May 08

Rusiya Paşinyanın devrilməsi istiqamətində ciddi iş aparacaq... 

İşğalçı Ermənistanın rəhbərliyi son vaxtlar bir-birinin ardınca ziddiyyətli bəyanatlar verməyə davam edir. Maraqlıdır ki, ölkənin xarici işlər nazirinin absurdcasına Ağdamı “təhlükəsizlik zonası” adlandırmasının ardınca rəsmi İrəvan “qırmızı xətt”i keçdiyini anladığı üçün danışıqlara sadiqliyi haqda növbətçi bəyanat səsləndirdi.

İşğalçı ölkə koronavirusun əlində yesir gündə qalsa da, özünün ənənəvi məkrli siyasətindən də əl çəkmir. Keçmiş baş nazir Qrant Baqratyan yerli KİV-lərə müsahibəsində bildirib ki, Ermənistanda koronavirus epidemiyası ilə bağlı situasiya “sadəcə olaraq, dəhşətlidir”. Ancaq ermənilər bütün digər məsələləri bir kənara qoyub Azərbaycan torpaqlarının əbədi ilhaqı üzərində baş sındırırlar.

Qeyd edək ki, əslində Zöhrab Mnatsakanyan son hikkəli bəyanatı ilə Rusiya xarici işlər naziri Sergey Lavrova “buynuz” göstərmişdi. Bundan sonra Ermənistanda müzakirələr başladı ki, Lavrov Dağlıq Qarabağın ətrafındakı rayonların mərhələli yolla boşaldılması planının icrası üçün hərəkətə keçib və N.Paşinyan hökuməti torpaqları “satıb”. Budur, ardınca Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsi ilə bağlı yeni açıqlama verib. Ermənistan KİV-i xəbər verir ki, Paşinyan Rusiya XİN rəhbəri Sergey Lavrovun açıqlamasına dolayısı ilə cavab verib (Modern.az): “Ermənistanın heç bir rəhbəri mənim kimi Qarabağ münaqişəsi ilə bağlı öz yanaşmasını açıq göstərməyib. Əgər danışıqlarda bizim prinsiplərimizə uyğun təklif olarsa, parlamentin qapalı iclasını keçirib müzakirə aparacayıq”.

O, münaqişə ilə bağlı heç bir sənədi siyasi qüvvələrlə məsləhətləşmədən imzalamayacağını açıqlayıb. Təbii ki, N.Paşinyan ona qarşı çıxan qüvvələri, xüsusilə də fürsət gözləyən Qarabağ klanını zərərsizləşdirmək üçün bu açıqlama ilə çıxış edib.

Bugünlərdə Ermənistanda “inqilab”ın ikinci ildönümü tamam olur. Serj Sərkisyan hakimiyyətini devirən N.Paşinyan bu müddət ərzində Rusiya üçün arzuolunmaz fiqur oldu. Hətta Paşinyan hakimiyyətə gəlişi münasibətilə Kremldən təbrik məktubu belə, ala bilmədi. Ancaq Rusiya prezidenti həbsdən buraxılmasını tələb etdiyi eks-prezident Robert Köçəryanı bir neçə dəfə yada saldı, onu ad günü və yeni il münasibətilə təbrik etdi. Bir neçə dəfə Moskvadan Paşinyana xitabən “Köçəryanı azad et” çağırışı edilsə də, Ermənistan rəhbərliyi bu çağırışları qulaqardına vurdu. Çox maraqlıdır ki, Rusiya bütün bu sayğısızlığa dözdü. İndi çoxlarını belə sual maraqlandır: nədən Rusiya Paşinyanı devirib, köhnə klanı yenidən iqtidar etmədi? Rusiya bunu istəmədi, ya gücü çatmadı?

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a dedi ki, Paşinyanın hakimiyyətə gəlməsindən ötən iki il ərzində Ermənistanda siyasi münasibətlər sistemində ciddi dəyişikliklər olsa da, bu ölkədə vəd edilən demokratik və sosial islahatlar reallaşmadı: “Baş nazir Nikol Paşinyan yalnız Qarabağ klanının üzvlərinə qarşı cinayət təqibi başladaraq bununla imitasiya etdi. O, bu həbsləri islahat kimi, korrupsiyaya qarşı mübarizə olaraq xarakterizə etsə də, artıq vətəndaşlar Paşinyanın bir siyasi diletant olduğunun fərqindədilər. İki il müddətində Paşinyan iki stulda oturmaq istədi. Qərb və Rusiya arasında manevr edərək hər iki tərəfdən dəstək almaq istəsə də, pərdəarxası Rusiyaya bağlı köhnə hakimiyyətin üzvlərini neytrallaşdırmaqla şimaldan gələ biləcək təhlükəni qarşısını almağa çalışır. Məhz Kremlin ən yaxın sadiq adamı Robert Köçəryanı həbsdə saxlamaqla Moskvaya qarşı demarş etməklə digər keçmiş hakimiyyət nümayəndələrinə qarşı cinayət repressiyasını həyata keçirir. Serj Sərkisyan, Seyran Ohanyan və digərləri Paşinyanın təqibi altındadılar və bu, birbaşa Rusiya əleyhinə siyasətin davam etməsidir”.

M.Əsədullazadəyə görə, Paşinyan konkret olaraq ölkəsində Rusiyanın dayaqlarını zəiflətmək kursunu götürüb: “Rusiya bu iki il ərzində Paşinyanı devirmək üçün cəhd etmədi. Çünki bu ölkə onsuz da Rusiyanın forpostudur və bütün rıçaqlarla Moskvaya tabedir. Sadəcə, Rusiya proseslərin Paşinyanın əleyhinə gedəcəyini proqnozlaşdırdı. Həmçinin Paşinyanı xalqın müəyyən qrupları dəstəklədi və Rusiya gözləmə mövqeyində olaraq daha da irəli keçib erməni xalqını özündən narazı salmaq istəmədi”.

Ancaq politoloq proseslərin uzun müddət bu şəkildə cərəyan edəcəyini düşünmür: “Hazırda xalq Paşinyandan narazıdır və pandemiya ölkə iqtisadiyyatını ciddi şəkildə fiaskoya aparır. Belə olan təqdirdə Rusiya da Ermənistana iqtisadi yardımlar etmir və qazın qiymətində güzəştlərə getmir. Bu da Paşinyana qarşı daxildə etirazların stimullaşdırılmasına gətirən amildir. Hesab edirəm ki, sosial narazılıqların artıq lokal şəkildə baş qaldırdığı vaxt Rusiya digər qrupu irəli çəkəcək. Artıq keçmiş DTK sədri Vanetsyan Kremlin ”stavka" etdiyi şəxsdir. Vanetsyan müxtəlif istiqamətlərdə Paşinyana qarşı hücumlar edir, tənqid edir. Xalqı müəyyən qrupları öz ətrafında birləşdirməyə çalışır. Rusiya Paşinyanın öz yaxın adamını yanına çəkərək, ona qarşı qoydu".

Ekspert hesab edir ki, Ermənistan əhalisi Qarabağ klanına nifrət etdiyi üçün Rusiya bunların növbəti dəfə hakimiyyətə gəlişi üçün çalışmayacaq: “Moskva Vanetsyan vasitəsilə Paşinyana güclü rəqib ortaya çıxarır. Ermənistanda Vanetsyan yeni partiya yaradacaq və bu Kremlin göstərişi ilə hərəkət edəcək. Biz növbəti mərhələdə Ermənistanda hakimiyyət uğrunda yeni mübarizənin, qarşıdurmanın şahidi olacağıq. Hesab edirəm ki, Rusiya Paşinyanın devrilməsi istiqamətində ciddi iş aparacaq. Bu, iki il ərzində Paşinyan rəsmi şəkildə Kremldə qarşılanmayıb və Kreml üçün arzuolunmaz şəxsdir. Belə olan xüsusda iki tərəf arasında münasibətlərin yüksək səviyyədə inkişafı olmayacaq”.

****

Bu arada Ermənistanda anti-Rusiya mövqeləri yenidən vüsət almaqdadır. Moskvadan istədiklərini qopara bilməyən, hətta qazın qiymətində endirim etmək ümidini itirən ermənilər indi də Rusiyanı şantaj yolunu tutublar. “Qarabağ məsələsi indi Rusiyanın əliylə ona görə aktuallaşdı ki, Moskva indiki Ermənistan hakimiyyətini dəyişmək istəyir. Rusiya tərəfi mümkün qədər tez bir vaxtda Paşinyandan yaxa qurtarmağı planlaşdırır”.

Virtualaz.org xəbər verir ki, bu haqda Ermənistan hakimiyyətinin müttəfiqi, “Sasna tsrer” silahlı qruplaşmasının və hazırda eyni adlı partiyanın rəhbəri olan keçmiş səhra komandiri Jirayr Səfilyan Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağa dair mərhələli həll planının müzakirə olunduğu haqda bəyanatına münasibət bildirərkən deyib.

AzadlıqRadiosunun erməni xidmətinə danışan Səfilyan bildirib ki, Qarabağ məsələsinin indi aktuallaşmasının iki əsas səbəbi var. Birincisi hərbi-siyasi səbəbdir, yəni Rusiyanın Qafqazdakı sonuncu dayağı olan Ermənistandır. “Azı 200 ildir ruslar Qarabağ məsələsindən Cənubi Qafqazda hökmranlıq eləmək üçün istifadə edirlər. İndi də Qarabağ məsələsi əsasən bu səbəbə görə aktuallaşıb”, - o deyib.

Səfilyana görə, Rusiyanın qarşısında özünün Qarabağda hərbi iştirakını təmin etmək və Azərbaycanın buna razılığını almaq naminə erməni tərəfinə böyük güzəştlər “sırımaq” durur: “İkinci səbəb isə odur ki, Rusiya Ermənistanda siyasi dəyişiklik etmək istəyir. İki il əvvəl Rusiya tərəfi Serj Sərkisyana qarşı kütləvi etirazlardan istifadə etmək istədi ki, ondan yaxa qurtarsın, amma Serji Nikol əvəz etməli deyildi. Rusiya ”ArmRosQazprom"un keçmiş baş direktoru Karen Karapetyanı baş nazir etmək istəyirdi. Amma xalqın fəallıq göstərməsi, Paşinyanın çevik və məqsədyönlü hərəkətləri sayəsində bu plan baş tutmadı".

Qarabağda kifayət qədər cinayətlər törətmiş Səfilyanın fikrincə, Paşinyan nə qədər Rusiyaya sadiq olduğunu desə də, Sərkisyanın getmədiyi bir çox güzəştlərə getsə də, Rusiya onu hakimiyyətdən kənarlaşdırmaq istəyir. Səfilyanın fikrincə, koronavirusla bağlı vəziyyət Rusiyanın ölkədəki “beşinci kalon”unun fəaliyyətini bir qədər tormozlayıb, amma indi onlar qarşıya qoyulmuş vəzifənin icrasına başlayıb və Paşinyana hücumları artırıblar. “Lavrov isə beşinci kalona ideya verir ki, onlar hakimiyyətə hücum etsinlər, desinlər ki, baxın, bunlar satqındır, torpaqları qaytarmaq istəyir. Onların planı belədir”, - “Sasna tsrer” terrorçusu deyib.

****

Qeyd edək ki, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən prezidentin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan Ordusunun şəxsi heyətinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində aparılan islahatlar çərçivəsində cəbhəboyu zonada tikintisi yekunlaşmaqda olan hərbi hissədə olublar.

Bu barədə “Yeni Müsavat”a Müdafiə Nazirliyindən məlumat verilib. Ordu rəhbərliyinin son vaxtlar cəbhə bölgəsində intensivləşən səfərləri təbii ki, düşməni narahat edir. Elə bundan əvvəl Ermənistanın müdafiə naziri David Tonoyanın Qarabağa gələrək iki gün ərzində hərbçilərlə görüşməsi də bu narahatlığın nəticəsi idi.

Aprel-may ayları ermənilər üçün qorxulu aylar sayılır son illər. Həm aprel döyüşləri, həm də may ayında həyata keçirilən uğurlu Günnüt əməliyyatı düşmənə sarsıdıcı zərbələr vurulması baxımından tarixi əməliyyatlar oldu. Xüsusilə də Rusiya ilə Ermənistan arasındakı münasibətlərin gərginliyi şəraitində Azərbaycanın hərəkətə keçməsi Paşinyan hakimiyyəti üçün dəhşətli perspektivlər vəd edir. Bunu İrəvanda da yaxşı anlayırlar. Rusiyanın üzünə “ağ” olmaları işğalçılara baha başa gələ bilər...

Bənzər xəbərlər

Gündəm

0.039913892745972