GündəmJul 11

14 iyuldan başlayan yol - TƏHLİL

Ulu öndər Heydər Əliyev Azərbaycan xalqı və dövlətçiliyi qarşısında böyük xidmətləri olan dahi şəxsiyyətdir. Dünya şöhrətli siyasətçi istər müstəqilliyimizin qazanılmasından sonra, istərsə də sovetlər birliyi dövründə Azərbaycanda hakimiyyətə gəlməsi ilə xilaskarlıq missiyasını həyata keçirib. Yaşlı və orta nəsillərin də vurğuladığı kimi, SSRİ dövründə iqtisadi tənəzzül yaşayan Azərbaycan məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə intibah dövrünə qədəm qoyub. Belə ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda Heydər Əliyev Mərkəzi Komitənin birinci katibi seçilib. Bu, Azərbaycanın yeni tarixində güclü lider və rəhbər kimi yer tutacaq, Azərbaycanın inkişafı naminə saysız xidmətlər göstərəcək şəxsiyyətin hakimiyyətə və böyük siyasətə gəlişi idi. Bu andan etibarən o, 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik edib. Ümummilli liderin respublikaya rəhbərlik etdiyi dövrdə idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması istiqamətində tədbirlər görülüb. Bunun nəticəsində ölkədə iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə edilib. 

14 iyuldan başlayan yol

Əgər 1969-cu ildə Heydər Əliyev rəhbər seçiləndə Azərbaycan o zamankı SSRİ-nin ən geridə qalmış respublikası sayılırdısa, artıq iki il sonra, yəni 1971-ci ildə Azərbaycan inkişafın sürətinə görə SSRİ-də ən qabaqcıl bir respublikaya çevrilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə böyük uzaqgörənliklə və müdrikcəsinə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaradıb. 1993-2003-cü illərdə ulu öndər Heydər Əliyevin mükəmməl idarəçilik məktəbi sayəsində ölkəmiz keçid dövrünün çətin labirintlərindən uğurla çıxıb. 1996-cı ildən Azərbaycan yenidən dirçəliş mərhələsinə qədəm qoyub. 1996-2003-cü illərdə ölkəmizdə bütün makroiqtisadi göstəricilər 2-3 dəfə artıb, ölkədə 3 min yeni sənaye müəssisəsi yaradılıb.

14 iyuldan başlayan yol

Düz 50 il bundan öncə -14 iyul 1969-cu ildə ulu öndərin ölkə rəhbərliyinə gətirilməsi ilə əsası qoyulan yol, müəyyənləşdirilən siyasət, ümummilli lider Heydər Əliyevin ideya və idarəçilik məktəbi 2003-cü ildən sonra da Azərbaycana xidmət edib. Dahi şəxsiyyətin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanı Heydər Əliyev yolu ilə apararaq regionun lider dövlətinə, dünyada söz və nüfuz sahibinə çevirib. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovmövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, əgər Heydər Əliyev olmasaydı, Azərbaycan olmazdı. Millət vəkilinin sözlərinə görə, Heydər Əliyev fəaliyyətinin hər bir dövründə xalqımızın mənafeyinə xidmət edib: "1969-cu il 14 iyuldan başlayan böyük inkişaf yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu. Həmin tarixdə ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi xalqımızın həyatında dönüş nöqtəsi oldu. Çünki, 1969-cu ilədək Azərbaycan SSRİ-nin tərkibində bütün sahə və istiqamətlər üzrə ən geridə qalmış ölkələrin başında gəlirdi. Amma Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul plenumunda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin olunması respublikamızın tarixində dönüş nöqtəsi oldu. Məhz bu tarixdən sonra bütün sahələrdə həyata keçirilən islahatlar, görülən tədbirlər respublikamızın inkişafını təmin edən amil oldu. Qısa müddətdə Azərbaycan SSRİ səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerdə qərarlaşdı. Bununla yanaşı, kənd təsərrüfatı sənaye təməli üzərində inkişaf etdirildi və istehsal olunan məhsulların orta illik həcmi mütəmadi surətdə artırıldı”.

14 iyuldan başlayan yol

Komitə sədri deyib ki, hakimiyyətinin ikinci dövründə də ulu öndər Heydər Əliyev xilaskarlıq missiyası ilə xalqının yanında olub: "1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndərimiz Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. Heydər Əliyev ictimai-siyasi sabitliyi bərpa etdikdən sonra Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdi. Hazırda bu strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan böyük nailiyyətlərə imza atır. Bu, bir daha təsdiqləyir ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur”.

14 iyuldan başlayan yol

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov da bildirib ki, ümummilli lider Heydər Əliyevin 14 iyul 1969-cu ildən 1982-ci ilə qədər Azərbaycana rəhbərlik etməsi sayəsində ölkəmiz həmin dövrə məxsus ən yüksək təltiflərə layiq görülüb: "Azərbaycanın 1969-cu ilin iyulun 14-nə qədər olan bütün sahələri əhatə edən göstəricilərinə baxsaq, Sovet İttifaqında birləşmiş 15 müttəfiq respublika arasında ölkəmiz ən geridə qalmış respublika idi. 50 il bundan əvvəl hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə isə Azərbaycan 15 respublika arasında ən öndə gedən respublikaya çevrildi. Ümummilli liderin 1982-ci ilə qədər Azərbaycana rəhbərlik etməsi sayəsində ölkəmiz həmin dövrə məxsus ən yüksək təltiflərə layiq görülüb. Ulu Öndərin həmin dövrdə həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanda bütün sahələr, iqtisadiyyat, elm, mədəniyyət incəsənət, təhsil sahəsində böyük nailiyyətlər əldə edilib. O dövrdə bütün sahələri əhatə edən qabaqcıllar müxtəlif təltiflərlə qiymətləndirilib. Bundan başqa həmin dövrdə Bakının özündə gedən tikinti quruculuq işləri, mənzil tikintisi, sənaye obyektləri, kənd təsərrüfatının inkişafı, pambıqçılıq, üzümçülüklə yanaşı, digərlər sahələri əhatə edən nailiyyətlər Sovet İttifaqına daxil olan respublikalar arasında ən yüksək göstəricilər idi. Bu nailiyyətlər ulu öndərin rəhbərlik bacarığı, dövlətçilik qabiliyyətinin uğurlu nəticələri idi”.

14 iyuldan başlayan yol

E.Məmmədov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin yüksək rəhbərlik bacarığı nəticəsində Azərbaycan həmin dövrdə qısa müddətdə böyük inkişaf yolu keçib: "Ulu öndər Heydər Əliyev ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə gəldikdən sonra da onun bu qabiliyyəti özünü bir daha göstərib. İqtisadi-siyasi, hərbi böhran yaşayan, vətəndaş qarşıdurmasına sürüklənməklə müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən Azərbaycan Heydər Əliyevin hakimiyyətə gəlməsi xilas olub. Onun rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində müstəqil Azərbaycanın bugünkü inkişafının əsası qoyulub, Azərbaycan dünyaya günəş kimi doğub, müstəqilliyimiz dönməz və sarsılmaz olub. Hazırda onun siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir ki, bu da müasir və müstəqil Azərbaycanı dünyanın inkişaf etmiş dövlətinə, beynəlxalq birliyin ən layiqli üzvünə çevirib”.
 

Bənzər xəbərlər

Gündəm