Feb 15

Ukraynadakı səfirimiz barədə şok ittihamlar: “Bu ölkədə onu səfir kimi yox, dələduz kimi tanıyırlar”

“Ukraynada ciddi təhdid altındayıq”.

Adının açıqlanmasını istəməyən azərbaycanlı iş adamı Ovqat.com-a müraciətində belə deyib.

Onun bildirdiyinə görə, uzun illərdir Kiyevdə yaşayır. Azərbaycanda investisiya mühiti əlverişli olmadığından biznesini Ukraynaya daşıyan iş adamının işi əvvəl yaxşı gedib. Lakin Ukrayna-Rusiya böhranı onun da işindən yan ötüşməyib. Söhbət təkcə iqtisadi böhrandan da getmir. Poroşenko hakimiyyətə gələndən indiyədək keçən 5.5 il ərzində bütün iş adamları kimi onun ürəyi səksəkədədir. Hər an oğurlana və ya sui-qəsdə qurban gedəcəyini düşünən iş adamının şikayət edə biləcəyi yer də yoxdur. Özümüzünkülərdən daha çox təhlükə gələ biləcəyini düşündüyündən heç kimə ürək qızdırıb dərdini danışa bilmir.

 

Məsələ burasındadır ki, Poroşenkodan 1 neçə ay əvvəl indiki postunda əyləşən Ukraynanın Daxili İşlər naziri Arsen Borisoviç Avakov Bakı ermənisidir və Ukraynada yaşayan azərbaycanlı iş adamlarına qənim kəsilib. Dəfələrlə oğurlanan, malları qəsb olunan, sui-qəsdə məruz qalan iş adamlarımıza qarşı bütün təxribatların arxasında Avakovun dayandığından şübhələnilir. Hakimiyyətdə isə heç kimin ona gücü çatmır.

İş adamının bildirdiyinə görə, indiki prezident Vladimir Zelenski haklimiyyətə gələndə bir çox soydaşlarımız kimi o da sevinib. Yaxın günlərdə Poroşenko hakimiyyətindəki erməni nazirlərin işdən qovulacağını düşünüb. Bu barədə mülahizələr Ukrayna mətbuatında da xeyli müzakirə edilib. Zelenskinin isə onlardan yalnız birinə - infrastruktur naziri Vladimir Omelyana gücü çatıb. Daxili İşlər naziri Arsen Avakov isə öz kreslosunu qoruyub. Halbuki, Ukraynada bütün kriminal hadisələrin arxasında da məhz Avakov dayanır.

 

Bakıda doğulan Arsen Avakov həm də Ukraynanın ən varlı adamlarından biridir. Rəsmi məlumatlara görə, 2013-cü ildə 100 milyon dollarlıq əmlakı olan Avakov bir ildən sonra Daxili İşlər naziri təyin edilib. Bu təyinatdan sonra sərvətinə sərvət qatmağı bacarıb. İndi onun mülkiyyətinin dəyərini hesablamaq belə mümkün deyil. Çünki nazir təyin olunduqdan sonra bunu gizlədir. Vəzifəsindən və Rusiya-Ukrayna gərginliyinin yaratdığı xaotik durumdan faydalanan Avakov ətrafına yığdığı kriminal ünsürlərdən faydalanaraq bir çox iş adamlarını çökdürür, əmlaklarına əl qoyur. Onun əsas hədəfi isə Azərbaycandan olan iş adamlarıdır. Sözsüz ki, bu məsələdə Bakı ermənisinin azərbaycanlılara bəslədiyi dərin nifrətin də öz payı var.

İş adamı deyir ki, Azərbaycanı Ukraynada təmsil edən diaspora təşkilatları isə onların problemləri ilə maraqlanmaq istəmirlər. Adətən onlara pul kisəsi kimi baxdıqlarından iş adamları da əslində diaspora təşkilatlarından uzaq durmağa çalışırlar. Azərbaycanlı iş adamlarına qarşı sui-qəsdlərdə öz yerli killerlərimizdən istifadə olunması da bu baxımdan təsadüfi deyil. Şikayətçinin fikrincə, bu killerlərin tapılmasında öz diaspora liderlərimizin də barmağının olacağından şübhələnən iş adamları bacardıqları qədər ictimai fəaliyyətdən uzaq durmağa üstünlük verirlər.

Bəs Ukraynadakı səfirliyimiz niyə bu məsələlərlə bağlı heç bir tədbir görmür?

 

Həmsöhbətimizin fikrincə, Azərbaycanın Ukraynadakı səfirliyinin fəaliyyətindən heç danışmağa dəyməz, çünki onun adı dəfələrlə qalmaqallı məsələlərdə hallandığından rəsmi Kiyev qarşısında hansısa məsələləri qaldırmağa üzü yoxdur:

“Ümumiyyətlə, səfir Azər Xudiyevi Ukraynada diplomat kimi yox, dələduz kimi tanıyırlar. Hətta onun fırıldaqları barədə yerli mətbuatda vaxtaşırı materiallar dərc olunur. Ötən il Ukraynanın vesti-ua.net saytının Azər Xudiyev barədə yazdığı bir xəbər hamımızı xeyli utandırdı. Bir azərbaycanlı kimi xəcalətdən başımızı soxmağa deşik axtarırdıq. Saytın iddiasına görə, Ukrayna iş adamlarından Olqa Yeryomenko Azər Xudiyevin onun biznesini ələ keçirmək istədiyi iddiası ilə hüquq mühafizə orqanlarına müraciət edib. Çünki Ukraynalı iş adamını dəfələrlə səfirliyin ərazisinə çağıran səfir ondan könüllü olaraq mülküyyətindən vaz keçməyi tələb edib. Bu da ciddi qalmaqallara, müzakirələrə səbəb olub”.

 

Qeyd edək ki, həmsöhbətimizin bizə nəql etdiyi məsələ Azərbaycanın dövrü mətbuatında da öz əksini tapıb. Missiya.az-ın məlumatına görə, Ukrayna vətəndaşı Olqa Yeryomenkonun vəkili Sergey Gerasimçuk vesti-ua.net saytına müsahibəsində belə deyib:

"Olqa Yeryomenkonu bir neçə dəfə səfirliyə, faktiki olaraq digər dövlətin ərazisinə dəvət ediblər. Şəxsən səfir ona orada təklif edib ki, biznesini digər şəxsin adına keçirsin. Bizim məlumatımız var ki, bu biznesin keçmiş sahibkarlarına qarşı səfirin iddiları olub. Ancaq Ukrayna vətəndaşı bu biznesi qanuni yolla əldə edib və onun bu iddialarla heç bir əlaqəsi yoxdur”.

Vəkilin özlərinə görə, ukraynalı xanımla azərbaycanlı diplomatlar arasında son görüş 2019-cu ilin iyunun 20-də səfirliyin ərazisində baş tutub. Həmin görüşdə statusu bəlli olmayan, diplomatik nümayəndəliyin əməkdaşları siyahısında adı qeyd edilməyən Zülfiyyə Şestakova da olub. O, səfirin adından təkid edib ki, iş adamı biznesini üçüncü şəxsə pay versin. O.Yeryomenko redaksiyaya messencerindəki yazışmanı təqdim edib. Orada Z.Şestakovanın təklifi var ki, Yeryomenko biznesə aid bütün sənədləri götürüb Səfirlə görüşə gəlsin”.

 

Sergey Gerasimçuk əlində səfirlikdə baş tutmuş söhbət haqqında təkzibedilməz sübütların olduğunu da gizlətməyib: "Hadisə digər dövlətin ərazisində baş verdiyindən, iki dövlətin – Azərbaycan və Ukraynanın hüquq mühafizə orqanlarına müraciət edirik”.

Azər Xudiyevin Ukrayna vətəndaşından haqq iddia etməsinin səbəbinə gəlincə, məlumata görə, O.Yeryomenko bir il öncə Azərbaycan vətəndaşlarından Kiyev vilayətinin Obuxov rayonunun Xodosovka kəndində yerləşən "Karvan” ("Караван”) hotel-restoran kompleksini satın alıb. Sonradan keçmiş sahiblərin birinə qarşı cinayət işi açılıb: səfir onu maliyyə israfçılığında ittiham edib. Satınalmadan sonra isə işə yenidən baxılıb və CM-nin 197-1 maddəsi ilə "Karvan”ın yerləşdiyi torpaq ərazisi zəbt olunmuş ərazi kimi qiymətləndirilib:

“Vəkil S.Gerasimçuk qeyd edir ki, torpaq dövlət mülküyyətindədir, restoran Kiyev vilayətinin dövlət administrasiyasının qərarı ilə sadəcə icarəçidir, buna görə də özbaşına zəbt haqqında iddiaların heç bir əsası yoxdur..."

Vəkil deyir: "Biz sonuncu hadisələrə kompleks şəklində yanaşırıq. Səfirlikdə anladılar ki, hətta yalançı torpaq zəbti iddiaları ilə biznesi ələ keçirə bilməyəcəklər. İndi də iş adamını daha bir cinayət işi ilə qorxudurlar...”

 

Vəkil bu hadisələrin əsas səbəbini iş adamının qorxutmaq, biznesini və əmlakını əlindən almaq cəhdlərində görür. Gerasimçuk qeyd edir: "Vəziyyət gərginləşir. Hüquq-mühafizə orqanlarının hərəkətləti gözlənilməz hala düşür. Biz Ukrayna Dövlət araşdırmalar bürosuna, Azərbaycan Respublikası Baş Prokurorluğuna, həmin ölkənin XİN-inə, həmçinin iki ölkənin Prezidentlərinə müraciət edirik ki, yüksək statuslu diplomatın iştirak etdiyi bu qanun pozuntusu yola verilməzdir” - vesti-ua.net bunu iddia edir.

Maraqlıdır ki, bu, Azər Xudiyevin ilk belə təşəbbüsü də deyilmiş. Bundan əvvəl də o, Azərbaycanın Ukraynadakı keçmiş səfiri Tələt Əliyevin korrupsiya yolu ilə qazandığı mülkiyyətinə göz dikmiş, sələfi bundan imtina etdikdə isə Ukrayna hüquq mühafizə orqanlarına müraciət etmişdi. Azərbaycanın adına böyük ləkə gətirən bu hadisə ölkəmizdə də ciddi müzakirə olunmuşdu. Bəzi deputatların “niyə öz hüquq mühafizə orqanlarımıza müraciət etməyibsən” sualına isə səfirin cavabı xeyli düşündürücülüyü ilə yadda qalmışdı: "Mən dərhal bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinə məlumat vermişəm. Ötən gün də nazirlikdən olan şəxslərlə danışmışam. Onlar da məsləhət gördü ki, bu barədə faktları dilə gətirim. İndiyədək bu məsələni ictimailəşdirmək fikrimiz yox idi. Tələt Əliyevin öz çirkin əməllərini ört-basdır etmək üçün düzəltdiyi şou bizi buna vadar etdi..."

 

Hər kəs Azər Xudiyevin özünü xilas etmək üçün XİN-nə şər atdığını düşünsə də, onun indiyədək öz vəzifəsini qoruması, arxasında ciddi adamların, bəlkə də birbaşa Elmar Məmmədyarovun dayandığı ehtimalına yol açır. Səfirin himayədarının kim olduğunu müəyyənləşdirmək gücündə olmasaq da, bircə onu bilirik ki, biznes maraqlarını diplomatik epitetlərdən üstün tutan bu adamın ölkəmizi təmsil etdiyi Ukraynada yarımmilyondan çox azərbaycanlı yaşayır. Ermənilərin sayı isə cəmi 100 min nəfərdi. Bununla belə ermənilərin Ukraynada çox güclü diaspor təşkilatları var və onlar həmin təşkilatlanmaları sayəsində ölkənin parlamentində, hökumət orqanlarında kifayət qədər təmsil oluna bilirlər. Hətta Ukraynanın 3 fərqli hakimiyyəti dövründə dəyişilməyən Daxili İşlər naziri olub bizim iş adamlarımıza qan uddurlar. Məlumatlara görə, hazırda Ukraynada onlarla itkin düşmüş azərbaycanlı iş adamları var. Bir çoxları isə külli miqdarda girov qoyaraq canlarını qurtara biliblər. Bizimkilər isə dərdlərini danışmağa yer tapmırlar. Çünki səfirin onlara “öz mülkiyyətindən mənim xeyrimə əl çək” deməyəcəyindən əmin deyillər.

Azər Xudiyev barədə əldə etdiyimiz başqa məlumatlar da var. İddialara görə, onun intellektual savadı yüksək deyil. Yaxşı boksçu, ortabab musiqiçi olmağına baxmayaraq, dünya siyasətindən qətiyyən başı çıxmır. Ortabab bir neçə dildə danışa bilsə də, bu onun ancaq sıravi vətəndaş kimi quyruğunu sudan çıxara bilməsinə kömək edir. Diplomat üçün, xüsusilə Ukrayna kimi soydaşlarımızın ən çox toplaşdığı bir ölkədə səfirlik etmək üçün isə bu qabiliyyət yetərli deyil. Həm də gərək öz peşənin “dilini biləsən”, axı. Azər müəllim isə başqasının əmlakını necə ələ keçirməyin dilini bilir. Hər halda son iki ildə yaşananlar bunu deyir.

İş adamı bizə səfir barəsində başqa bir neçə məlumatlar versə də, özəl həyata toxunmaq istəmədiyimizdən dərcini məsləhət bilmədik.

Ovqat.com

 

P.S.  Qarşı tərəfin də fikrini öyrənməyə hazırıq.

Bənzər xəbərlər

Gündəm

0.047063827514648