GündəmNov 02

Qarabağı erməniyə MƏZAR EDƏN TÜRK - Avedisyanın qarşısında təklənəcəkmi?

Niderlanddakı ən böyük Azərbaycan diaspora təşkilatı olan Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkın "Qarabağ erməniyə məzar olacaq" şüarı səsləndirdiyinə görə erməni diasporası tərəfindən məhkəməyə verilib. Noyabrın 14-də onun növbəti məhkəməsi olacaq.
 
Türkiyədə hakim partiyanın (AKP) üzvü, beynəlxalq əlaqələr üzrə ekspert Samir İsgəndəroğlu bir neçə gün öncə Publika.az-a müsahibəsində İlhan Aşkının yetərincə dəstək görmədiyini deyib:
 
“Noyabrın 14-də Hollandiyada İlhan Aşkının son məhkəməsidir. O, ömrünü Azərbaycanın haqq işi uğrunda mübarizə aparmağa həsr edib. Onu “erməni soyqırımı olmayıb” dediyi üçün məhkəməyə veriblər. Bir dostum danışır ki, ermənilər Hollandiyada Azərbaycan səfirliyinin qarşısında aksiya keçirməyə hazırlaşır. Bundan xəbər tutan İlhan Aşkın iki saat ərzində 100-dən çox adam toplayıb Ermənistan səfirliyinin qarşısına gedir. Onların aksiyası icazəsiz idi. Hollandiya hökuməti də məcbur olaraq, ermənilərin icazəli aksiyasını ləğv edir".
 
Qeyd edək ki, İlhan Aşkın 1965-ci ildə İğdırda anadan olsa da, ailəsi əslən Qərbi Azərbaycanlıdır. Onun mənəvi və maddi dəstəyi nəticəsində, Lahey şəhərində Xocalı soyqırımına aid abidə qoyulmasına nail olunub. Abidənin açılmasında Avropada bəzi vətənpərvər soydaşlarımızın maddi dəstəyi olub.
 
2014-cü ildə, Hollandiyanın Almelo şəhərində təşkil edilmiş minitnqdə çıxışı zamanı İlhan Aşkın, "Qarabağ erməniyə məzar olacaq" şüarı səsləndirdiyinə görə erməni diasporası tərəfindən məhkəməyə verildi. 2017-ci ildə martın 3-də keçirilən məhhkəmədə dövlət ittihamçısının İlhan Aşkının 80 saat ictimai iş cəzası və 2 il müddətində bu hadisə təkrarlanarsa 2 həftə həbs cəzasına məhkum edilməsini istəsə də, 17 martda keçirilən məhkəmədə cəzalar iki qatına çıxarıldı. İlhan Aşkın 120 saat ictimai iş cəzası aldı, bu hadisəni təkrarlayacağı halda isə 4 həftəlik həbs edilə bilər. Qeyd edək ki, Almelo şəhərinin daxil olduğu Overeysel vilayət məhkəməsinin sədri milliyyətcə erməni olan Takvor Avedisyandır.
 
İlhan Aşkın, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə, 2016-cı ilin iyun ayında Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb.
 
Azərbaycanın haqq səsini müdafiə edən şəxsin müdafiəsi üçün hansı addımlar atılmalıdır? Hansı işlər görülməlidir ki, sabah İlhan Aşkınların sayı daha da çox olsun?
 
 
Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyindən Publika.az-ın sorğusuna verilən cavabda ona lazımi dəstəyin göstərildiyi bildirilib:
 
“İlhan Askın diaspor nümayəndəsi kimi Azerbaycan həqiqətlərinin Niderland ictimayyyətinə çatdırılmasında, habelə ölkəmizlə bağlı müxtəlif səviyyəli tədbirlərdə fəal iştirak edir. Sefirlik olaraq, Mmhkəmə prosesindən irəli gələn bütün məsələlərdə İlhan Aşkının müdafiəsi üçün lazımi zəruru addımlar atılıb”.
 
Millət vəkili Fazil Mustafa hesab edir ki, bu cür fədakarlıq göstərən şəxslərin müdafiəsini cəmiyyət qarşısında tələb kimi irəli sürmək doğru deyil
 
“Fərdi qaydada kimsə problemi sındırmaq, qeyri-insani vəziyyətin ortadan qaldırılması üçün fədakarlıq edirsə, ona hər hansı qaydada köməklik göstərilməsinə ümid etməməlidir. Bu qəhrəmanlığı alqışlayırıq, yüksək qiymətləndiririk. Bu hallara ictimai dəstək verilməlidir. Lakin nə diaspora komitəsinin, nə də dövlətin digər ölkənin qanunlarına müdaxilə etmək səlahiyyəti yoxdur. Bu qəhrəmanlığı altına girən şəxs hər hansı cəzasını gözə almadan problemi ictimailəşdirməlidir. Bu cür mübarizə üsulu seçənlərin umacaq tərəflərinə diqqət etmək doğru olmaz. Hər birimiz gücümüz çatdığımız qədər həmin şəxslərə dəstək olmalıyıq, lakin bunu xüsusi məsələyə çevirmək doğru deyil. Bu məsələdə cəfa çəkməyə qatlaşmaq lazımdır. Bir insan bilərəkdən hər hansı dövlətin qanunu pozursa, o, özü müdafiəsini təmin etməlidir. Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçək “Erməni soyqırımı”nı tanımadığına görə İsveçrədə təzminat cəzasına məhkum edilmişdi. O, özü məhkəmə qarşısında durdu, sonda da bəraət aldı. Bəlkə də, ona da umacağı dəstək olmadı. Lakin ruhdan düşməyə ehtiyac yoxdur. Fərdi qəhrəmanlıq edənlər heç kimdən dəstək görmədən planlarını həyata keçirməlidir. Bizim də vicdan borcumuz olaraq onlara dəstək olmalıyıq. Lakin toplumun qarşısında buna dəstək məsələsini qaldırmaq və ya dəstək olmamağı irad kimi qəbul etmək doğru deyil. Gücü çatanlar bu istiqamətdə dəstək verəcək, verməlidir də. Fikrimcə, bu məsələyə bu konteksdən baxılmalıdır. Bu işdə öncüllük edən şəxslər cəmiyyətin diqqətli və ya laqeyd olmasına əhəmiyyət vermədən öz işlərini görməlidirlər. Mübarizəni davam etdirmək lazımdır”.
 
Millət vəkili bildirib ki, problemi müzakirəyə qaldırmaq istəyiriksə, kimsə cəfa çəkməlidir:
 
“Erməni diasporunu güclü olduğunu deyirik. Onlar bəzən 5-10 il bir platform üzərində işləyir və bir çox hallarda nəticə uğursuz ola bilir. Lakin illər sonra hər hansı yalanlarını qəbul etdirə bilirlər”.
 
Məsələ ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsi ilə dəfələrlə əlaqə saxlayıb, mövqelərini öyrənməyə çalışdıq. Lakin suallarımıza cavab ala bilmədik.

Bənzər xəbərlər

Gündəm