Nov 03

«Şərikli biznesdirsə, əvvəl-axır dağılacaq» - MÜSAHİBƏ

Son illər Azərbaycanda biznes quranların sayı artıb. Müxtəlif sahələrdə bizneslər arasında bir neçə partnyor tərəfindən yaradılan şərikli bizneslər də az deyil. Şərifli biznes qurmaq sərfəlidirmi, belə biznesin üstünlükləri və problemləri barədə FED.az-ın suallarını İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev cavablandırır:

- Ruslan müəllim, şərikli biznes qurmaq yaxşıdırmı? Azərbaycanda ənənəvi olaraq şərikli biznesə və mala yaxşı baxmayıblar. Bəs indi vəziyyət necədir?

- Artıq xalqımızda şərikli bizneslə bağlı təəssürat formalaşır. Dünyada uğurlu olan bizneslərin 94%-i şərikli və birgə bizneslərdir. Yerdə qalan 6% isə təkbaşına qurulan uğurlu bizneslərdir. Əslində isə şərikli biznes onu qurmaqdan və işi aparmaqdan asılıdır. Belə bir misal var - güc birlikdədir. İş düzgün qurulanda və şərik düzgül seçiləndə biznes uğurlu olur. Həmçinin qarşı tərəflə şərti əvvəlcədən kəsmək lazımdır ki, sonradan problem yaşanmasın.

- Azərbaycanda şərikli biznes quranların sayı çoxdur? İnsanlar əsasən hansı sahələrdə və kiminlə biznes qururlar?

- Bəli, Azərbaycanda şərikli biznes quranlar çoxdur. Şərikli biznesi adətən yaxın qohumlar və dostlar qurur. Elə problem də bundan ibarətdir ki, digər şəxslərlə şərikliyi həvəsli şəkildə getmirik.

Belə bir fikir formalaşır ki, mən qohumuma inanıram və etibarlı şəxsdir. Amma şəriklilik təkcə etibarlılıq məsələsi deyil. Şəriklikdə başlayacağınız işi şərikinizin də yaxşı bilməsi vacibdir. Sizin bilmədiyiniz sahədə sizi anlamaq məsələsi var. Məsuliyyətlərin, səlahiyyətlərin bölgüsündə bir-birlərini dinləmək kimi keyfiyyətlər olmalıdır.

Elə şəxslər şərik seçilməlidir ki, bizim onların işlərinə simpatiyamız var. Dost olduğunuz, ailəyə yaxın olan şəxslərlə şərikli biznes qurmaq çətindir. Dostların arasında rəhbər olan şəxs sonradan onlarla düşmən olmasına gətirib çıxarır.

Əslində, şərikli biznes orta və kiçik sahibkarlıqda da geniş yayılıb. Əsasən böyük sahibkarlıq subyektləri ASC və QSC-lər də şərikli müəssisələr sayılır. Ticarətdə, tikinti də, turizm, kənd təsərrüfatı sahələrində də şərikli bizneslər var. Demək olar ki, bütün biznes sahələrində şərikli bizneslər var.

- Ruslan müəllim, şərikli biznes qurunlar bu münasibətləri rəsmiləşdirirlər, yoxsa sadəcə şifahi razılaşmaya üstünlük verirlər?

- Təcrübə göstərir ki, bizimkilər şərikli biznesi şifahi danışıq üzərində qururlar. İnsanlar bu münasibətləri rəsmiləşdirməyi, müqavilə bağlamağı özlərinə sığışdırmırlar. Hətta kimsə təklif edəndə ki, müqavilə bağlayaq, çox zaman şəriklər arasında mübahisə yaranır ki, necə yəni, sən mənə inanmırsan? Şərik deyiləndə bu adamlar bir-birlərinə hər şeydə etibar edirlər kimi qəbul olunur. Ona görə, müqavilə sözü artıq onlarda belə bir fikir yaradırki şərikim mənə inanamır və şübhələnir.

- Bəs müqavilənin olmaması problem yaratmır?

- Əlbəttə yaradır, belə misallar da çoxdur. Məsələn, bu yaxınlarda belə bir hadisə olmuşdu. Bir restoran biznesi var idi. Orada tərəfdaşlardan biri azərbaycanlı digəri isə Türk idi. Bərdədə və Mingəçevirdə restoran biznesi açmışdırlar.

Hərənin öz vəzifəsi vardı - azərbaycanlı iş adamı biznesə 47 min manat pul yatırmışdı, Türkiyə vətəndaşı isə orada həmin işləri təşkil edir, aşbazlıq edirdi. Bunlar sadəcə aralarında şifahi razılığa gəlmişdirlər, yəni heç bir müqavilə bağlamamışdı.

- Bəs axırı necə oldu?

- Əvvəllər iş yaxşı gedirdi. Lakin sonradan azərbaycanlıda şübhə yaranmışdı ki, Türkiyə vətəndaşı gəlirin bir hisəsini gizlədir. Çünki azərbaycanlının başqa işi də var idi, obyektdə bütün günü olmurdu, günün sonu gəlirdi. Günün sonu hesablayanda isə şübhəyə düşürdü ki, müştərilər çoxdur, amma gəlir azdır. Şərik də problemin olmadığını sübut etməüə çalışırdı. Amma bir müddətdən sonra bu narazılıqlar şiddətləndi. Çünki hər iki tərəf aşkarladı ki, bir-birlərini aldatma faktı var. Nəticədə hətta bir-birlərini məhkəməyə də verdilər, şərikli biznes dağıldı. Amma bu şəriklər arasında müqavilə olsaydı və müqavilədə hər şey göstərilsəydi sonradan aralarında narazılıqlar yaranmazdı. Heç kassa aparatları da yox idi.

- Kassa aparatının olmamasının bu məsələyə aidiyyatı nədir?

- Aidiyyatı odur ki, əgər bu obyektdə kassa aparatı olsaydı və bütün əməliyyatlar kassaya vurulsaydı, asanlıqla dəqiqləşdirmək olardı ki, obyektin dövriyyəsi. Satış həcmi nə qədərdir və bütün şübhələr də aradan qalxardı. Buna görə də iş adamları nəzərə alsınlar ki, kassa aparatlarının əhəmiyyəti təkcə vergi ödəməklə bağlı deyil, həm də dövriyyə şəffaf olur və biznes şəriklidirsə, şəriklər istənilən vaxt dövriyyədən xəbərdar ola bilərlər.

- Şərikli biznes quranda mütələqdir ki, hər iki tərəf biznes pul yatırsın, yoxsa başqa variantlar da var?

- Şərikli biznesdə şərt deyil ki, hər iki tərəf işə pul yatırsın. Bu yaxınlarda biri müraciət etmişdi ki, bir şəxsin böyük bir anbarı var. Bunlar Türkiyədən mal gətirirlər. Xüsusən də qida məhsulları gətirirdilər. Bu zaman bütün işləri bir tərəf edirdi. Digər tərəf isə anbarını və hətta pul da verirdi. O biri şəxs Türkiyəyə gedib gəlmək, satışı təşkil etmək kimi işlərlə məşğul olurdu. Bu da ortaqlığın bir növüdür. Onlar bizə müraciət edəndə biz onlara tövsiyyə etdik ki, öz aralarında səlahiyyətləri və hüquqları düzgün bölsünlər. Şəriklər arasında dava düşməsi təkcə işin pis getməsindən asılı deyil. İşlər yaxşı gedən də mübahisələr yaranır.

Biz onlara xırda detalları da izah edəndən sonra onlar 3-4 ay da əlavə olaraq fikirləşib sonra qərar verəcəklərini bildirdilər. Amma görüşməyənə qədər dərhal işə başlamaq istəyidilər. Amma məsələ burasındadır ki, onların qoymaq istədikləri pulla görmək istədikləri iş arasında uyğunsuzluq var idi. Misal olaraq onlar yüz min manat nəzərdə tutmuşdular, amma bizlə görüşdən sonra nəqliyyat və gömrük xərclərini də onlara xatırlatdıq, onlar bunları nəzərə almamışdılar.

Xərcləri də nəzərə almamışdılar, bazarı da öyrənməmişdilər ki, həmin məhsulu bura gətirəndə neçəyə başa gələcək ki, bazarda olan digər məhsullarla rəqabətə girə bilsin. Çox vaxt biznesə başlayanda tez qərar vermə olur. Kiminsə pulu varsa «yaxşı ideya var tez pul buraxım başlayaq» kimi addımlar atırlar.

- Sizcə şərikli biznesə başlamamışdan öncə nə qədər müddət “götür-qoy etmək” lazımdır?

- Şərikli biznesə başlamanın orta müzakirə vaxtı 6 aydır. Pul qoymamışdan öncə bu 6 ayın bir hissəsini ayırmaq lazımdır biznes planın hazırlanmasına. İstənilən işə başlayanda biznes plan olmalıdır. Əgər şəriklə iş görəcəyiksə, o zaman bununla paralel olaraq müəyyən testlərdən keçmək lazımdır. Özümümzün aparacağı testlər olmalıdır. Birinci, tərəfdaşımızın həmin sahədə nə qədər biliklərinin olmasını yoxlayırıq. Təcrübə onun göstərir ki, bəzən heç şərikə ehtiyac yoxdur. Ola bilər ki, həmin adam bu işi özü də görə bilər, sadəcə yaxın qohumunu şərik etmək istəyir. İnsanları özünə şərik etməkdənsə, işçi götürmək də olar.

Bu yaxınlarda bir şirkətlə rastlaşdıq, burada şəriklərinin sayı 8-10 nəfərə çatırdı. Yəni şirkətdə hər hansı işlə məşğul olan hamını şərik ediblər. Amma bu düzgün deyil, şərik o deməkdir ki, sizinlə bir hüquqa malikdir. Yəni şərik o şəxs deyil ki, siz istədiyiniz vaxt deyəsiz ki, səni işdən çıxardım.

- Şərikli biznesdə problem və narazılıqlar nə vaxt və nədən başlayır?

- Problem təkcə İşlər pis gedəndə başlamır, işlər yaxşı gedəndə də şərikli biznesmenlər arasında problemlər yarana bilər. Amma bunların yaranma səbəbləri fərqlidir. İşlər pis gedən şəriklər günahı bir-birlərinin üstünə atmağa çalışır.

Məsələn, bir avtomobil servisi prafilaktoriya var idi. Burada avtomobillər üçün müxtəlif xidmətlər görülürdü, amma servisdə hər şey bir adamın adına rəsmiləşmişdi. Digər tərəf payçı olmasına baxmayaraq heç bir sənəddə adı qeyd olunmurdu. Gəlir əldə edə bilmədilər, borca düşdülər. Bağlanma prosesində də sənəddə adı olmayan şəxs çəkilib kənarda durdu. Nəticədə bütün əziyyəti və xərci biznes kimin avdına idisə, o çəkdi. O da bir il ərzində borcları güclə ödəyib canını qurtardı.

- Bəs işlər yaxşı gedəndə niyə problem olsun? Biznes qurulub, alınıb, gəlirlə işləyir. Burada nə problem ola bilər ki?

- Olur, onda da gəlirləri bölüşə bilmirlər. Hamı düşünür ki işlər yaxşı gedəndə hər şey yaxşı olacaq. Amma heç də həmişə belə olmur. Əslində elə ən çox problemlər bu vaxt, işlər yaxşı gedəndə yaranır. İşlər yaxşı gedəndə gəlir artdıqca şəriklər düşünür ki, məhz onun fəaliyyəti daha çox olub. Gəlir çox olanda şəriklərdən biri fikirləşir ki, mən işləyirəm, əziyyətini çəkirəm, o biri isə sakitcə rahat oturub sadəcə pul buraxır. Ona görə, narazılıq edir, əvvəlcədən razılaşdırılan payları dəyişməyə çalışırlar.

Belə bir hal olmuşdu, şəriklər pul buraxıb kurs açıb, digəri isə kursu inkişaf etdirir. Burada hətta beş ortaq var idi. Biri dərs keçirdi, digəri işi təşkil edirdi, digər biri SMM idi, başqa biri isə biznesə pul buraxmışdı. Pul buraxan şəxs ayda 2-3 dəfə kursa gəlib gedirdi. Günlərin bir günü müəllim fikirləşdi ki, həmin müştərilər onun hesabına gəlir və daha çox pul tələb etməyə başladı. Həmçinin rəhbər şəxslərdən biri otel açmışdı, digərləri isə bununla razı olmaq istəmirdi. Bu dostlar 12-yə yaxın biznes sferasına müdaxilə etmişdilər. Narazılıq daha da böyüdü və həmin müəllim şəriklikdən çıxaraq özünə ayrı kurs açdı. Çünki hədəfdə bu deyildi. Narazılıqlar yaranırdı və narazılıqlardan sonra iki tərəf bir-birindən ayrılmağa başladı.

- Azərbaycanda 100 şərikli biznesdən neçəsi dağılır?

- Beynəlxalq təcrübədə belə bir şey varki əgər şərikli biznes varsa o geci-tezi dağılacaq. Amma bunun kiçik bir faizi 4-5% var ki, qalıb işləyə bilərlər. Bunun üçün isə qaydalara tam riayət etmək lazımdır. Şərikli biznesdə dözümlülük lazımdır. Şərikli biznesdə mərhələlər problemi də var.

- Bu nə deməkdir?

- Şərikli biznes 3 nəsilə bölünür. Atalar, övladlar, nəvələr. İlk nəsildə 2-3 ailə birləşib biznesi qurur və partnyorluq başlayır. Bunların arasında problem olmur, olanda da həll edirlər. Amma məsələ ikinci nəsilə - övladlara gələndə problem başlayır. Çünki birinci şəriklərin - «atalar»ın hərəsinin 2-3 övladı var və hamı istəyir ki, biznesdə onun övladı olsun. İndi Azərbaycanda ikinci nəsil bizneslər dövrüdür. Bu övladların da özlərinin ailəsi və övladları var. Burda avtomatik olaraq potensial şəriklərin sayı artır. Övladlar atalarının ortaq biznesindən işə düzəlmək və s. kimi məsələlər gözləyirlər. Üstəlik, bir problemi olanda onu biznesin hesabına həll etmək istəyirlər. Məsələn, təhsil haqqını və ya müalicə əməliyyat ehtiyacı yaransa, pulu bu biznesdən almaq istəyirlər. Bu da narazılığa səbəb olur.

- Belə çıxır, əvvəl-axır bu biznes dağılacaq, necə etmək olar ki, dağılmasın?

- Ona görə də, beynəlxaql aləmda ailə biznesin təşkil olunması ilə bağlı qaydalar var. Ona görə, yaxşı olar ki, belə fikirləri olan müəssisələr özlərinə korporativ katib götürsünlər. O katib izah edəcək ki, bu konflikt yaranan məsələləri necə həll etmək lazımdır.
0
 
 

Bənzər xəbərlər

Gündəm

0.096596956253052