Aug 19

“Korrupsioner məmurlara qarşı mübarizənin növbəti dalğası gözlənilir”

Azərbaycanda rüşvətxorluğa qarşı mübarizə ölkə başçısının prioritetlərindəndir.

Bunu Etikxeber.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, politoloq Tural İsmayılov bildirib.

Qeyd edib ki, Azərbaycanda korrupsiyaya qarşı geniş şəkildə mübarizə aparılır:

“Vicdansızca rüşvət alan, sadə insanların haqlarını qəsb edən, ölkənin imicinə düşmən kəsilən məmurlar cəzalandırılır. Korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə mühüm addımlar atılır. Hüquq-mühafizə orqanları, başda DTX və Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi rüşvətxorluğun aradan qaldırılması üçün mühüm addımlar atır. Ölkə başçısı dəfələrlə korrupsiyadan çəkinməkləri ilə bağlı məmurlara xəbərdarlıq edir. Bütün bunlardan dərs çıxarmayan və hələ də rüşvəti həyat kredosu edən insanlar ortaya çıxır. Bu, onu göstərir ki, istər pandemiyadan əvvəl, istər də pandemiya dövründə korrupsiyaya qarşı müqavimət davam etdikcə rüşvətə qurşanan adamların sırası daralır.”

T. İsmayılov bildirib ki, pandemiyadan sonra da həbslərdən dərs çıxarmayan korrupsionerlərin cəzalandırılması davam edəcək:

“ Sosial Tədqiqatlar Mərkəzi tərəfindən aparılan sorğular sübut edir ki, əhalinin mütləq əksıəriyyəti Prezidentin korrupsiyaya qarşı mübarizəsini dəstəkləyir. İyun ayında həyata keçirdiyimiz “İnam İndeksi 3” sorğumuzda rəyi öyrənilən respondentlərin 83,3 faizi korrupsiyaya qarşı mübarizə sahəsində görülən işləri əhəmiyyətli dərəcədə səmərəli hesab edib. Rəyi öyrənilən 1212 respondentin 78,5 faizi korrupsiya ilə mübarizə fonunda vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini çox səmərəli hesab edib. Rəy sorğusu göstərdi ki, əhali ölkə başçısının rüşvətxorluğa qarşı mübarizəsini dəstəkləyir. Bütün bunlara rəğmən hələ də əməllərindən əl çəkməyən məmurlar olacaqsa, onlar da mütləq məsuliyyətə cəlb ediləcək.”

Ekspert vurğulayıb ki, rüşvətxorluğun kökü bitənə qədər cəmiyyət də bu sahədə aidiyyatı qurumlarla həmrəy şəkildə fəaliyyət göstərməlidir.

Bənzər xəbərlər

Gündəm

0.068734884262085