Nov 07

"Yalnız bu halda Türkiyə Qarabağ savaşında Azərbaycana hərbi dəstək verə bilər...”

Qardaş Türkiyənin  son dövrlərdə Azərbaycanın işğal altındakı torpaqlarının azadlığı  uğrunda mübarizədə  mümkün dəstəyi verəcəyi barədə mütəmadi fikirlər səslənir.  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə çıxışı zamanı da “Dağlıq Qarabağ probleminin ən qısa müddətdə sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün əlimizdən gələn səyləri göstərməyə davam edəcəyik” -söyləyib.   Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç da saytımıza son açıqlamasında Türkiyə liderinin vədinə bir daha dəstək verərək daim Azərbaycanın yanında olduqlarını ifadə etdi.
 
Bəs konkret situasiya yaranarsa, qardaş ölkənin dəstəyi özünü hansı şəkildə biruzə verə bilər?  Tutaq ki, bu saat Azərbaycan Qarabağı azad etmək üçün geniş antiterror əməliyyatı başlatdı. O halda Türkiyə dövləti bizə real, gerçək olaraq nə ilə, hansı yollarla dəstək vermək gücündədir? Ortada Rusiya ilə münasibətlər məsələsi də var...
 
“Azərbaycana hərbi yardım etmək məsələsində rəsmi Ankaranın siyasi gücü hələki zəifdir...”
 
İstanbul Universitetinin Beynəlxalq Münasibətlər üzrə doktorantı Teymur Qasımlı Moderator.az-a geniş açıqlamasında bəhs edilən mövzuda maraqlı fikirlər səsləndirib:
 
“Beynəlxalq münasibətlərdə realizm nəzəriyyəssi var. Qisaca mənası budur ki, özün özünü qoru. Mən bu nəzəriyyənin tərəfdarıyam. Bizlər bu teoriden nəticə çıxarmalıyıq. Azərbaycandan ötrü heç kim ermənilərə qarşı vuruşmayacaq, hər bir dövlətin öz mənafeyi var. Buna görə də biz hər hansı bir dövlətdən inciməməliyik. Necə ki, Azərbaycan 1920-ci il və  1990-ci ilərdə meydanda tək qaldı, kimsə də bizə kömək etmədi. Ancaq Azərbaycan dövləti və xalqı təkbaşına, bacardığı qədər ermənilərə qarşı şərəflə vuruşdu. İyirmi mindən çox şəhid verdik, on minlərlə qazimiz var. Azərbaycan xalqı bü gün də vuruşmağa hazırdır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə cansağlığı versin...” 
 
İstanbul Universitetinin doktorantı Mustafa Kamal Atatürkün Rusiya ilə bağlı vəsiyyətinə də toxunub:
 
“Atatürkün xarici siyasətlə bağlı 5 vəsiyyəti var. Onlardan birinin məzmunu belədir: Türkiyə hər zaman çalışmalıdır ki, o vaxt Sovet Rusiyası deyilən indiki Rusiya ilə yaxşı münasibətlər qursun, dostluq etsin. Rusiyaya qarşı olan hər hansı planda, birlikdə iştirak etməsin. Atatürk qurtuluş savaşı verəndə ağıllı, uzaqgörən siyasi gediş elədi. Sovet Rusiyasına yaxınlaşdı və yüksək əlaqələr qurdu. Lenindən maddi, silah yardımı aldı və nəticədə qurtuluş savaşında qalib gəldi. Yardım edənlərin  arasında Azərbaycan xalqı da var... 
 
Türkiyə dövləti qurulandan sonra, Atatürk zamanında Türkiyə-Sovetlər münasibətləri yüksək səviyyədə olub. Ancaq 1946-ci ildən sonra Türkiyə-SSRİ münasibətləri gərginləşib. Bununla belə,  Türkiyə hər zaman Rusiya tərəfə dönməyə can atıb. Süleyman Dəmirəl zamanında da yaxşı münasibətlər qurulub. O dönəmdə Türkiyə Rusiyadan maddi və texnıki yardımlar alıb. Hətta SSRİ dağıldıqdan sonra  yaranan müstəqil dövlətlərin tanınmasında Türkiyə bir müddət tərəddüd etdi. O zaman da səbəb Rusiya idi...”
 
T. Qasımlı Türkiyənin Azərbaycanın Qarabağda qəti hərbi əməliyyatlara başlayacağı təqdirdə rəsmi Bakıya hansı formada dəstək verə bilməsi haqda bunları dilə gətirib:
 
“Bu günə gəldikdə,  əgər Azərbaycan Qarabağda antierror əməliyyatı başlatsa, Türkiyə yalnız Azərbaycana ərazi bütövlüyünün bərpasının zəruriliyi və  antiterror əməliyyatının doğru qərar olduğunun təbliği  məsələsində beynəlxalq arenada siyasi-diplomatik dəstək verə bilər. Təəssüf ki, Qarabağla bağlı Azərbaycana hərbi yardım etmək məsələsində rəsmi Ankaranın siyasi gücü hələki zəifdir. Bunun da məlum səbəbləri var. Birincisi Rusiya məsələsi... İkincisi də qardaş ölkə NATO-nun üzvüdür. Ancaq əgər ABŞ, Avropa dövlətləri Azərbaycana dəstək verərlərsə, yalnız o halda Türkiyə bizə hərbi dəstək də verə bilər...” 
 
“Tarixdən bir misal çəkmək olar. 1990-cı illərin sonu 2000-ci illərin əvvəlində İrana məxsus hərbi təyyarələr Azərbaycanın hava məkanını mütəmadi olaraq pozurdu. Türkiyə  hərbi təyyarələri, Türk şahinləri Bakiya gəlib nümayişkaranə uçuşlar etdi, xalq üçün hava şouları göstərdi. O zaman İsrail və ABŞ da Türkiyəyə bu məsələdə dəstək verdi. Bundan sonra İran geri çəkildi. Türkiyənin  onuncu cümhurbaşqanı Əhməd Necdet Sezer Azərbaycan rəhbərliyi ilə görüşəndə demişdi ki, Türkiyə NATO üzvü olduğundan sizə hərbi yardım edə bilmərik, müharibə etməyi düşünməyin, çalışın, Qarabağ məsələsini diplomatik yollarla həll edin. O halda Türkiyə də əlindən gələn köməyi etməyə hazırdır...”- deyə siyasətşünas Türkiyənin ötən onlliklərdəki bəzi ekstremal situasiyalarda  konkret addımlarla Azərbaycanın yanında olduğunu da xatırladıb. 
 
“Azərbaycanın Qarabağdakı separatçı və işğalçı qüvvələrə qarşı  qəti hücuma başlayacağı təqdirdə İranın mövqeyi necə olar, sizcə?” sualını isə mütəxəssis belə cavablandırıb:
 
“ Hazırda İranla Ermənistanın çox yüksək səviyyədə münasibətləri var. İran birinci Qarabağ müharibəsində Ermənistana açıq-aşkar yardim elədi. Yalnız Sonradan Əbülfəz Elçibəy və Heydər Əliyev iqtidarlarına silah yardımı göstərdi. İran hal-hazırda da Ermənistana nəfəs verir. İranın Ermənistana münasibətlərinin yaxşı olmasının əsas  səbəbi iki dövlətdir: Azərbaycan və İsrail. Xatırlatmaq istəyirəm ki, Azərbaycan-İsrail  münasibətləri Əbülfəz Elçibəy zamanında qurulub. İsrail Qarabağ müharibəsi zamanı Azərbaycana silah satılmasına dəstək verib. Ancaq son zamanlar Ermənistan İsraillə münasibətlər qurur. Hətta irəli gedib də. Artıq Təl-Əvivdə səfirlik açmağa da hazırlaşır. Düşünürəm ki, Azərbaycan dövləti də Təl-Əvivdə səfirlik açmalıdır. Azərbaycan çalışmalıdır ki, İran-Ermənistan münasibətlərində gərginlik yaradacaq işlər görülsün. Bundan başqa, Ermənistanın anti-İran  siyasi gedişlərini təbliğ etməliyik. Hesab edirəm ki, bu gün müharibə olsa, İran açıq-aşkar Ermənistana yardım etməyəcək. Çalışacaq ki, neytral olsun. Buna əsas səbəb Güney Azərbaycan amilidir. Tam olmasa da, oradakı soydaşlarımızda milli şüur, milli oyanış  formalaşıb və İran dövlətinə az da olsa, təsir edə bilirlər...” 
 
“Bir sözlə, bizlər İran –Ermənistan münasibətlərini yaxından izləməliyik hər zaman. Buna baxmayaraq İranın hazırda Azərbaycana hər hansı təzyiq etmək gücü yoxdur. Yalnız Azərbaycan-İran sərhədində təxribatlar edə bilər. Eyni zamanda unutmayaq ki, hal-hazırda Rusiya-İran-Türkiyə üçbucağı var. Və bu üçbuçaq Yaxın şərqdə, Qafqazda yaxından əməkdaşlıq edir...” –deyə Teymur Qasımlı fikrini tamamlayıb.
 
Sultan Laçın

Bənzər xəbərlər

Gündəm

0.019546985626221