CəmiyyətDec 07

Xoruz və Azərbaycan dili...

Son vaxtlar kütləvi informasiya vasitələrində dilimizlə bağlı gedən müzakirələri hamımız izləyirik. Mövzunun aktuallığını nəzərə alıb Seyran Səxavətin çoxdan yazılmış şeirlərini oxucuların diqqətinə çatdırırıq.
 
Xoruz və Azərbaycan dili
 
“Ay pipiyi qan Xoruz!”
 
Pipiyin
 
yüz il bundan qabaq olduğu kimi
 
yenə qandı.
 
Bəs Azərbaycan xalqı
 
sənin ixtisasını
 
nə tez dandı?
 
“Drujba naradov” seriyasından
 
danıldı sənin haqqın;
 
Rusiyada sənə “Petux” deyirlər,
 
İndi ha qışqır, ha banna,
 
ha hıqqın.
 
Sübut elə ki,
 
“Petux” deyilsən – Xoruzsan.
 
Bostanların, bərələrin qənimi,
 
Anaş toyuqların,
 
fərələrin qənimi.
 
Kim oxudu “Petux” rədifli qəzəli,
 
Dilimizdə bu nə qəzəlxanlıq,
 
bu nə qəzəldi.
 
Əynin-başın,
 
alışıb yanan libasın,
 
Fransızca danışan,
 
ondoqquzuncu əsr
 
rus zabitlərinin
 
libası qədər gözəldi…
 
Sən elə həmənsən – pipiyi qan;
 
Deyə bilmərəm ki,səndə şuxluq görmürəm.
 
Mən səndə,
 
zərrə qədər də
 
“Petuxluq” görmürəm.
 
Ad qoyduq üstünə,
 
Bu adı üstündən kim silər?!
 
Xoruzlanmaq sənə yaraşır,
 
Sən Xoruzlan,
 
pipiyi qan Xoruzum,
 
Petux özü bilər…
 
Xoruz dilbilməzdi,
 
Dil bilsəydi,
 
söyərdi bizi,
 
Lap elə fərə yerinə
 
qoyardı bizi…
 
Bilmirəm, nə yatır
 
Azərbaycan dilində
 
danışanların qafasında -
 
Doqquz milyon şahidim var,
 
Çoxdandır efirdə səslənmir
 
“Mavidir” mahnısı
 
Elmira Rəhimovanın
 
ifasında.
 
Bu mahnını yozanların
 
günahı nə boyda?
 
Bu mahnını yazanların
 
günahı nə boyda?
 
Elə özümüz boyda.
 
Gözəl bir gündə, ayda,
 
Fərq eləməz, yaz ağzı,
 
Ya Apreldə, ya Mayda
 
eşidərsiniz ki,
 
Azərbaycan dilini sel apardı.
 
Bax, o zaman
 
ümidinizi nəyə bağlayacaqsınız,
 
Hansı dildə ağlayacaqsınız?
 
Lil altında qalacaq,
 
Yad dil altında qalacaq,
 
Rəhmətə getmiş dilimizin
 
qurumuş, şəkəri, şirəsi,
 
bağı, bostanı, dirliyi.
 
Yad bir dildə deyəcəyik:
 
Gəlsin hesabat versin,
 
Fövqəladə Hallar Nazirliyi…
 
18.XI.2011
 
Evimdəki televizora
 
Ehtiyatlı olun, televizor!
 
Nə istəyirsən məndən?
 
Nə vermisən ala bilmirsən?
 
Əlli ildi kərkinirsən,
 
Havamı çala bilmirsən.
 
Ağzın açılanda yalan püskürür,
 
Yalanın tüstüsündən
 
tamaşaçılar xorla öskürür.
 
Yediyini gəvşəyinə gətirirsən –
 
Çoxusu gəlir ağzından.
 
Sarımsaq qoxusu gəlir
 
ağzından,
 
Yəqin səhər-səhər
 
xaş yemisən,
 
Bu günə qədər
 
nə qədər baş yemisən,
 
Ya da ki,
 
reklamların əmcəyini əmmisən…
 
Ayıqmısan, dəmmisən?!
 
Gözlərimə soxduğun
 
məlum maşın, məlum qatar,
 
məlum at da yalandı.
 
Hava haqqında verdiyin
 
məlumat da yalandı.
 
Adını televizor qoymusan,
 
palançı da ola bilmədin,
 
palançı oğlu palançı!
 
Gəzirsən kəndbəkənd,
 
şəhərbəşəhər,
 
Şirin çayla soğan yeyirsən
 
səhər-səhər,
 
Yalançı oğlu yalançı.
 
Mənim televizorum,
 
boş-boşuna, rabitəsiz,
 
Xoş əsldən,
 
bəd əsldən danışırsan,
 
Səhər-səhər uşaqlarla
 
çörək yediyimiz yerdə
 
babasildən danışırsan.
 
Mənim televzorum,
 
çoxdan qurtarıb
 
sözün – yanacağın,
 
Bu da sənin qanacağın…
 
Görəsən, bu yalanlar,
 
nə vaxt toxtayar, bitər?
 
Sənin üzün sırtılıb,
 
mənimki səndən betər.
 
Mən sənə baxa-baxa,
 
dörd bir yana dağıldım.
 
Xiffətim dördbucaq oldu.
 
Mən sənə baxa-baxa
 
sifətim dördbucaq oldu.
 
İnsan cildindən çıxdım,
 
Sənə baxa-baxa
 
tifağımı dağıtdım,
 
evimi yıxdım.
 
Nə qədər xəşil kimi
 
qaynamaq olar?
 
Nə qədər çalıb-oynamaq olar?
 
Nə qədər hər şeyi
 
tərsinə görmək olar?
 
Nə qədər millətin başına
 
corab hörmək olar?
 
Mənim televizorum
 
elə bil, ölkədə yox,
 
kiçik xaşxana kimi,
 
küçədə, tində işləyir.
 
Mənim televizorum
 
yaman dərdə düşübdü -
 
Reytinqə işləyir.
 
Mənim televizorum
 
xalqın nəyi vardısa,
 
yedi, qusdu… -
 
Bir də tıxdı.
 
Məgər sənin reytinqin
 
Azərbaycan xalqının
 
reytinqindən artıqdı?!
 
Dəli eləmisən məni,
 
Hər cür dəliliyə hazıram.
 
Dördbucaq gözün aydın olsun,
 
bu şeirimi dəlixanadan yazıram.
 
Rədd edirəm
 
haqsızlığı, zoru,
 
Adamların gur səsiylə!
 
Cənab müstəntiq,
 
başıma bir iş gəlsə,
 
Həbs eləyin
 
evimdəki televizoru,
 
qəsdən adam öldürmə
 
maddəsiylə…
 
5.XII.2011

Bənzər xəbərlər

Gündəm