GündəmMar 05

İşğalçı Ermənistanın Arazboyu qanunsuz məskunlaşdırma planları - TƏHLİL

Danışıqlar tərəfdarı olduğunu bəyan edən Ermənistan işğalçılıq siyasətini davam etdirir. Elə işğal zonasında qanunsuz məskunlaşma işlərinin aparılması faktları da düşmənin dinc yolla ərazilərimizdən əl çəkmək niyyətində olmadığını təsdiqləyir.

Yayılan məlumata görə, 2013-cü ildən Böyük Kilikiya Evi Katolikosluğu və Xankəndindəki qondarma separatçı-terrorçu rejimin birgə maliyyəsi hesabına Kəlbəcər rayonunun Kiçan kəndi yaxınlığında, Qarabağ müharibəsi zamanı “Azərbaycan ordusunun hücumunun dayandırıldığı məkanda” “Nor Kilikiya” (“Yeni Kilikiya”) adlı yeni qəsəbə tikilir (Moderator.az). Bu haqda Rusiyada nəşr olunan erməni saytlarından birinin yaydığı məlumata görə, “artıq qəsəbədə onlarla ev tikilib, infrastruktur qurulub, yolların vəziyyəti yaxşılaşdırılıb. Yeni Kilikiya Qazançi icmasının bir hissəsidir və zamanla müasir şəhər tipli qəsəbəyə çevrilməyə iddia edir”.

Xəbərdə daha sonra deyilir ki, Ermənistan və “artsax” (Dağlıq Qarabağ - E.P.) üçün strateji baxımdan əhəmiyyətli Murov dağlarından Araz çayına qədər olan ərazidə yerləşən Kəlbəcər (“Yeni Şaumyan”) və “Kaşataq”(Laçın, Qubadlı, Zəngilan və Cəbrayılın bir hissəsi) rayonlarının bərpası və məskunlaşdırılması “artsax” hökumətinin əsas məqsədlərindən biridir. “Əlbəttə, bunun həyata keçirilməsi üçün ”artsax"da Ermənistan və diasporun dəstəyinə güvənirlər..." - daha sonra bildirilir.

Qeyd edək ki, erməni nəşrinin sözügedən materialında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyanın Azərbaycanın işğal altındakı torpaqlarına son gedişi zamanı etdiyi həyasız çıxışına dəstək məqsədi ilə son illər torpaqlarımızda aparılmış qanunsuz məskunlaşdırma proqramına dair faktlar sadalanır. 2009-cu ildən bəri Livan erməniləri tərəfindən yaradılmış “Artsakh Roots Investment” şirkətinin Laçın rayonunun Zabux kəndi ərazisində, Həkəri çayı sahilində 150 evdən ibarət yeni qəsəbə salması, 2016-cı il döyüşləri zamanı dağıdılmış Talış kəndində icma mərkəzi, şadlıq evi və 40 yeni ev tikintisi, Araz çayı sahilində “Araksavan” adlı 150 evlik yeni qəsəbənin salınması və s. haqda yazılır.

Qeyd edək ki, ötən həftə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan Dağlıq Qarabağa, həmçinin işğal altındakı Füzuli rayonuna gəmişdi. O, Xankəndindəki terrorçu rejimin rəhbərliyi ilə Araz çayı sahillərində erməni yaşayış məntəqələrinin yaradılması və bura ermənilərin köçürülməsi məsələlərini müzakirə etmişdi. Üstəlik, A.Vanesyan Füzuli rayonunda olarkən belə demişdi: “Qarabağda torpaqların Azərbaycana veriləcəyi barədə iddialar əsassız sözlər, boşboğazlıqdı. Qarabağın bir qarışını da Azərbaycana verməyəcəyik”.

Ermənistan rəsmisi onu da demişdi ki, Füzuli rayonunda ermənilər “Araksavan” adlı qəsəbə salmaq, burada infrastruktur yaratmaq və kənd təsərrüfatını inkişaf etdirmək niyyətindədir. Onun iddiasına dediyinə görə, ermənilərin bu ərazilərdə yerləşdirilməsi Dağlıq Qarabağ ermənilərinin əsas təhlükəsizlik təminatlarından biridir.

“Bəzi adamların guya torpaqları verəcəyimiz, bu barədə danışıqlar aparacağımız barədə bəyanatları elə ərazilərə köç proqramı ilə təkzib olunur. Bu minvalla erməni xalqına və dünyaya dəqiq mesaj verərək deyirik ki, kimsə torpaqları verən deyil. Əksinə, bu ərazilərdə ermənilər yaşamalı və yaratmalıdır”, - A.Vanesyan bildirmişdi.

Bütün bu məlumatlar və işğalçı tərəfin həyasız davranışları düşmənlə danışıq aparmağın heç bir mənasının olmadığı qənaətini ortaya qoyur. Deməli, Ermənistana növbəti dəfə aprel şokunu yaşatmaq lazım gələcək. 2016-cı ilin aprelinədək Serj Sərkisyanda da Qarabağ məsələsinin “bitdiyi” barədə eyforiya var idi. O zamanadək gəncliyə xitabən onları Ağrı məsələsi ilə məşğul olmağa çağıraraq deyirdi ki, Qarabağ mövzusu bitib. Nikol Paşinyan da İran səfərində “Qarabağ Ermənistanındır. Son” yazılmış plakatın qarşısında şelfi etməklə keçmiş rəhbərliyin yanlışını təkrarlamış oldu. Lakin bütün bunların ardınca onun Azərbaycan prezidenti ilə danışıqlara hazır olduğunu deməsi əcaibdir.

Ötən həftə məlum oldu ki, Azərbaycan və Ermənistan rəhbərləri - prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan tezliklə ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşkilatçılığı ilə görüşməyə razılıq veriblər. Bu barədə həmsədrlərin bəyanatında deyilirdi. Qeyd olunurdu ki, vasitəçilər fevralın 20-də İrəvanda Nikol Paşinyan və fevralın 21-də İlham Əliyevlə görüşüblər və görüşdə liderlərin yaxın gələcəkdə keçiriləcək görüşü, müzakirə oluna biləcək məsələlər diqqət mərkəzində olub. Lakin görüşün dəqiq harada - Rusiyada, yoxsa digər iki həmsədr dövlətin (ABŞ, Fransa) ərazisində və ya hansısa Avropa şəhərində keçiriləcəyi məlum deyil. Belə bir görüş niyyətini keçən həftə İranda səfərdə olarkən N.Paşinyan da təsdiqləyib. Ancaq erməni baş nazir deyib ki, bu, gündəmsiz bir təmas olacaq. Paşinyan Tehranda, eyni zamanda, ənənəvi mövqeyini təkrarlayaraq bəyan edib ki, o, danışıqlarda yalnız Ermənistanı təmsil edə bilər, “Dağlıq Qarabağın isə öz hökuməti var”.

Göründüyü kimi, erməni baş nazir faktiki olaraq danışıqları imitasiya ilə məşğuldur. Əks təqdirdə, prosesi pozmağa cəhd etməzdi. Digər tərəfdən, əgər Ermənistan rəhbərliyi Qarabağ torpaqlarının qaytarılmasını mümkünsüz sayırsa, onda görüşməyə nə ehtiyac?

Yeri gəlmişkən, Ermənistanda ictimai rəydəki aqressiv tonun mövcudluğu barədə elə bu ölkədən yenidən qayıtmış jurnalist Şahin Hacıyev də deyib. Onun sözlərinə görə, ermənilər məsələni bitmiş sayırlar. Belə olan təqdirdə ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları, sadəcə, Ermənistanın Qarabağda qanunsuz məskunlaşma siyasətini dinc şəkildə həyata keçirməsinə dəstək rolunu oynayır.

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında Ermənistanın mövcud hakimiyyətinin aqressiv siyasətinin səbəblərini açıqladı: “Ermənistanın yeni hakimiyyəti demək olar ki, həm xarici, həm də daxil siyasətdə qırmızı xətti keçir. Təsəvvür edin ki, iqtisadi islahatlarla bağlı müəyyən bir proqram təqdim edilsə də ciddi bir islahatlar başlanmayıb. Mitinqlərdə vergi və ya məhkəmə sistemlərində dəyişikliyə söz versə də, bu məsələ də hələ ki, alınmır və alınacağı da şübhə doğurur. Qərbə can atan Paşinyanın bu siyasəti də fiaskoya uğradı və Rusiya təbii ki, buna imkan verməz və Rusiya ilə də müttəfiqlik iqtisadi tərəqqiyə gətirə bilməz. Parlamentin 70 faizdən çoxu Paşinyanın komandasıdır, lakin onların müxtəlifliyi qarşıdurmaya gətirir. Xarici sərmayələr demək olar ki, yox dərəcəsindədir, diaspora siyasəti səhv aparıldığından effekt vermir, təbii ki, bunu son həbslər də təsir göstərir. İrana səfərdən sonra necə deyərlər, bir az ürəklənən Paşinyan da başa düşür ki, hazırkı durum çox ağırdır, çətin xarici və daxili siyasi proseslər xaos yarada bilər. Belə bir vaxtda yenə də ehtiyat variant kimi Qarabağ kartı işə salındı”.

A.Nağıyevin fikrincə, Dağlıq Qarabağa son səfərlərin bir sıra məqsədləri var: “Əgər təhlükəsizlik xidmətinin rəisi yoxlamaya özü şəxsən gedirsə və səfərin məqsədi birbaşa Ermənistan prezidentinə, yaxud baş nazir Nikol Paşinyana məruzə etməkdirsə, deməli, bunların öz aralarında təlaş var. Bako Saakyan və Artur Vanesyanın iştirakı ilə hərbçilərlə müşavirə keçirilirsə, bu da müəyyən məqamlardan xəbər verir. Deməli, Ermənistan təhlükəsizlik xidməti çox narahatdır. Sərkisyan və Köçəryanla bağlı cinayət işlərinin davam etməsi Ermənistanın təhlükəsizlik xidmətinə həvalə olunub: Sərkisyanın qardaşından alınmış böyük miqdarda vəsait də məhz qondarma rejimin ərazisində yerləşən ordu hissələrinə yönəldilib. Absurd bir vəziyyət yaranıb, Ermənistan guya qondarma qurumla əlaqələri kəsir, eyni zamanda qanunsuz tikililər və islahatlara start verir. Bu gün Ermənistan iqtisadiyyatı imkan verə bilməz ki, işğal olunan ərazilərdə böyük tikintilər aparılsın və məlumdur ki, bu qanunsuzdur və xarici sərmayədarlar da buna getməyəcəklər”.

Politoloq qeyd etdi ki, N.Paşinyan qeyri-ciddi siyasətçi olduğunu bir neçə dəfə göstərib: “Lakin bunlar başa düşməlidirlər ki, hadisələrin sonu hərbi əməliyyatların bağlanmasına gətirib çıxara bilər. ATƏT-in Minsk Qrupu təəssüf ki, proseslərə dərhal reaksiya vermir və ya vermək istəmir. Çünki təmsil olunan dövlətlər sırf öz maraqlarını güdürlər. Təbii ki, belə davam edərsə liderlərin görüş formatını dəyişməyə cəhd dən Paşinyanla danışıqlar da baş tutmaya bilər, lakin XİN səviyyəsində artıq ciddi sorğulara cavab alınmalıdır. Bu, ilk növbədə Ermənistanın, həm ATƏT-in Minsk Qrupunun, həm də havadarların marağında olmalıdır. Əks halda, doğrudan da barıt qoxusu qaçılmaz ola bilər”.

N.Paşinyanın siyasətdə və diplomatiyada nə qədər “piyada” olduğunu elə onun həbsdəki rəqibi, “Qarabağ klanı”nn rəhbərlərindən biri, Ermənistanın sabiq prezidenti Robert Köçəryan da həbsxanadan verdiyi yazılı müsahibədə təsdiqləyib.

Modern.az 168.am saytına istinadən xəbər verir ki, müsahibəsi zamanı Köçəryan Nikol Paşinyan hökumətinin Dağlıq Qarabağ məsələsində və iqtisadi sahədə planlarını kəskin tənqid edib. 

“Paşinyan müxtəlif vasitələrlə maskalansa da, Qarabağla bağlı danışıqlar gedir. Şübhə doğuran danışlıqların getməsi deyil, Paşinyanın bu danışıqlardan məsafədə durmağa çalışmasıdır. Cəmiyyət hakimiyyətin Qarabağla bağlı mövqeyini bilmir və bu, narahatlıq doğurur. Mövqe formalaşmadan necə uğurlu danışıqlar aparmaq olar? Danışıqlar vaxt keçirmək üçün görüş deyil, əldə olunmuş uğurların rəsmiləşdirilməsidir. Qarabağ münaqişəsi ilə bağlı bəzi çox vacib detallar var ki, onları danışıqlar başlamadan müəyyənləşdirmək lazımdır”.

Köçəryan Azərbaycan prezidenti İlham Əliyevin Nikol Paşinyanı danışıqlarda məğlub etdiyini də bildirib: “Aydındır ki, Əliyev Paşinyanı Qarabağ danışıqlarında asanlıqla məğlub edib. Düşənbədə liftdə aparılan danışıqlar bizim üçün sərfəli Vyana və Sankt-Peterburq razılaşmalarını yox elədi. Bu, çox böyük səhv idi. Ermənistan həm Azərbaycanda, həm də Minsk Qrupunda danışıqlar prosesi ilə bağlı böyük güzəşt gözləntisi yaradıb. Buna görə düşünürəm ki, Minsk Qrupunun növbəti təklifi bizim üçün sərfəli olmayacaq”.

Köçəryan Paşinyan hakimiyyətinin payızda ciddi siyasi etirazlarla üzləşəcəyini də proqnozlaşdırıb. Belə bir situasiyada Paşinyan çətin ki, “xalqların sülhə hazırlanması”na dəstək versin və hansısa addım atsın. İndi ona Qarabağla bağlı radikal mövqe sərgiləmək hakimiyyətini qorumaq üçün lazımdır. Azərbaycana isə Qarabağ lazımdır. Deməli, ekspertimiz deyən kimi, “barıt qoxusu qaçılmaz ola bilər...”

Bənzər xəbərlər

Gündəm