Jun 14

Bakı separatçı rejimlə İrəvan arasında kəskinləşən ziddiyyətlərdən yararlanacaqmı?

Qarabağ münaqişəsi zonasında müharibə riski günbəgün artır. Əsas səbəb də Ermənistanın yeni rəhbərliyinin sülh prosesini mənasız edən davranış və bəyanatları, təmas xəttində işğalçı tərəfin törətdiyi təxribatlardır. İrəvan rəsmiləri əllərindən gələni edir ki, atəşkəs rejimi bir az da uzansın - baxmayaraq ki, işğal rejimi düşmən tərəfə yaxşı heç nə verməyib. Konfliktin həll olunmamış qalmasının altını ilk növbədə blokada rejimində olan Dağlıq Qarabağın və Ermənistanın əhalisi çəkir və çəkəcək.

Rəsm İrəvanın davranışları sülh danışıqlarını davam etdirib-etdirməməklə bağlı əsas sualı artıq bütün ciddiliyi ilə gündəmə gətirib. Xəbər verildiyi kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan tezliklə bir araya gəlməlidirlər. Hələ ki görüş yeri dəqiqləşməyib. Elə bu görüşün nizamlama prosesinə konkret hansı töhfəni verəcəyi də məlum deyil. Yerli və əcnəbi siyasi təhlilçilər məsələnin bu tərəfinə xüsusi diqqət çəkirlər.

*****

“Qarabağ münaqişəsi sonasında vəziyyət hazırda müharibə ərəfəsinin bütün əlamətlərini özündə daşıyır”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri rusiyalı tanınmış politoloq Qriqori Trofimçuk təmas xəttindəki son vəziyyəti rusdilli minval.az saytına şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağa dair bır sıra bəyanatlarından sonra Azərbaycan anlayır ki, onu məqsədli şəkildə təxribata və hətta müharibəyə çəkirlər, bununla belə, rəsmi Bakı hələ də dinc nizamlamaya ümid edir.

“Bu vəziyyətdə aydındır ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü - harada baş tutmasından asılı olmayaraq, - problemin həllinə hər hansı yəqinlik gətirməyəcək. Bu səviyyədə görüş sırf texniki olacaq. Məsələ ondadır ki, tərəflər İlham Əliyevlə Nikol Paşinyanın son Vyana görüşünün bütün yeni effektini artıq tükədiblər”, - deyə rusiyalı analitik qeyd edib.

Onun qənaətincə, rəsmi Bakı erməni baş nazirin irəli sürdüyü tezislərə dəqiq reaksiya verməlidir: “Məsələn, Nikol Paşinyanın ”sülh əvəzinə torpaq" variantının qeyri-mümkünlüyü haqda bəyanatına Bakı nə deyəcək? Və ya Dağlıq Qarabağ təmsilçilərinin birbaşa danışıqlarda iştirakına Bakı hansı reaksiyanı verəcək - nədə ki, Paşinyan təkid edir? Yaxud Bakı Dağlıq Qarabağın tam müstəqil olduğunu iddia edən Paşinyanın faktiki şəkildə “artsax” rəhbərliyinin işinə qarışmasına nə deyəcək və s. Azərbaycanın ünvanına belə kəskin, açıq tələblərə reaksiya olmadığı halda xarici işlər nazirləri nədən danışa bilərlər? Ona görə də planlaşdırılan görüşlə bağlı məncə, yeganə ən maraqlı məqam onun keçiriləcəyi yerdir".

Politoloqa görə, “Düşənbə anlaşması”nın mümkün sonu yalnız bir mənanı ehtiva edə bilər: Azərbaycan tərəfindən danışıqların dayandırılması. “Ancaq Bakı hələ ki açıq-aşkar buna getməyə hazır deyil. Hərçənd bunun üçün onun əlində bütün hüquqi və faktiki əsaslar var. Nədən ki, Nikol Paşinyan əsrin son 1/4-i ərzində aparılmış bütün beynəlxalq danışıqların yekunlarını kənara atıb. Bakının əlində bunca əsaslar var. Həm də belə arqumentlər paketi onun əlinə yalnız bir dəfə verilə bilər”, - deyə analitik bildirib və əlavə edib ki, “əgər Azərbaycan bunu eləməsə, tormozlasa, o zaman bunu Paşinyanın özündən gözləmək olar - hansı ki, həmişə qəfil hərəkətlərə hazırdır”.

*****

Bu arada erməni baş nazir işğal altındakı Dağlıq Qarabağda yaradılmış separatçı rejimi ram eləmək üçün ciddi cəhdlər göstərir. İrəvan və Xankəndi arasında münasibətlərdə heç vaxt olmadığı qədər soyuqluq və gərginlik müşahidə edilməkdədir, hərgah bunu israrla gizlətməyə cəhdlər də edilir. Ermənistanın separatçı rejimin maliyyə dəstəyini kəsdiyi barədə gələn xəbərlər o sıradadır. Bu gərginlik nə ilə sonuclana bilər, Paşinyan istəyinə çata bilərmi və Azərbaycan qarşıdurmadan necə yararlanmalıdır?

“Nikol Paşinyan çalışır ki, Dağlıq Qarabağdakı separatçılar Rusiyaya deyil, yalnız ona tabe olsun”. Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli İrəvanın hökumətinin Qarabağ separatçılarına maliyyə dəstəyi göstərməkdən imtina etməsi xəbərinə münasibət bildirərkən deyib. Onun fikrincə, Paşinyan istəsə belə, Qarabağda hakimiyyətə tam sahib ola bilməyəcək.

“Paşinyanın əsas məqsədi Qarabağda ona bağlı olan adamları yerləşdirməkdir. Bunun üçün o, Qarabağ separatçılarının ”təhlükəsizlik şurası"nın katibi Vitali Balasanyanı istefaya göndərir. Lakin Paşinyan özü də yaxşı bilir ki, Dağlıq Qarabağ separatçıları ümumiyyətlə İrəvana tabe deyil. Qarabağ birbaşa Rusiyaya tabedir və Bako Saakyan əmrləri Moskvadan alır. Paşinyan cəhd edir ki, bunu dəyişsin və Rusiyanın orda olan nəzarətini aradan qaldırsın. Mən düşünürəm ki, bu, Paşinyanda heç vaxt alınmayacaq. Çünki Dağlıq Qarabağı Moskva heç vaxt İrəvana verməyəcək. Bu baxımdan Paşinyan ora müdaxilə etməyə çalışsa da, istədiyi nəticəni ala bilməyəcək", - deyə o qeyd edib.

Politoloqa görə, Paşinyanın Qarabağa maliyyə yardımını kəsməsi separatçılar üçün o qədər də önəmli olmayacaq: “Hesab edirəm ki, Ermənistanın baş naziri bunu etməklə çalışır ki, separatçıların vəziyyəti daha da ağırlaşsın və ona tabe olmaqdan başqa çarələri qalmasın. Lakin hər kəs bilir ki, separatçılara ən böyük dəstəyi Rusiya verir”.

*****

Məsələ də elə ən çox Rusiya amili ilə bağlıdır. Başqa sözlə, rəsmi Bakı Nikol Paşinyanın separatçı rejimlə münasibətlərinin kəskinləşməsinə yenə Dağlıq Qarabağ məsələsinə Rusiya amilinin mümkün təsiri prizmasından baxmaq zorundadır. Lakin bir Azərbaycan atalar məsəlində deyildiyi kimi, “Qorxan gözə çöp düşər”. Yəni bizim ifrat ehtiyatlılığımız da bir şey deyil və qanuni ərazilərimizin hərbi yolla işğaldan azad edilməsi üçün əlimizə düşən qızıl fürsəti apara bilər..

Bənzər xəbərlər

Gündəm

0.034900903701782