Jun 27

“ASAN İMZA” BUMU VƏ MONOPOLİYASINDAN QAZANAN YALNIZ “AZERCELL” OLDU

Bu gün “Azercell” bilirsiniz nə qədər pul qazandı? Gözlərimin şahidi oldum və belə nəticəyə gəldim ki, qanunvericiliyə edilən hər hansı bir dəyişikliyin tətbiqini qəsdən elə edirlər ki, bundan hansısa qurum pul qazanır, ancaq sadə əhali əziyyət əkir. Bilirsiniz ki, ötən ilin sonunda qanunvericiliyə edilən dəyişikliyə görə, VÖEN əsasında fəaliyyət göstərən fiziki və hüquqi şəxslər rüblük hesabatı vergi ilə sosial fondla bağlı eyni ünvana etməlidirlər. Qabaq isə bunlar ayrı-ayrı edilirdi. İlk andan elə təəssürat yaranır ki, gözəldi, iki fərqli ünvana hesabat verməkdənsə, biri ilə hesablaşmaq yaxşıdı. İndi görün nə olub?

Mən hesabatlarımı onlayn qaydada özüm verirəm. Sosial Fonda isə 3 aydan bir məktubla hesabat verirdim. (Söhbət rəhbəri olduğum hüquqi şəxsin hesabatından gedir- M.Q.) Bir neçə gün əvvəl indiyə qədər sosial fonda hesabat verdiyim dördmərtəbəli idarəyə getdim və gördüm ki, qapısına qıfıl vurublar. Oranı mühafizə edən polis bildirdi ki, qurum ləğv edilib. Məlum oldu ki, oranın da hesabatını onlayn qaydada verməliyəm. Sən demə, sosial fonda olunan hesabatı vermək üçün “Asan imza” lazımdı. 20 yanvar qeyri iş günü olduğu üçün, hesabatların verilməsi ilə bağlı son tarix yanvarın 21-ə qədər uzadılmışdı. Getdim Yasamaldakı Asan Xidmətə. Orda izah etdilər ki, əvvəl “Azercell”dən nömrə almalıyam, sonra onu aktivləşdirmək üçün elə həmin binada olan Vergilər Nazirliyinin nümayəndələrində təsdiqlətməliyəm.

“Azercell”-də növbə tutdum. Mənə 108-ci nömrəni verdilər. Baxdım ki, cəmi bir xanım xidmət göstərir, sıra nömrəsi də 43-cüyə hələ təzə çatıb. Hesabladım ki, bu gedişlə Xidmət bağlanana kimi mənə növbə gəlib çatmaz. Növbə : taksi sürcüsü, dəllək, dərzi ilə doluydu. Hamısıs da bir-birindən soruşudu ki, görəsən, bu “Asan İmza” nə mənə olan şeydi. Oranı tərk edib qayıtdım işə. İşdən çıxandan sonra getdim Statistika Komitəsi ilə üzbə-üz olan “Azercell” Müştəri Xidmətinə. Hesabladılar, vurdular, tutdular və sonda dedilər ki, 25 manat ödəyib nömrə almalıyam. Aldım. Sonra bildirdilər ki, ayda bu nömrə üçün 2 manat 50 qəpik də haqq ödəməliyəm. Hələ sabah da gedib onu Vergilərdə aktiv etməliyəm.


Bunlar mənə hər üç aydan bir sıfırla hesabat vermək üçün lazımdır. Vergiyə hesabat “Asan imza”sız gedirsə, sosial fonda niyə getməməlidir və niyə mən 3 aydan bir cəmi bir dəfə istifadə edəcəyim xidmətə görə aylıq pul ödənişinə oturdulmalıyam? Bu gün bütün Asan Xidmət Mərkəzlərində, “Azercell” Müştəri Xidmətlərində sözün əsl mənasında “Asan İmza” bumunu görəndən sonra, məsələnin əsl mahiyyətini anlamış oldum. Həmin imzanın hər birini 25 manata məcburi satmaqla və hər ay 3 manata yaxın ödəniş tutmaqla qazanan yalnız “Azercell” oldu. Qeyd edim ki, əvvəl “Asan İmza” kimi istifadə edilən mobil nömrələrinin aylıq ödənişi 1 manat olub. Görəsən nə baş verdi ki, “Azercell” bu qiyməti 3 dəfə artırdı? Biz işləri yaxşılaşdırmağa doğru addımlar atırıq, yoxsa qəlizdəşdirməyə? Yəqin ki, bu cür əməliyyatlarla mobil operatorun qazancı 10 milyonlarla ölçülə bilər. Çünki bu sahədə rəqabət mühiti yoxdur, “Asan imza” yalnız “Azercell” adlanan mobil operatorun monopoliyasındadır. Allah bazar versin!

Məhəmmədəli QƏRİBLİ

Bənzər xəbərlər

Gündəm

0.039605855941772