May 28

Emin Əmrullayevə «OXU» dərsi — Avazın yaxşı gəlir, oxuduğun "Quran" ola!

Rəhmətlik Mirzə Cəlilin “Anamın kitabı” əsərini yəqin ki, çoxları xatırlayır. Müxtəlif ölkələrdə təhsil alan, onların geyimini geyinib düşüncə tərzini mənimsəyən bir ananın övladları az qala bir-birinə düşmən kəsilirlər. Aldıqları təhsilin təsiri ilə öz xalqına, mədəniyyətinə tamamilə yad olan kəslərə çevrilirlər.

Böyük yazıçının bu əsərini təsadüfi xatırlamadım. İndi Avropa, Amerika təhsili alanlar daha çox “dəbdədir”, onlar müasir dünyagörüşlü, savadlı hesab olunurlar. “Bayıldan bu tərəfdə” oxuyanlar isə orta məktəblərdə dərs deməyə, uzaq başı “kandidat nauk” olmağa layiq görülürlər. Dərd odur ki, Bayıldan bu tərəfdə təhsili bərbad günə qoyanlar elə Bayıldan o tərəfdə oxuyan intelegentlərdir!

Hərgah soruşsanız ki, bizim bu yazımıza küləklər diyarı Bayılın nə aidiyyatı var, onda deyim siz də məsələdən agah olun. Bilirsiniz ki, son illərdə Azərbaycan təhsili Vergilər nazirliyinin bir şöbəsinə çevrilmişdi. Nə qədər iqtisadçı, vergi müfəttişi vardısa bu nazirlikdə müəllimlərin başında dəlləklik öyrənirdi. Sonra yavaş-yavaş təcrübələrinin bir nəticə vermədiyini görüb getdilər başqa sahələrdə inqilab eləməyə. Təcrübə laborotoriyasını da tapşırdılar Emin Əmrullayevə. Dedilər bax də, tutar qatıq, tutmaz ayran, sən bu işi yaxşı bilirsən! Qatıq demişkən, özünü intelegent sayanların əvvəli «Vosmoy bazarı»nda qatıq satanlar olur (bu tam başqa mövzudur, bu mövzuya xüsusi qayıdacağıq).

Emin müəllim də hələ ötən il belə bir status yazmışdı ki, “mən özümü sizdən bilikli hesab edirəm,ən azından Bayıldan o tərəfdə təhsil almışam.” Hamı da sevinmişdi ki, daha təhsilimizə zaval yoxdur, Bayıldan bayırda oxuyanlar bizi xilas edəcək.

Nazirin bu Bayıl söhbəti bir az “varabskoy söhbətə” oxşadı, çünki əvvəllər belə sözləri Bayılda yatıb çıxanlar edərdilər. Amma,maraqlıdır ki, ölkədə hər il minlərlə tələbə təhsil haqqını ödəyə bilmədiyindən təhsilini yarımçıq qoyduğu halda Emin müəllim hansı pullarla Bayıldan o tərəfdə təhsil alıb? Bildiyimiz qədəriylə təhsilin naziri zamanında xaricdə oxuyacaq qədər sərvətə sahib olmayıb. Onda hansı sehirli qüvvələrdir ki, Emin müəllimi əvvəl təhsil sahibi, sonra da təhsil naziri edib?

Belə deyirlər ki, bu işdən ötrü pul kisəsinin ağzını açanlar SOROS Fondunun əliaçıq əmiləri, FETO-nun səxavətli dayıları olub. Soros fondu cənab Əmrullayevin Mərkəzi Avropa, F.Gülən isə Kolumbiya universitetlərində təhsil almasına yardımçı olublar. Beləcə onun Bayıldan o tərəfə səyahəti baş tutub.

Məhz bu qayğının nəticəsində 2004-cü ildə Budapeştdə Avropa Hüquqları Mərkəzində, 2005-2007-ci illərdə isə Katolik Yardım Xidmətində proqramçı işləyib. Bayılın o tərəfində vəzifəsini uğurla tamamlayan Emin müəllimi göndəriblər bu tərəfə.
Qulaq günahkarıyıq, deyilənə görə Emin müəllim FETO-çularla burda da qırılmaz dostluq tellərinə sadiq qalıb, Qafqaz universitetində müəllim işləyəndə də, digər layihələrə rəhbərlik edəndə də onlarla münasibətləri qoruyub. Əli Həsənovun diqqətini cəlb edən gənc kadr onun xeyr-duası ilə karyera yüksəlişinə başlayıb.

Amma,hər oxuyan Molla Pənah olmadığı kimi, hər Bayılın o tərəfində oxuyan da yaxşı nazir ola bilmirmiş. Emin müəllim nə qədər qərb təhsilli olsa da milli adət-ənənələrimizə sadiq insandır. Tayfabazlıq, dostbazlıq kimi mental dəyərlərin bir telini yüz Kolumbiya unuversitetinə qurban vermir. Necə ki, elə bu yaxınlarda BŞTİ-nə müavin göndərdiyi Xəyalə Əhmədzadənin təyinatında məhz bu dəyərlərə üstünlük verib. Belə ki, əldə etdiyimiz məlumatlara görə, Xəyalə xanım Xırdalan bələdiyyəsində yüksək mənsəb sahibi olan Rafiq adlı şəxsin bacısıdır. Rafiq bəy isə Emin Əmrullayevin əsas adamlarından biri olan Valehin yaxın dostudur. Beləcə “dostumun dostu mənim də dostumdur” prinsipinə uyğun olaraq tam demokratik şəkildə, Azərbaycan təhsilinin inkişafı üçün Xəyalə xanımı əvvəl liseyə rəhbər, sonra isə işindən-gücündən eləyib BŞTİ-də Mehriban xanıma müavin gətiriblər.

E.Əmrullayevin nazirliyə gətirdiyi kadrlarından biri də Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayevdir. Verilən məlumatlarda bildirilir ki, Fuad Qarayev FETO-nun Azərbaycanda əsas simalarından biridir. Hətta Türkiyədə FETO-nun çevriliş cəhdi zamanı Təhsil nazirliyinin keçirtdiyi yığıncaqların birində Ərdoğan əleyhinə ciddi çıxışları ilə gündəmə gəlmişdi. Elə həmin yığıncaqda da onun bu hərəkətinə irad tutanlar da olmuşdur. Göründüyü kimi qardaş Türkiyədə FETO-çulara qarşı az qala hər gün əməliyyatlar keçirildiyi bir zamanda, E.Əmrullayev təhsil nazirliyində fətullahçıları örgütləndirir.

Bax beləcə adam Bayılın hansı tərəfində oxuyursa oxusun fərq etməz. Onun necə oxuması, kimin oxutması, nə üçün oxuması maraqlıdır. Bir də adamın avazının yaxşı olması hələ hər şey demək deyil. Əsas odur ki, oxuduğu “Quran” ola!

Nicat Mahmudov
Rubrika.Az

Bənzər xəbərlər

Gündəm

0.033829927444458