlara vəzifələri olmayan işləri gördürüblər: “Biz o işə CV göndərərək müraciət etmişdik. Noyabr ayında bizə TƏBİB-dən zəng gəldi və işə qəbul üçün “Abşeron Modul Xəstəxana”-sına yaxınlaşmağımız bildirildi. İş haqqında ətraflı məlumatları da xəstəxanada bizə deyəcəklərini söylədilər”.

Şikayətçilər bildirirlər ki, bundan sonra xəstəxanaya yaxınlaşıb, oranın baş həkimi Şəfa Yusubova ilə görüşüblər: “Koronavirusla işləyəcəyimiz üçün əmək haqqının minimum aylıq əməkhaqqının 5 qatı olacağını söylədi, iş haqqında məlumat verdi və biz 11 noyabr tarixindən artıq işə başladıq. Əmək müqaviləsi haqqında isə məlumat soruşanda bildirildi ki, biz yeni müəssisəyik. Yaxın 1-2 həftə ərzində sizin hər birinizlə müqavilə imzalanacaq. Bu müddət ərzində biz həm porter (meyidləri belə biz paketə qoyurduq), həm qeydiyyatçı, həm də aramızda ingilis və ispan dillərini bilənlər olduğu üçün kubalılar üçün tərcüməçilik etmişik”.

Həkimlər bildirirlər ki, iş başlanan müddətdən 2 həftə sonra onlara deyilib ki, heç birini ştata sala bilməyəcəklər: “Onu da bildirdilər ki, sizin aylıq əməkhaqqınız cəmi 250 AZN olacaq. Heç bir müqavilə filan imzalaya bilmərik. Biz aldadılmışıq. Baş həkim və kadrlar üzrə məsul şəxs bizə indiyə kimi yalan vədlər verib. Amma hansı ki biz (10 nəfərdən artıq şəxsik) qırmızı zonada çalışırıq. Bu məlumatı öyrənəndən sonra biz, demək olar ki, hər gün bu məsələni həll etməyə çalışırıq. 1542 saylı “qaynar xətt”ə də şikayətimizi bildirmişik, amma geri dönüş olmayıb. Deyirlər ki, “dekabrın 23-dən rəsmi olaraq ştata salınmışıq”. Amma hələ də heç bir müqavilə filan imzalamamışıq. Rəhbərlik bizə dekabrın 23-dən sonrakı tarix üçün cavabdeh olacağını bildirdi. İndiyə kimi işlədiyimiz bütün günləri (11 noyabr-23 dekabr) heçə sayırlar. Əməkhaqqı vermirlər”.

Həkimlər bildirirlər ki, problemləri ilə maraqlanan yoxdur. Dəfələrlə TƏBİB-də müxtəlif şəxslərə şikayətlərini bildiriblər, ancaq heç biri bu məsələni həll etməyib: “Bizə hələ 1 qəpik də ödəniş olunmayıb. Orada yatan xəstələrin aqibəti isə tibb bacıları, xəstə baxıcısı (xadimə) və həkimlərin vicdanına qalır ki, onlar da öz işini yerinə yetirmir. Xəstələrə yazılan təyinatlar günlərlə yerinə yetirilmir. Hansı xəstənin yaxını pul verirsə, onlarla maraqlanırlar. Eyni zamanda, işçilər üçün ayrılan servis avtobusu köhnə və balacadır. Ağız-ağıza gedib- gəlirik. “Fresh Catering”dən zəhərlənmə oldu, işçi, xəstə daxil. Şirkəti dəyişdirmədilər, hələ də "Fresh"dən yeyirik. Xəstələrə bizimlə eyni yeməklər, (məs: ətli aş verilir). Suyu belə pambıqla içən xəstələr yeməyi yeyə bilmir, onlara bulyon lazımdır. Çoxu baxımsızlıqdan, yemək yeyə bilməməkdən zəifləyib, ölür”.

Şikayətçilər deyirlər ki, rəhbərliyin gördüyü iş qeyri-leqaldır, çünki heç bir müqavilə olmadan insanları işlətmək cinayətdir.

Bənzər xəbərlər

Gündəm