GündəmMar 04

Ermənilər Fəxrəddin Abbasovu niyə belə inadla müdafiə edir? - TƏHLİL

Məlum olduğu kimi, Azərbaycana qarşı xəyanətkarlıq edən Fəxrəddin Abbasov Rusiya Federasiyasında müvəqqəti yaşamaq hüququ müddətinin bitməsi ilə əlaqədar Moskva vilayəti Lyuberetsk Şəhər Məhkəməsinin deportasiya haqqında qərarı icra olunarkən 28 fevral 2019-cu ildə Bakı şəhəri Beynəlxalq Hava Limanında hüquq-mühafizə orqanları tərəfindən saxlanıb və istintaqa cəlb edilib.

Bu o Fəxrəddindir ki, daim Azərbaycana qarşı düşmənçilik fəaliyyətilə məşğul olub. Bu fəaliyyəti ilə Azərbaycana hər zaman zərbə vurmağa çalışıb. 2018-ci ilin iyulunda Səbayıl Rayon Məhkəməsi tərəfindən onun haqqında cinayət işi açılıb və barəsində həbs qərarı verilib. Bu xəyanətkarın törətdiyi əməllərə görə cavab verməsi mütləq idi. Nəticədə o, beynəlxalq axtarışa verildi və 2018-ci ilin sentyabrında Rusiyada saxlandı. Ən nəhayət, Azərbaycana ekstradisiya edildi.

Bu adam müharibə şəraitində olan Azərbaycan dövlətinə və xalqına qarşı bilərəkdən ən ağır cinayətlər törədib. O, Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) maddələri üzrə təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edilib.

F.Abbasov Ermənistan xüsusi xidmət orqanlarının agenti kimi Rusiyada məskunlaşaraq Azərbaycan dövlətinə, dövlətçiliyinə qarşı iş aparırdı, dövlətimizin parçalanması yönündə açıq çağırışlar edirdi. Ermənistana tez-tez səfərlər edib, orada Azərbaycan əleyhinə bəyanatlar verirdi. Rusiyada müxtəlif konfranslar keçirərək, vətəndaşı olduğu Azərbaycan dövlətinə böhtanlar yağdırırdı, ölkənin parçalanmasi ilə bağlı çağırışlar edirdi.

Diqqətçəkən məqam odur ki, erməni mətbuatı adıçəkilən separatçının müdafiəsinə qalxıb. Onunla bağlı Ermənistan mətbuatında son günlər yazıların sayı artıb. Nəinki erməni mətbuatı, hətta erməni təşkilatları da onu müxtəlif vasitələrlə “qorumağa” çalışırlar. Maraqlıdır, bütün bunlarda erməni mətbuatının məqsədi nədir?

Sözügedən məsələni şərh edən politoloq Məhəmməd Əsədullazadə bunu bir sıra faktorlarla əlaqələndirdi: “Azərbaycana qarşı etnik düşmənçilik, separatizm və işğala dəstək verən Fəxrəddin Abbasovun həbs olunması ölkəmizin bu kimi ünsürlərə qarşı barışmaz və qətiyyətli fəaliyyətinin nəticəsidir. F.Abbasov uzun illər Ermənistanın kəşfiyyat orqanının alətinə çevrilərək ölkəmizə qarşı separatizmə dəstək verərək, düşmənçilik mövqeyi tutub. Dəfələrlə Ermənistandan ölkəmizin ərazi bütövlüyünə qarşı, etnik düşmənçiliyi alovlandıran çıxışlar edib. Təbii ki, ölkəmizin suyu və çörəyi ilə böyüyən bu şəxs mütlıq cavab verməli idi. O, ədalət mühakiməsinə çıxarılaraq, layiqli cəza almalıdır. Bu da ölkəmizə qarşı bu kimi fəaliyyət göstərənlərə görk olacaq. Təbii ki, Ermənistanın bu şəxsi müdafiə etməsi onların siyasətinin faş olmasına gətirib. F.Abbasov məhz Ermənistanın ölkəmizə qarşı istifadə etdiyi əsas şəxslərdən biridir. Ona işğalçı ölkədə titullar anti-Azərbaycan mövqeyinə görə verilmişdi. Azərbaycan təhlükəsizlik orqanlarının belə şəxsləri təqib və həbs etməsi, bir növ, bundan sonra belə şəxslərin ortaya çıxmasının qarşısını alacaq. Ələkrəm Hümmətov, Ataxan Əbilov, Zabil Mədoj kimi Ermənistan kəşfiyyatına işləyənlər, ölkəmizə qarşı separatizmi alovlandıranlar mütləq cəzalarını almalıdırlar. Bu gün daxildə də bu kimi şəxslər var. Ermənistan dövləti daim ölkəmizə qarşı bu xainlərdən istifadə edib. O üzdən, erməni mətbuatı belələrini müdafiə edir. Məqsədləri Azərbaycanda etnik separatizmi yaymaqdır. O üzdən, belələri cəzalandırılmalıdır”.(baki-xeber.com)
 

Bənzər xəbərlər

Gündəm