GündəmMay 01

Prezident nazir müavinlərini də xalqı dinləməyə göndərir - TƏFƏRRÜAT

Bir neçə ildir nazirlər və komitə sədrləri prezidentin tapşırığına əsasən şəhər və rayonlarda yerli əhalinin qəbulunu keçirir. Sakinlərin şikayətləri və təklifləri birbaşa onların özlərindən dinlənilir. Problemlərin həlli istiqamətində addımlar atılır. Artıq nazirlər və komitə sədrlərinin müavinləri də bundan sonra rayonlara gedəcək və xalqla, yerli əhali ilə görüşəcək. İki gün öncə bu səfərlərin qrafiki də açıqlanıb. Beləliklə, əvvəlki aylarda keçirilmiş görüşlərdən fərqli olaraq, bu dəfə təkcə nazir və komitə sədrləri deyil, onların müavinləri də yerlərə birbaşa xalqın hüzuruna göndərilir.

Deputat Fəzail Ağamalı “Yeni Müsavat”a bildirdi ki, bu məsələ prezident İlham Əliyevin idarəçilik sisteminin mahiyyətinə və fəlsəfəsinə tamamilə uyğundur, onun tərkib hissəsidir: “Dəfələrlə ölkə prezidenti müxtəlif yerlərdə, regionlarda, açılışlarda əhali ilə görüşlər keçirir, vətəndaşlarla açıq və səmimi şəkildə söhbət aparır, onları dinləyir. Bu, bütün kütləvi informasiya vasitələri ilə yayılır. İnsanlar da müəyyən problemlərinin olmasını ifadə edirlər və həmin problemlərin həllini cənab prezidentdən xahiş edirlər. Beləliklə, bu cür təmaslar ölkədə problemlərin həllinə çox ciddi və müsbət təsirini göstərir, töhfələrini verir. Ayrı-ayrı nazirlər, komitə sədləri də neçə ildir ki, bu cür görüşlərdə iştirak edirlər, prezidentin tapşırığı əsasında rayonlarda əhali ilə görüşürlər. Hər kəs öz sahəsi üzrə insanların qarşısında duran problemlərin həlli üçün birbaşa yerindəcə müdaxilə edirlər. Çünki onlar yerlərə gedəndə müvafiq qurumun idarə rəhbərləri, şöbə müdirləri və yerli qurumların rəhbərləri də orada iştirak edirlər. Beləliklə, vətəndaşın şikayətləri, problemləri yerindəcə həll olunur. Bu, çox müsbət bir yanaşmadır və xalqla məmurlar arasında normal ünsiyyətin, birbaşa təmasın qurulmasında ciddi rol oynayır. Bildiyim qədər artıq icra başçıları da rəhbərlik etdikləri rayonda əhali ilə birbaşa təmaslar, görüşlər keçirirlər. Artıq qapılar vətəndaşların üzünə açılır. Onlar süründürməçiliklə çox nadir hallarda rastlaşırlar.

Nazirlərin və komitə sədrlərinin müavinlərinin də bu prosesə qoşulması çox faydalıdır. Çünki bildiyiniz kimi, ayrı-ayrı nazirlərin və komitələrin sədrlərinin müavinləri konkret sahələr üzrə kurasiyanı həyata keçirir. Onlar hərəsi öz kurasiya etdiyi sahə üzrə yerlərdə hansı problemlərin olduğunu birbaşa sakinlərdən öyrənib problemlərin həlli üçün addımlar atmalıdırlar. Hesab edirəm ki, nazirlərin və komitə sədrlərinin də yerlərdə xalqla görüşlərində əsas məqsəd budur".

Deputat vurğuladı ki, bir çox nazirliklərin və dövlət komitələrinin regionlarda şöbələri, regional idarələri var. Qanuna görə, bu qurumlara icra başçılarının müdaxilə etmək hüququ yoxdur. Ona görə də icra başçıları istəsələr də bu qurumlarla əlaqəli problemi həll edə bilmirlər. Həmin problemin həllinin sürətləndirilməsi üçün nazirlərin və komitə sədrlərinin müavinlərinin də rayonlara gedib əhali ilə görüşməsi məqsədəuyğundur: “Mövcud problemlərin daha çevik həyata keçirilməsinə bu iş öz töhfəsini verəcək. Nazir və ya komitə sədri ayda bir dəfə bu və ya digər regiona gedir və bir neçə qonşu rayonlardan olan sakinlər də onun qəbuluna gəlirlər. Bu təcrübə yaxşıdır, lakin bütövlükdə bütün rayonlarda vətəndaşların qəbul edilməsində, problemlərinin həll olunmasında çevikliyi və kütləviliyi təmin eləmir. Ona görə də kütləviliyi və hər kəsi əhatə etmək üçün müavinlər hər bir rayona getməlidirlər. Hər bir rayonda vətəndaşlarla görüşlər keçirməlidirlər. Yaxşı olar ki, həmin səfərlər bir yox, bir neçə nazirliyin, komitələrin rəsmilərinin birlikdə etdiyi səfərlər şəklində reallaşdırılsın. Məncə, bu yolla yerlərdə vətəndaşların problemləri dərhal həll oluna bilər və o problemlərin həlli ölkə prezidenti və birinci vitse-prezident səviyyəsinə çatmaz”.
 

Bənzər xəbərlər

Gündəm