GündəmNov 13

"Ən mürəkkəb vəziyyətdə Azərbaycan qaldı, Ermənistan isə..."

ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalardan sonra Cənubi Qafqaz respublikaları arasınd ən mürəkkəb vəziyyətdə Azərbaycan qalıb. Virtualaz.org xəbər verir ki, belə qənaətlə “EurasiaNet” portalı çıxış edir.

Məqalədə deyilir ki, Vaşinqton İrandan neft ixracının tamamilə dayandırılmasına nail olmağa çalışır. Lakin bu, Cənubi Qafqaz respublikalarının heç birinə birbaşa təsir göstərməyəcək, çünki onlar İrandan neft idxal etmir. “Əvəzində hər üç ölkə bu və ya başqa dərəcədə İran qazının təchizatından asılıdır, ona görə də baş verənlər bu ölkələrə də təsir edəcək. Ən azından sanksiyaların dəqiq miqyası aydınlaşana qədər hökm sürəcək qeyri-müəyyənliyə görə”-məqalədə deyilir.

Xatırladılır ki, ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton bu yaxınlarda region ölkələrində səfərdə olub və İranın təcrid edilməsi məsələsində onların dəstəyini qazanmağa çalışıb. Amma Boltonun səfərinin nəticələri birmənalı olmayıb. Hərçənd Vaşinqtonun noyabrın 5-də qüvvəyə minən və o cümlədən İrandan neft-qaz idxalına qadağa qoyan sanksiyalarından 8 ölkə, habelə Türkiyə qismən kənarda saxlanılıb. Amma Qafqaz ölkələrinin heç biri bu siyahıya daxil edilməyib.

“Ən mürəkkəb vəziyyətdə həm xam neft, həm qaz ixrac edən, habelə vaxtaşırı olaraq İrandan qaz idxal edən Azərbaycan qalıb. Azərbaycanın İranla quru və dəniz sərhədləri var, habelə Xəzər dənizində bir neçə neft-qaz yataqlarının birgə işlənilməsinə dair bu ilin martında İranla müqavilə bağlayıb. İndi bu yataqların işlənməsi ehtimalı azdır, amma digər birgə layihələr o səviyyədə inkişaf edib ki, onları hətta Vaşinqton dayandıra bilməz”-sayt yazır.

Belə ki, Azərbaycanın “Şahdəniz” yatağı BP-nin rəhbərlik etdiyi konsorsium tərəfindən işlənir. Amma İranın milli neft şirkəti NİOC konsorsiumda 10 faizlik paya malikdir. Hazırda “Şahdəniz” Avropanın Rusiya qazından asılılığını azaltmağa hesablanmış Cənub Qaz Dəhlizi üçün yeganə qaz mənbəyidir. Hələ avqust ayında Vaşinqton aydın şəkildə bildirib ki, “Şahdəniz” və Cənub Qaz Dəhlizi İrana qarşı sanksiyalardan azaddır. Ona görə də indiki sanksiyalardan nə SOCAR, nə NİOC, nə də BP zərər çəkməyəcək.

Bundan əlavə sayt qeyd edir ki, Azərbaycan İrandan neft ixracının dayanması nəticəsində dünyada neftin bahalaşması sayəsində sanksiyalardan dolayısı ilə qazana bilər. Habelə neft qiymətlərinə bağlı olduğu üçün qaz da bahalaşar və nəticədə Azərbaycanın mənfəəti artar.

“Azərbaycan tamamilə mümkündür ki, Amerikanın İrana qarşı sanksiyalarından dolayısı ilə bəzi mənfəət də əldə edə bilər. Çünki o, Fars körfəzində gərginliyin artmasının nəticəsi olaraq bahalaşan neftdən udur”-Atlantik Şurasının elmi əməkdaşı və Xəzər enerji məsələləri üzrə mütəxəssis Con Roberts “EurasiaNet.org”-a bildirib.

Roberts əlavə edib ki, Azərbaycanın vəziyyətini İran təbii qazının idxalçısı olması mürəkkəbləşdirir. Çünki ölkə İrandan daxili tələbat üçün müəyyən qədər qaz idxal edir. Habelə İran qazı Türkmənistan üzərindən tranzit keçməklə Azərbaycana daxil olur.

Ancaq SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov Eurasianet.org-a bildirib ki, hazırda şirkət İrandan qaz idxal etmir, çünki özü qaz hasilatını artırıb.  Onun sözlərinə görə, hazırda SOCAR-ın yeraltı anbarlarında 3 milyard kubmetr qaz var və ilin sonuna qədər Rusiyadan əlavə qaz təchizatı olacaq. Ona görə də Gürcüstanın qazla təchizatında problem yaranmayacaq.

Amma sayt İran və Ermənistan arasında sıxılmış Naxçıvanın vəziyyətinə diqqəti cəlb edir. 2010-cu ildə Ankara ilə imzalanmış razılaşmaya əsasən Türkiyədən Naxçıvana qaz kəməri çəkilməliydi. Lakin həmin kəmər hələ çəkilməyib və anklav vəziyyətdə olan Naxçıvan hələ də İrandan svap qaz təchizatından asılıdır. Amma bu vəziyyət hökmən Bakının İrana qarşı sanksiyaları pozmasına gətirib çıxarmır. İbrahim Əhmədov təsdiq edib ki, SOCAR yaxın vaxtlarda İranla pul ödənməsini nəzərdə tutan hansısa tranzaksiya həyata keçirməyi planlaşdırmır.

Gürcüstana gəldikdə isə bu ölkənin Qara dənizə çıxışı olduğu üçün İranın neft məhsullarını idxal etməyə ehtiyacı yoxdur. Deməli Amerika sanksiyalarının Gürcüstana az dəxli olacaq.

Ancaq Ermənistan haqda bunu demək çətindir. Bu ölkənin dənizə çıxışı yoxdur və regionda siyasi təcrid vəziyyətindədir. Ermənistan enerji daşıyıcılarına tələbatını idxal hesabına ödəyir. Əsasən Rusiyadan qaz alsa da 2017-ci ildə İrandan 400 milyon kubmetr qaz idxal edib, tərəflər arasında İran qazının Ermənistana nəqlinin artırılması barədə razılaşma imzalanıb. İndi isə bu razılaşmanın, habelə İran qazının Ermənistana nəqlinin taleyi sual altındadır.“Ermənistanın vəziyyətini mürəkkəbləşdirən həm də budur ki, ölkənin qaz paylayıcı şəbəkəsi “Qazprom”a məxsusdur. Ona görə də Ermənistan İrandan qaz idxalını dayandırsa Rusiyadan daha çox asılı vəziyyətə düşəcək”-məqalədə vurğulanır.

Virtualaz.org

Bənzər xəbərlər

Gündəm