GündəmApr 29

“Azərbaycanda “canı çıxsın ödəsin!” prinsipi hökm sürür”

Milli Məclisin son iclasında Qarabağ məsələsinin həlli məsələsində deputatlar iki hissəyə bölündülər: hərb və sülh tərəfdarlarına. Hətta sədarət danışıqların perspektivini görməyən və savaş qərarı verməyə çağırış edənlərə irad tutaraq, sülh danışıqlarının davam etdirilməsi zərurətindən danışdı.
 
Ancaq reallıq budur ki, Ermənistan Azərbaycanın artıq üçüncü onillikdir sərgilədiyi sülh çağırışlarına təxribatçı addımlarla qarşılıq verir. Bu mövzuda deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədovla danışdıq.   
 
- Elman bəy, Ermənistanla Azərbaycan arasında humanitar əlaqələrin yaradılması, gediş-gəlişin bərpa olunması barədə razılaşma əldə olunsa da, qarşı tərəf işğalçı siyasətdən imtina etmək niyyətində olmadığını nümayiş etdirir. Qarabağla bağlı nə baş verir, komitə üzvü, qarabağlı deputat olaraq gedişatdan məlumatlısınızmı?
 
- Təbii ki, məlumatım var. Paris və Vyana görüşündə xalqların sülhə hazırlanması məsələsi ortaya atılmışdı. Sonra Moskvada Lavrovun təşəbbüsü ilə keçirilən xarici işlər nazirlərinin görüşündə jurnalistlərin və digərlərinin qarşılıqlı səfərlərinin təşkil olunması barədə razılığa gəlindi. Ola bilər ki, mənim münasibətim düzgün deyil, kimlərinsə xoşuna gəlmir. Ancaq bu, mənim şəxsi mövqeyimdir və bu mövqedə mən özümü haqlı hesab edirəm. Birincisi, bu gün ortada işğal faktı var. Mən və mənim kimi 1 milyon insan qaçqın-köçkün vəziyyətindədir. Belə bir halda xalqların hansı sülhə hazırlanmasından söhbət gedə bilər? Təbii ki, erməni tərəfi buna ikiəlli razıdır. Çünki torpaqlarımızı işğal edib, ərazilərimizdə istədiklərini edirlər, qeyri-qanuni məskunlaşma uzun illərdir davam edir və gün-gündən artır, həmin torpaqlarda bizim izimizi, tozumuzu, nəyimiz varsa, silib-süpürüb atırlar, özlərinin kilsələrini tikirlər və s. Düşmənin davranışlarından belə görünür ki, bunlar xoşluqla, danışıqla, qərar-qətnamə ilə torpağı işğaldan azad etmək fikrində deyillər. Ona görə də bu gün xalqların sülhə hazırlanması, jurnalistlərin və qeyri-qrup icmaların, ya ictimaiyyət nümayəndələrinin get-gəlinin təşkil olunması da birmənalı olaraq ermənilərin xeyrinə verilən təkliflərdir. Bunu həmsədr dövlətlər ermənilərlə birlikdə hazırlayırlar. Bu illər ərzində həmsədr dövlətlərlə işğalçının mövqeyi tamamilə üst-üstə düşüb. Ermənistan da işğal etdiyi torpaqlardan çıxmaq istəmir və müharibənin başlamasını istəmir, deyir bunu sülh yolu ilə həll edək, həmsədrlər də eyni fikri səsləndirir.
 
- Bütün bunların anonsunu Moskva görüşündən sonra xarici işlər naziri Elmar Məmmədyarov verdi. Sizin nazirlə birbaşa təmasınız varmı, bunlarla əlaqədar onunla danışmaq imkanınız olubmu?
 
- Xeyr. Mən sözümü mətbuatda deyirəm, sizin vasitənizlə deyirəm. Mənim mediada Vyana görüşü və bu məsələlərlə bağlı fikirlərim dərc olunub. Təbii ki, bu fikirlər hamı tərəfindən oxunur.
 
- Hər halda Azərbaycan ən yüksək səviyyədə bəyan edir ki, ərazilər məsələsi müzakirə mövzusu ola bilməz. Bəlkə, cəmiyyətin bilmədiyi məsələlər var. Elə bunları öyrənmək üçün sizin təmsil olunduğunuz komitədə xarici işlər nazirinin də iştirakı ilə qapalı Qarabağ danışıqları keçirilə bilərmi?
 
- Naziri komitəyə dəvət etmək səlahiyyəti məndə yoxdur. Milli Məclisin rəhbərliyi səviyyəsində nazir parlamentə dəvət oluna bilər. Digər tərəfdən, bəli, ola bilər cənab nazir Elmar Məmmədyarov elə sözlər deyər ki, mən fikrimdə yanılaram. Mən özümü haqlı sayıram. Hər prosesdə ilkin başlanğıc var və ardınca digər məsələlər gəlir. Mən bu məsələnin həllində ilki torpaqların işğaldan azad olunması və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında görürəm. Qalan deyilənlər bundan sonra gəlməlidir. Yəni mən torpaqların azadlığından əvvəl heç bir şey təsəvvür etmirəm.
 
Yadınızdadır, uzun illər boyu müxtəlif səviyyələrdə get-gəl də oldu - Azərbaycanın və Ermənistanın Moskvadakı səfirlərinin təşəbbüsü və iştiraklı ilə və s. Mən o zaman da bu təşəbbüsdən imtina etdim və kəskin münasibət bildirdim. Nə qədər ki, torpaqlar işğal altındadır, nə qədər ki, birinci Qarabağ müharibəsində müvəqqəti də olsa, uduzmuşuq, erməni qalib vəziyyətindədir, bu get-gəli düzgün saymıram və qəbul etmirəm! Yaxşı, deyək ki, mən Elman Məmmədov, Azərbaycan vətəndaşı, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olan məcburi köçkün, Xocalı soyqırımını yaşamış, çoxsaylı insanlarını itirmiş bir insan... Mən bu gün torpaqlarım işğal altında, mənim ev-eşiyimi dağıtmış, qanımı tökmüş ermənilərə gedim deyim ki, “salaməleyküm, mən nəyə gəlmişəm?” Bundansa elə ölmək yaxşıdır. Erməni bir istehza ilə, lağla gülüb elə bir şey deyər ki... Deməlidir də. Biz özümüzü nə yerə qoymuşuq ki, mənim torpağımı işğal edən, torpağımda oturan, mənim qanımı  tökən erməninin qarşısında məğlub statusda gedib deyim ki, bura gəlmişəm?! Bu, gülünc və lap ləyaqətsizliyin son həddi olan bir məsələdir. Nə vaxt ki, Azərbaycan əsgəri o torpaqları işğaldan azad edəcək, o cinayətkarlar cəzalarına çatacaqlar, ondan sonra biz yurd-yuvamıza qayıdandan sonra, təbii ki, əlaqələr qurulacaq. Bu, mənim fikrim deyil, bunu tarix deyir. Tarixdə irili-xırdalı minlərlə müharibə olub. Avropada 100 illik müharibə tarixi, Birinci Dünya müharibəsi, İkinci Dünya müharibəsi tarixi var. Bu tarixlər onu göstərir ki, hər şeyin zamana ehtiyacı var, nə dövlətlər, nə xalqlar arasında əbədi düşmənçilik yoxdur, ancaq bir şərtlə: işğal faktı aradan qaldırılmalıdır. Baxırsınızmı, həm Birinci və İkinci Dünya, həmçinin digər müharibələrdə işğalçı qovularaq aparılıb öz yuvasına salınıb, məhv edilib, ondan sonra sülh danışıqları başlayıb.
 
- Ermənistan indiki mərhələdə belə, yeni ərazilərimizi işğalla hədələyir...
 
- O, xülyadır. Bir məsələni də deyim, axı mən həm də döyüşçüyəm. Mən 4 il ermənilərlə üzbəüz döyüşmüşəm. Mənim icra başçısı vəzifəmin adı vəzifə idi. Bütün həyatım torpaqların müdafiəsinə sərf olunub. Ermənilər bizim torpaqları nə vaxt işğal edib? Bizim gücümüz, ordumuz olmayanda, biz zəif olanda. Fürsətdən istifadə etdilər və yenə də tək yox. Yenə də havadarlarının köməyi ilə bizə qarşı soyqırımı törətdilər, ərazilərimizi işğal etdilər. Bu gün bütün sahələrdə güc nisbəti Azərbaycanın xeyrinədir. Bunu təkcə biz demirik, bütün beynəlxalq hesabatlarda əksini tapır. Yəni onların cəfəng xülyaları boş sözdür. Bu gün Ermənistan tərəfi bütün səviyyələrdə beynəlxalq qurumlara, həmsədr ölkələrə pərdəarxası bir xahişlə müraciət edir: biz arxayınıq ki, siz Azərbaycana müharibəyə başlamağa imkan verməyəcəksiniz. Biz bunu nəzərə almalıyıq. Ancaq bizim hansısa qərarımız onların istəyi ilə verilməməlidir. Bizim işğalçılıq fikrimiz yoxdur, Ermənistan ərazisinə girmək niyyətində deyilik. Biz beynəlxalq hüquqa, BMT nizamnaməsində uyğun olaraq, ərazilərimizi işğal etmiş Ermənistan ordusunu torpaqlarımızdan çıxartmaq üçün hərbi əməliyyatlar keçirmək, ərazilərimizi təmizləmək hüququna malikik. 
 
- Elman bəy, bir sıra ekspertlər hesab edirlər ki, son razılaşmalar Azərbaycana qarşı tələdir, bizi tora salmaq istəyirlər. Lakin başqa təkliflər də var. Məsələn, Eldar Namazov hesab edir ki, Ermənistanın iddialarının qarşılığında Azərbaycan Qərbi Azərbaycandan didərgin salınmış insanlarımızın yurduna qaytarılması və təhlükəsizliyinin təminatı məsələsini danışıqlar masasında qaldırmalıdır. İndiki durumda sizin təklifləriniz nədən ibarətdir?   
 
- Mənim fikrim doqma deyil. Ola bilsin ki, yanılıram. Ancaq mən düşündüyümü deyirəm. Düşmənə əlavə vaxt vermək artıq bizim ziyanımıza işləyir. Bizə vaxt 90-cı illərin əvvəllərində lazım idi, dövlətimizi gücləndirmək, ordumuzu qurmaq üçün. Ancaq bu gün düşmənə vaxt vermək ona bizim ərazilərimizdə daha da kök atması, möhkəm oturmasına şərait yaratmaqdır. Bütün bu təkliflərin hamısı - Lavrovun da, digərlərinin də təklifləri vaxt udmağa hesablanıb. Bax bunun qarşısını almaq üçün biz ərazilərimizi terrorçulardan, işğalçılardan, qeyri-qanuni silahlı birləşmələrdən, ərazilərimizdə yaradılmış cinayətkar-separatçı qurumdan, narkotacirlərdən, eyni zamanda, torpaqlarımızda ermənilərin müxtəlif millətlərin nümayəndələri ilə birlikdə yaratdığı terror-təlim bazalarının ləğv olunması üçün hərbi gücümüzdən istifadə edib antiterror əməliyyatlarına başlamalıyıq, özü də ləngimədən. Bunu kimsə qınasa, “niyə belə edirsiniz” desə, həmin dövlətə müraciət etmək lazımdır ki, məsələn, hörmətli şimal qonşumuz Rusiya, məni qınayırsansa, bəs sən 30 ilə yaxındır Şimali Qafqazda hər gün antiterror əməliyyatları aparırsan! Mən də dövlətəm, mənim də ərazimdə bu problemlər var və səninkindən min dəfə artıqdır. Bu, mənim də hüququmdur. Amerika bizə bu barədə deyirsə, deməliyik, Amerika, sən sərhədlərindən on min kilometrlərlə məsafədə gəlib burda “toybaşı”lıq edirsən, antiterror əməliyyatları keçirirsən! Yəni bütün bunların hamısının cavabı var. Azərbaycan bu illər ərzində bir üstünlüyə də malik olub. Bu, nədən ibarətdir? Beynəlxalq qurumların hamısı ya birbaşa, ya dolayısı ilə işğal faktını etiraf ediblər, təsdiq ediblər. Hamısı deyir ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və buna hörmətlə yanaşırıq.  Azərbaycan BMT-yə hansı ərazi və sərhədlərlə daxil olubsa, bu, tanınır? Bu, doğrudur? Qardaş, mən ərazi bütövlüyümü və sərhədimi bərpa etmək üçün öz gücümdən istifadə edib antiterror əməliyyatı keçirmək istəyirəm, sən nə deyirsən?! Mən bir santimetr də olsun Ermənistanın ərazisinə girmirəm, öz sərhədlərim daxilində antiterror əməliyyatları aparıram. Hansı dövlətə deyə bilərlər ki, sən öz ərazində niyə bu əməliyyatı aparırsan? Türkiyəyə, başqalarına baxaq. Türkiyəyə təhlükə olduğu üçün haqlı olaraq hətta İraq və Suriya ərazisində antiterror əməliyyatları aparır. Azərbaycan da bu hüququ özündə saxlayır.
 
- Azərbaycanla Ermənistanı təkbətək üz-üzə buraxsalar, təbii ki, bu məsələ çoxdan həll olunmuşdu. Yəqin, etirazınız yoxdur, eləmi?
 
- Təbii ki. Vaxtilə mən də demişəm ki, böyük güclər, böyük dövlətlər razılıq verməsə, biz nə isə etsək, bizi cəzalandıracaqlar və s. Bəli, dünya reallıqları var, bununla hesablaşmaq lazımdır. Çünki dünya bu gün qanunlarla, haqq-ədalətlə idarə olunmur, güclə, zorakılıqla, haqsızlıqla, ədalətsizliklə idarə olunur. Bu güclərin elə tərbiyəsizləri var ki, onlar soruşmur sən niyə belə etdin. İstədiyini edir, deyir yaxşı elədim, sonra əsaslandırır.  Ona görə də biz ehtiyatı da əldən verməməliyik. Amma demək lazımdır ki, ay dövlətlər, ay millətlər, hamınız bu illər ərzində yüz dəfələrlə təkrar etmisiniz, bu da sənəd, ərazi bütövlüyümüzü tanımısınız, ərazi bütövlüyümə hörmətlə yanaşırsan, indi mən ərazi bütövlüyümü təmin etmək istəyirəm. Heç kim bizi qınaya bilməz...

Bənzər xəbərlər

Gündəm