GündəmApr 17

Baş plan 6.3 milyona “satıldı”: Bakının plansız tikililərini nə gözləyir? -

İllərdir ki, nizamsız tikinti işlərinin aparıldığı, paytaxtın relyefinə uyğun olmayan göydələnlərin tikildiyi paytaxt Bakının Baş planının 2020-ci ilin sonunadək işlənib başa çatdırılması nəzərdə tutulur. 

Baş plan 6,3 milyon dollara başa gələcək. "Marja"nın xəbərinə görə, fevralın 19-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “Bakı şəhərinin Baş planının hazırlanması” üzrə layihə işlərinin satın alınması məqsədilə elan edilmiş tenderin qalibi Almaniyanın “AS+P” şirkəti olub və həmin şirkətlə 6 milyon 391,2 min ABŞ dolları (10 milyon 865 min manat) məbləğində satınalma müqaviləsi bağlanıb.

2020-ci ilin sonunadək sənədin yekun layihəsinin təsdiq üçün Azərbaycan hökumətinə təqdim olunması nəzərdə tutulur.

Qeyd edək ki, hazırlanacaq layihə sayca Bakının beşinci Baş planı olacaq. Bakının ilk Baş planı 1898-ci ildə o dövrün məşhur memarı N.A. fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci Baş planı işlənib. 1964-cü ildə isə respublika Nazirlər Soveti şəhərin üçüncü Baş planını təsdiqləyib. Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib.

Bu tarixdən Baş planın olmaması müzakirə mövzusu olub. Mütəxəssislər Baş planın hazırlanmasını və tikinti işlərinin bunun əsasında həyata keçirilməsini zəruri hesab ediblər.

Yeni Baş plan - “Böyük Bakının Regional İnkişaf Planı” isə 2035-cu ilədək dövrü əhatə etməlidir.

Məlumdur ki, paytaxtımızda son 20 il ərzində göydələnlərin sayı kifayət qədər çoxalıb. Əgər əvvəllər şəhərdə 16 mərtəbəli binaların sayı barmaqla sayılacaq qədər idisə, indi paytaxtın bütün rayonlarında plansız formada bu cür binalar mövcuddur. Mütəxəssislər isə bildirirlər ki, Bakı şəhərinin relyefi çoxmərtəbəli binaların tikintisi üçün əlverişli deyil, bu sürüşmə təhlükəsi yaradır. Çoxmərtəbəli binaların əksəriyyəti şəhərsalma qaydalarına da uyğun deyil. Belə ki, mütəxəssislərin sözlərinə görə, iki bina arasıda məsafə onların hər ikisinin hündürlüyünün yarısına bərabər olmalıdır. Bakıda isə binalar arasında çox az məsafə saxlanılır ki, bu da bir sıra təhlükəsizlik qaydalarının pozulmasıdır. 

Hazırda şəhərimizdəki əksər yeni tikilən hündürmərtəbəli binalar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən istismara qəbul edilməyib. Doğrudur, prezident İlham Əliyev bu yaxınlarda bu cür binaların istismara qəbul edilməsi və sakinlərin mülkiyyət hüququnun tanınması ilə bağlı sərəncam verib, amma hələ ki, bu istiqamətdə proseslər davam etməkdədir. Binaların istismara qəbul edilməsi üçün Fövqəladə Hallar Nazirliyinin tikintidə təhlükəsizlik qaydalarına necə əməl edilməsi ilə bağlı rəyi də tələb olunur. Bu baxımdan hələ ki, bütün çoxmərtəbəli binaların istismara qəbul edilib edilməyəcəyi bəlli deyil. 

Baş plan hazır olan zaman sənədə uyğun olmayan plansız tikililərin aqibəti necə olacaq? 

İqtisadçı Nazim Bəydəmirli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, bu layihə xarici şirkətə o zaman verilə bilərdi ki, Azərbaycanda bu işi həyata keçirə biləcək alternativ qurumlar olmasın: 

“Xarici şirkətlərə belə vəsaitlər verib, onların xidmətlərindən “yararlanması” təkcə Baş planla bağlı deyil. Azərbaycanın müxtəlif sahələrində - Dövlət Əmlak Komitəsinin xətti ilə həyata keçirilən bir çox layihələrdə, o cümlədən də əmlakın idarəedilməsi, əmlakın elektronlaşdırılması layihələri ilə bağlı da xarici şirkətlərə on milyonlarla vəsait xərclənir, amma bunun hər hansı bir xeyri olmur. Əslində, bu tipli xarici şirkətlərin Azərbaycanda fəaliyyəti ilə bağlı müəyyən korrupsiya mexanizmləri müşayiət olunur. Bu cür şirkətlərin Azərbaycan iqtisadiyyatında, idarəetməsində guya bütün problemləri yoluna qoyacağı ilə bağlı yanaşma doğru deyil. Hesab edirəm ki, yerli mütəxəssis və şirkətlərdən faydalanmaq lazımdır ki, bizim vəsaitlər öz ölkəmizdə qalsın. Bunlar isə şəffaf tender əsasında həyata keçirilməlidir”.

İqtisadçı hesab edir ki, Baş plana uyğun olmayan binalar sökülə və ya da Baş plan onlara uyğunlaşdırıla bilər: 

“Yəqin ki, harada uyğunlaşdırmaq imkanı varsa, orada uyğunlaşdırılar. Bu baxımdan bütün bunlar vəsaitlərin mənimsənilməsindən başqa bir şey deyil. Hesab edirəm ki, cənab prezidentin qanunsuz hesab olunan tikililərin uyğunlaşdırılması, onlara reyster xidmətindən müvafiq sənədlərin verilməsi ilə bağlı sərəncamının icrasının niyə gecikdirilməsinə də aydınlıq gətiriləcək”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətinin rəsmisi Alina Xələfova “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, hələ ki, sözügedən binalarla bağlı hansı planın olması ilə bağlı onlarda məlumat yoxdur: 

“Gələcəkdə işə başlandıqdan sonra məlumat veriləcək”.
 

Bənzər xəbərlər

Gündəm