TənqidJul 02

İnam Kərimov fermerlərə ƏL UZADACAQMI? - Kəndlilərimiz Rusiyanın girovuna çevrilib...

Bu ilin yanvar-may aylarında Azərbaycan 87 milyon ABŞ dolları dəyərində tomat (pomidor) ixrac edib. Bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın iyun sayında bildirilir. Sənədə əsasən,bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,3 faiz azdır. Təkcə bu ilin may ayında isə Azərbaycan 44,7 milyon dollarlıq tomat (pomidor) ixrac edib ki, bu da illik müqayisədə 10,1 faiz azdır.

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının bəzi növlərinin, yəni ixracatın azalması müşahidə olunur.

Ekspert qeyd edib ki, ən ciddi azalma əsasən pomidor sahəsində nəzərə çarpır:

"Keçən ilə nisbətən doğrudan da pomidor sahəsində nəzərəçarpacaq azalma müşahidə olunur. Yəni təqribən üçdə bir azalma var. Bunun da əsas səbəbi Rusiya bazarı ilə bağlıdır.

Azərbaycan pomidor istehsalçıları təəssüf ki, uzun onilliklərdir, hətta sovet dönəmindən bəri əsasən Rusiya bazarını hədəf götürüblər, yəni o bazara fokuslanıblar.

Rusiya bazarında isə zaman-zaman Rusiyada qaynaqlanan problemlər yaşanır. Həmçinin sərhədlər bağlı oldu, pomidor ixracatına bir sıra qadağalar qoyuldu. Bilirsiniz ki, bu qadağalar bir neçə ay qüvvədə qaldı və bu da nəticədə pomidor ixracatına ciddi şəkildə mənfi təsir göstərdi, o cümlədən də fermerlərə çox ciddi ziyan vurdu".

Ekspert qeyd edib ki, pomidor istehsalı bir çox bölgələrimizdə fermerlərin əsas qazanc mənbəyidir:

"Bu il satışların kəskin azalması, həm qiymətin ucuzlaşması fermerlərə kifayət qədər mənfi təsir göstərib. Habelə, daxili bazarda ucuzlaşma oldu. Nəzərə almaq lazımdır ki, bu fermerlərə çox böyük ziyan vurduğuna görə, onlar gələn il əldə sərbəst vəsaitin olmadığına görə daha az kənd təsərrüfatı məhsulları əkib becərəcəklər. Bu da ki, növbəti illərdə daha kütləvi və kəskin bahalaşmaya səbəb ola bilər. Yəni fermerlər üçün də kifayət qədər komfortlu qiymət koridorları olmalıdır.

Amma ixracatın azalmasının əsas səbəbi dediyim kimi, Rusiya bazarında yaradılan süni maneələrdir. Bunun qarşısını almaq üçün Azərbaycan öz ixracat bazarlarını çoxşaxəli modelə çevirməyi bacarmalıdır. Yəni tək Rusiya bazarından asılılıq kifayət qədər böyük problemlər yaradır".

Bənzər xəbərlər

Gündəm