TənqidJul 01

“Məni heç kim direktor vəzifəmdən çıxarda bilməz” - Lerikdə ÖZBAŞINALIQ

Son günlərdə Lerik rayon Murya kənd Tam Orta Məktəbin direktoru Əhməd Əhmədov barədə sosial şəbəkələrdə yayılan məlumatlar heç də ürəkaçan deyil. Təkidlə qeyd edilən fikirlər arasında ən diqqət çəkəni odur ki, bir çox mənbə Əhməd Əhmədovun güvəndiyi böyük bir “dağ” olduğunu deyir. Elə bir dağ ki, cənab direktor həm korrupsiya ilə, həm də neqativ tərkibli əməllərlə tam arxayın məşğul olur və əməllərinin məsuliyyəti barədə fikirləşməyə ehtiyac duymur.

KAİM.az olaraq, iddialara nəzər saldıqda görürük ki, direktorun hansısa yüksək rütbəli məmur tərəfindən səlahiyyətli orqanlara tapşırılması demək olar ki, bir çox sakinə və vəzifəli şəxslərə məlumdur. Naməlum olan hissə isə Lerik rayon Murya kənd tam orta məktəbin şagirdlərinin gələcəyidir. Etinasız şəkildə yanaşılan, savadsız, biliksiz, gözübağlı şəkildə böyüdülən bu qədər şagirdin gələcəkdə dövlətdən narazı vətəndaşlara çevrilməyəcəyinə həmin vəzifəli şəxslər cavabdeh dururlarmı? Yoxsa, onların tək dərdi daha çox kirli kapitalın əldə edilməsidir?

Müasir standartlara cavab verən yeni məktəblərin açılması, təhsil keyfiyyətinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən islahatlar, dərsliklərin mükəmməlləşdirilməsi, digər məktəblərin lazım gəldikdə tam təmir edilməsi və s. kimi dövlət tərəfindən atılan addımlar bəzi korrupsioner məmurların apardığı yöndəmsiz fəaliyyəti ucbatından kölgədə qalır. Hətta, gözə görünmür. Hökumətin səmərəli tapşırıqlarının yerinə yetirilməməsi həm indi, həm də gələcəkdə dövlətdən narazı vətəndaşların üzə çıxması üçün düşünülmüş addımdır. Birbaşa, hökumətə zərbədir. Həmçinin, xalqın rifahı üçün yaradılmış ən böyük maneədir. Bu hallara, xüsusilə təhsil sistemində rast gəlmək isə, sadəcə ürək ağrıdır.

Cənab Direktora qarşı yönləndirilmiş ağır ittihamlardan ən əsası ali təhsil diplomunun saxta olmasıdır. Düzgün qiymətləndirilmə aparılmaması, məşhur “dayday”lıq tezisi ilə vəzifəyə layiq görülməsi, iş fəaliyyətinin saxtakarlıqla həyata keçirilməsi nəticəsində yaranan “mənzərə”yə görə Murya kənd sakinlərinin keçirdiyi dərin narahatlıq hissi hər halda, nəzərə alınmalıdır.

“Məni heç kim direktor vəzifəmdən çıxarda bilməz”

Cənab direktor Əhməd Əhmədovun dilində “tük bitirən” bu cümlə isə çox vacib məqamlara eyham vurur.

Belə ki, Əhmədovun sərxoş olarkən etdiyi etiraflar, spirtli içkinin verdiyi dürüstlük hissi ilə söylədiyi tükürpədən sözlər artıq bir çox Murya kənd sakininə bəllidir. Hər ay Lerik rayon Təhsil Şöbəsinin müdiri Salayev Zöhrab bəyə 300 AZN ödədiyini deyən direktor, digər direktorların da 200 AZN ödədiyini bildirib. Özünün 100 AZN daha çox ödəməsini isə Zöhrab bəyə olan səmimi hissləri və dərin hörməti ilə əlaqələndirib. Əhməd Əhmədov dövlətə 70 min AZN borcu olduğunu, lakin bəzi “yüksək keyfiyyətlər”inə görə bu borca Təhsil Şöbəsi və digər məsul qurumlar tərəfindən “göz yumulduğunu” da etiraf edib. Korrupsiya tərkibli əməllərin verdiyi bəhrə ilə Binə-Sovxoz ərazisində yerləşən “Cənub Market” və “Məhəllə Market” adlı ticarət obyektlərinə külli miqdarda vəsait qoymağıda bacarmış Əhməd Əhmədov Vişnovka qəsəbəsində də görkəmli evlərə sahib olub.

Lerik rayon Təhsil Şöbəsinin müdiri Zöhrab Salayevin idarəçiliyində olan bəlkə də, yüzə yaxın məktəbdən sadəcə birində baş verən hadisələr belə onu deməyə imkan verir ki, cənab müdirin iş fəaliyyətində qanundankənar rejimin fəsadları özünü göstərir. Biz iddia etmirik ki, Zöhrab Salayev birbaşa bu işin içindədir. Ola bilsin ki, xəbəri yoxdur. Ən azından, belə ümid edirik. Düşünürük ki, bu yazımızdan sonra cənab müdir bəzi neqativ hallardan xəbərdar olar və lazımi tədbirlərin görülməsini təşkil edər.

P.S Məqalə “Facebook” sosial şəbəkəsində yayılan məlumatlara əsasən dərc edilmişdir. 
//KAİM.az//

Dia.az olaraq qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Bənzər xəbərlər

Gündəm