May 25

Deputatın çıxışının el dilinə tərcüməsi: “Papa, ayıbdır...” – AXI NİYƏ?!

Maraqlıdır, Həsənquliyev arada öz dediyinə kənardan qulaq asırmı?

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və get diyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Azərbaycanda sözə həmişə qiymət verilib. Hətta, sözün ucuzlaşdığı bir dövrdə belə, ağsaqqal sözü, atalar misalı həmişə xalqımızın güvən mənbəyi olub. Bu ibrətamiz sözlərdə azərbaycanlılar çox, amma mənasız sözlər danışmaqdansa, az, amma mənalı sözlər danışmağa dəvət olunub. “Kişinin sözü bir olar”, “Bir yerdə sözün keçmirsə, sözünü dəyişmə, yerini dəyiş”, “Sağalar xəncər yarası, sağalmaz söz yarası” kimi atalar misalı və ibrətamiz kəlamlar xalqımızın sözə, onun qüdrətinə hansı aspektdən yanaşmasının bariz nümunəsidir.

 

Amma, təəssüf ki, bəzən elə sözlər eşidirik, koronavirus adlı bəlanın təkcə insanlara deyil, sözün qüdrətinə də təsir etməsi qənaətinə gəlirik. Məlumdur ki, həmişə müxtəlif sahələrdə tanınan, populyar olan insanların sözü, adətən daha çox müzakirə predmetinə çevrilir. Və çox təəssüf ki, bu populyar olan insanlar bəzən nə danışdıqlarının fərqində də olmurlar. Eləcə, söz demək xatirinə danışırlar.

 

Xüsusən də sözün qüdrətdən düşdüyü məqamda fərqlənən bəzi millət vəkillərimiz olur. Sözün qüdrəti demiş, elə bu mövzunu qələmə almağa da məni deputat Qüdrət Həsənquliyevin sözləri oldu. AzTV-nin “Hədəf” verilişinin qonağı olan bu deputat, bu partiya sədri elə ifadələr işlətdi ki, əvvəlcə “o da test imtahanları dövrünün qurbanıdır – o qədər də çox kitab oxumayıb”, - deyə düşündüm. Amma sonra gördüm ki, yox, bu elə həmin Qüdrətdir ki, hüquqşünas savadı olsa belə, arada danışdıqlarını yəqin ki, özü də tam anlaya bilmir. Bilsə, danışmaz.

Qüdrət Həsənquliyev: Türkiyə və İranla viza rejimi ləğv ...

Axı, niyə mən bu gün onun sözündən yapışımışam? Məgər məmləkətdə sözün mənasına varmadan, nəsə demək üçün danışan adamlar azdırmı? Səbəbini izah edim.

 

Həsənquliyev bayaq dediyim o sözü müzakirə predmetinə çevirən insanlardan biridir Azərbaycanda. Yəni insan dediyi hər bir sözə məsuliyyətlə yanaşmalıdır ki, sonra dediklərinin izahını verərkən hıqqanmasın, ya da onun sözlərini təkzib etməkdə heç bir mətbuat orqanını ittiham etməsin. İndi isə mən məcburam ki, onun sözlərini, sənə, əziz oxucu, tərcümə edəm ki, sən də anlayasan.

 

Ölkədə Prezident tərəfindən korruspsiyaya savaş açıldığını deyən Həsənquliyev, hamını bu savaşda ölkə başçısına dəstək olmağa çağırıb.  Qeyd edib ki, dövlətin aztəminatlı ailələrə ayırdığı kartlar icra başçılarının kabinetlərindən çıxır və buna qarşı kəskin etiraz olmalıdır. Xub! Tamam! Çox gözəl və dəyərli fikirlərdir. Amma gərək Qüdrət Həsənquliyev elə buradaca nöqtəni qoya və verilişdən gedəydi. Çünki öz bəlağətli çıxışındanmı ekstaza düşür, ya dövlətə nə qədər lazımlı olmasını sübüt etmək istəyindəmi, amma başlayır ağıllı-ağıllı məsləhətlər verməyə. Yenə deyirəm, onun şəxsinə və deputat fəaliyyətinə heç bir etirazım yoxdur, amma...

 

Onun sözlərinə görə, Azərbaycanda rüşvət verənlər də cəzalandırılmalıdır: “Bizdə bəzən insanlar qanunsuz imtiyazlar əldə etməyə çalışırlar. Məsələn, vergidən yayınmaq üçün rüşvət verirlər. İmtiyaz üçün rüşvət verən şəxslər də məmurları yoldan çıxarırlar. Amma istənilən halda rüşvət verən şəxs məsuliyyətə cəlb edilməlidir. Rüşvət verməsi barədə könüllü məlumat verən şəxs, ən azından yüngülləşdirici halla məsuliyyətə cəlb olunmalıdır”.

 

Deməli, insanın rüşvət verənləri məsuliyyətə cəlb etmək çağırışına bir etirazım yoxdur, amma, bu rüşvətverənlər məmurları necə yoldan çıxarırlar, deputat bunu izah etsəydi, pis olmazdı. Lakin necə olmalıdır? Kimsə məmura rüşvət verirsə, əgər həmin məmur rüşvətxor deyilsə, onda veriləni götürməyəcək, elə həmin an polisə və ya prokurorluğa zəng edəcək. Həsənquliyevin sözlərindən isə belə çıxır ki, yazıq məmur heç bilmir, rüşvət nədir, necə olur. Sadəcə, gəlir otağına və vicdansız vətəndaşlar öz işlərini aşırmaqdan ötrü başlayırlar bu kişini yoldan çıxarmağa. İnsafən, o da yəqin müqavimət göstərir, əlini bir telefona da atır ki, polisə zəng etsin, amma sonra “lənət şeytana”, - deyib pulu qoyur cibinə. Azərbaycan reallığında bu səhnə gülməli deyilmi, sizcə?

 

Cənabi deputata yəqin, bu səhnə o qədər real görünür ki, o, sakitləşmir, və daha bir təklif irəli sürür: “Rüşvət verməsi barədə könüllü məlumat verən şəxs, ən azından yüngülləşdirici halla məsuliyyətə cəlb olunmalıdır”.

Rüşvət verəni hansı cəza gözləyir? - ŞƏRH

Təcümə edim: icra başçısı mənə deyir ki, rüşvət ver, sənə düşən qanuni torpağı sənə verim. Mən pulu verib, torpağımı alıram, amma ürəyim soyumur. Gəlirəm prokurorluğa və “bu şərəfsizi tutun ki, mənim kimi başqalarını da yolmasın” deyirəm. Prokurorluq isə, deputatın bu təklifi ilə işləsə, yüngül də olsa, mənə cəza verir. Sual olunur: onda gələn dəfə mən prokurorluğa niyə gəlirəm ki?

 

Sonda Həsənquliyev zehnindən dilinə süzülən daha bir şedevr sayıla biləcək təklif səsləndirir, daha doğrusu, rüşvətxor məmurların ailələrinə çağırış edir: “Həmin ailələr görürsə ki, evə qeyri-qanuni yollarla pullar daxil olur, buna etiraz etməlidirlər. Əks təqdirdə bunun mənəvi iztirabı da var”.

 

Tərcüməsi: Ərinin “qazancı” ilə bahalı brilyantlara sahib olan, qardaşını və nəslini işə düzəldən məmur arvadı, elə həmin pullarla bahalı avtomobildən düşən məmur oğlu, bahalı paltarlarını və saatını “Instagram”da hamının gözünə soxan məmur qızı, dərhal başlayırlar mənəviyyatı xatırlamağa. Bu dünyada vicdani, o biri dünyada ruhi iztirab çəkməmək üçün, məsələn, məmur balası axşam atasının evə gətirdiyi pul dolu çantasını geri itələyərək, “Papa, eləmə də bunu! Axı ayıbdır, biz haram tikə yeyəndə mənəvi iztirab çəkirik!” deyir...

 

Bu qədərinə heç utopik sosialistlərin əsərlərində də rast gəlməmişdim. Maraqlıdır, Həsənquliyevin özü arada öz dediyinə kənardan qulaq asırmı? Belə görünür ki, yox...

 

Bənzər xəbərlər

Gündəm

0.036619901657104